DÖVLƏT BORCUMUZU “BÖYÜTMƏKDƏ" MƏQSƏD NƏDİR? - Yaxud “Moody's”un hesabatını təhrif etmək kimə və nəyə lazımdır?


“Moody's İnvestors Service” (“Moody's”) reytinq agentliyi tərəfindən aprelin 6-da dərc edilmiş hesabatda Azərbaycan iqtisadiyyatının vəziyyətinə dair bir sıra məqamlara, o cümlədən dövlət borcu ilə bağlı məsələlərə toxunulub. Sənəddə göstərilir ki, ölkəmizin 2020-ci ili sonuna dövlət borcunun ÜDM-ə nisbəti 23% faiz təşkil edib. Əvvəlki illə, yəni 2019-cu illə müqayisədə borc ÜDM-ə nisbətdə artıma məruz qalaraq 20%-dən 23%-ə yüksəlib.
Diqqət etdikdə, aydın şəkildə görə bilərik ki, “Moody's”un açıqladığı bu rəqəmlər Azərbaycan hökumətinin rəsmi statistikası ilə tam üst-üstə düşür və heç bir qeyri-dəqiqliyə yol verilməyib. Hökumət tərəfindən açıqlanan rəsmi məlumatlarda da qeyd edilir ki, 2020-ci ilin sonuna dövlət borcumuzun ÜDM-ə nisbəti son bir il ərzində 3 faiz artaraq 23,4 faizə bərabər olub ki, bunun da 20,7%-ni xarici, 2,7%-ni isə daxili borclar təşkil edir. 
Göründüyü kimi adıçəkilən beynəlxalq agentliyin dövlət borcu ilə bağlı əks etdirdiyi göstəricilər Azərbaycanın rəsmi məlumatlarına tamamilə uyğundur.
Dövlət borcunun ÜDM-də payının artmasının səbəblərinə gəldikdə isə aidiyyatı hökumət qurumu tərəfindən rəsmi şəkildə buna ötən müddətlərdə dəfələrlə aydınlıq gətirilib və bəyan edilib ki, dövlət borcunun ÜDM-ə nisbətdə artmasına ötən il baş vermiş iqtisadi daralma birbaşa təsir göstərib. 
Belə ki, ötən il dünyada tüğyan edən koronavirus pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirləri və ölkəmizin neft hasilatının həcminin azaldılması ilə bağlı OPEC+ razılaşmasına qoşulması nəticəsində 2019-cu il üzrə 81,6 milyon manat məbləğində ÜDM-in həcmi real ifadədə 4,3 faiz, nominal ifadədə isə 9,2 milyard manat azalaraq 2020-ci il üzrə 72,4 milyard manat təşkil edib. ÜDM-in fiziki həcmi azaldıqda təbii ki, borcun ÜDM-də riyazi əmsalı artır. Ona görə də, ÜDM-in nominal ifadədə azalması dövlət borcunun ÜDM-ə nisbətinin yüksəlməsinə səbəb olub.

Ancaq təəssüf ki, “Moody's Investors Service” ilə Azərbaycan hökumətinin borcla bağlı büsbütün eyni bir qənaətdə olduğu halda bəzi media orqanları bu rəqəmi bilərəkdən və ya bilməyərəkdən şişirdərək dövlət borcunun ÜDM-ə nisbətini 32.9 faiz kimi təqdim edirlər.
Dövlət borcu, borc anlayışı haqqında adi bilik və təsəvvürləri olmayan bu “mütəxəssislər” Azərbaycan dövlətinin borcu ilə müxtəlif kommersiya qurumlarının borclarını qarışdıraraq həqiqətə uyğun olmayan müqayisə və təhlil aparırlar. 
Onlar anlamırlar ki, ÜDM-dəki 32.9%-lik pay (external debt/GDP) göstəricisi ölkənin məcmu xarici borcunun göstəricisidir, yəni dövlətin (20.7%) və özəl sektorun (12,2%) xarici borclarının ümumi məcmusunun ÜDM-ə nisbətidirBelə olan təqdirdə - yəni Azərbaycan dövlətinin özəl sektorun borclarına hər hansı təminatın vermədiyini nəzərə alsaq, bunun dövlət borcu kimi təqdim etmək tamamilə yanlışdır və qeyri-peşəkar “araşdırma”nın nümunəsidir.
Son illərdə dövlət büdcəsində dövlət borcuna xidmətlə bağlı ayrılan vəsaitin həcmi, eləcə də 2017-ci illə müqayisədə 2018-ci Azərbaycanın xarici borcunun məbləğinin 6,9 milyard manatdan 9,3 milyarda, yəni 2,3 milyard dollar artmasının səbəbləri də dəfələrlə rəsmi ağızlardan ictimaiyyətə izah edilib. Belə ki, Azərbaycan Beynəlxalq Bankının restruktrizasiya ilə əlaqədar 2,3 milyard dollar bankın öhdəlikləri dövlətin xarici borc öhdəlikləri kimi qəbul edilib və 2018-ci ildə borcun bu qədər böyüməsi və bu borclara xidmət xərclərinin artması da bununla əlaqədardır. Lakin proqnozlaşdırılır ki, 2022 və sonrakı illərdə dövlət borcu və borclara xidmət xərclərinin büdcədəki payı azalmağa meyl göstərməlidir.
Müxtəsər olaraq, bəzi media orqanlarının Azərbaycanın dövlət borcu haqqında qeyri-peşəkarcasına və natamam müqayisə aparması, obyektivliyi şübhə altına alması onların açıq qərəzliliyini göstərir. Bu həm də,“Moody’s” kimi mötəbər təşkilatın hesabatındakı dürüst rəqəmlərə açıq müdaxilə etməklə məlumatları təhrif etmək, sənədin obyektivliyinə kölgə salmaq deməkdir. Həqiqəti saxtalalaşdırmaq və yalan yaymaq peşə etikasına ciddi xələl gətirməklə, ələxsus dövlətin iqtisadi mənafeyinə qarşı çıxmaqdır. Borc mövzusunu tədqiq edən hər bir media qurumu və ya mütəxəssis mövzuya olduqca məsuliyyətlə və ehtiyatlı yanaşmalı, peşəkar mütəxəssislərlə dəqiqləşdirmələr apardıqdan sonra fikir və mühakimə yürütməldir.

Onu da unutmamalıyıq ki, Azərbaycan dövlət borcunun ÜDM-də nisbətinə görə, dünyada ən dayanıqlı ölkələr qrupundadır. Hazırda strateji valyuta ehtiyatlarımız xarici borcumuzu 6 dəfə üstələyir. “Fitch”, “Moody’s” və “Standart and Poors” kimi nüfuzlu reytinq agentlikləri etiraf edir ki, Azərbaycanın fiskal göstəricilərinə, xüsusilə dövlət borcunun səviyyəsinə və dayanıqlığına görə ən güclü ölkələr sırasındadır. 
Yeri gəlmişkən, “Moody’s” aprelin 6-da dərc edilmiş hesabat sənədində Azərbaycanın xarici öhdəliklər üzrə kredit reytinqini “Ba2” səviyyəsində təsdiq edib, reytinq üzrə proqnozunu isə “Sabit”dən “Müsbət”ə dəyişdirib. Bu da öz növbəsində Azərbaycanın fundamental iqtisadi göstəricilərinin, COVID-19 pandemiyasının yaratdığı fövqəladə şəraitdə iqtisadi artımın qorunması istiqamətində atılan addımların, habelə işğaldan azad olunmuş ərazilərdə başlanan sürətli bərpa və quruculuq işlərinin və həmin ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası prosesi ilə bağlı hökumətin aydın və qətiyyətli mövqeyinin nüfuzlu reytinq agentlikləri tərəfindən dəstəklənməsidir.
Elbrus Cəfərli
Tarix: 10-05-2021, 13:35




Xəbər lenti