Sığorta yox, məmurlar işə qarışır, hava imkan vermir... - Böyük bahalaşma gəlir?


Son günlər hava şəraitinin qeyri-sabit keçməsi kənd təsərrüfatı məhsulları ilə bağlı narahatlıq yaradır .

Belə ki, mövsümə uyğun olmayan hava şəraitinin məhsula ziyan verdiyinin dəfələrlə şahidi olmuşuq. Cari ildə də may ayı olmasına baxmayaraq, hələ ki, soyuq hava şəraiti müşahidə edilir.

Bu gün istehlakçını düşündürən məqamlardan biri də odur ki, mövcud hava durumu kənd təsərrüfatı məhsullarına zərər verəcəkmi və belə olacağı təqdirdə bazarda qiymətlərə nə dərəcədə təsir edəcək?

Kənd təsərrüfatı üzrə ekspert Qadir Bayramov Cebhe.info-ya açıqlamasında bildirdi ki, kənd təsərrüfatına zərər verə biləcək müəyyən hava şəraiti olur və bu, illərlə təkrar olunan bir hadisədir:

“Bəzi illərdə daha erkən başlayır, xüsusilə də çiçəklənmə dövründə dolunun yağması ölkədə kənd təsərrüfatına müəyyən zərər verir. Lakin cari ildə qeyri-ekstremal hava şəraiti olmasa kənd təsərrüfatı məhsullarında önəmli bir fəsad olmayacaq. Bu il çiçəklənmə dövrü normal gedib və əksər rayonlarda dolu, hədsiz yağış müşahidə edilməyib. Əgər aprelin sonunadək ekstremal hava şəraiti olmayıbsa, bu gündən sonra fəsadları o qədər çox olmayacaq. Olsa da müəyyən ərazilərdə lokal xarakter daşıyacaq. Kənd təsərrüfatı ən çox iqlimdən asılı və zərər görən bir sahədir.

Onu da nəzərə alaq ki, Azərbaycanda aqrosığorta lazımi şəkildə tətbiq olunmur. Xüsusilə fermerlərin ən çox təbii fəlakətlərdən gördüyü zərərdir. Hələ də bizdə fermerlər məruz qaldığı zərərlərin konpensasiyasını əldə edə bilmirlər. Aqrosığorta olmadan kənd təsərrüfatının sabit inkişafı mümkün deyil”.

Ekspertin fikrincə, təbii şəraitin fermerlərə vurduğu zərər müəyyən yollarla konpensasiya edilməli və fermerlərin çətin vəziyyətə düşməməsi üçün dövlət tərəfindən sistemli tədbirlər görülməlidir:

“Bu, hələ ki, istənilən səviyyədə deyil. Həm fermerlərin ümumi birlikləri yoxdur, təşkilatlanmayıblar, həm pandemiya dövründə hər şey ona indekslənib, kənd təsərrüfatı arxa plana keçib. Ancaq ümidverici hadisələr də çoxdur. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafı məsələlərinə diqqət yetirilir. Bundan başqa, digər bölgələrimizdə istənilən səviyyədə olmasa da subsidiyalar və imtiyazlar təmin edilir. Müəyyən işlər görülsə də, effektivliyinin az olmasının səbəbi odur ki, tədbirlər şəffaf şəkildə həyata keçirilmir, buna diqqət etmək lazımdır”.

Ekspert deyir ki, ümumilikdə məhsulun bahalaşmasına təsir edən bir çox faktor var və bahalaşmanın səbəbi yalnız təbii şərait deyil:

“Bunun səbəbi müəyyən bürokratik əngəllər, fermerlərin bazarı tapa bilməməsi, Bakı, Gəncə, Sumqayıt kimi iri şəhərlərin bazarlarının girişində olan məhdudiyyətlərdir. Həmin bazarlarda yerlərin sayında müəyyən məhdudluq var və orada oturan bəzi insanlar var ki, hakim mövqedədirlər. Digər tərəfdən, məhsulun baha olmasının səbəbi alıcı ilə satıcı arasında vasitəçilərin olmasıdır. Çünki satıcı alıcıya birbaşa çıxa bilmir, o zaman da qiymətlər bahalaşır. Bundan başqa fermerlər maariflənməyiblər, bazar araşdırması, çıxış imkanları, kreditini necə daha effekli almaqla bağlı məsələlərdə məlumatları yetərli deyil. Bu istiqamətdə ayrıca kənd təsərrüfatı ilə bağlı televiziya kanalı olmalıdır, bir çox şou verilişlərinin yerinə əhali üçün əhəmiyyətli olan maarifləndirici proqramların salınması vacibdir. Həmçinin bölgələrdə sistemli treninqlərin keçirilməsinə, kənd təsərrüfatının elektronlaşmasına ehtiyac var. Bunlar hamısı görülərsə, müəyyən mərhələdə irəliləyiş əldə edəcəyik. Bütövlükdə kənd təsərrüfatına yanaşma tərzi dəyişməlidir. Bəzi məmurlar sui-istifadə edərək kənd təsərrüfatı sahəsinə zərər veriblər. Buna görə bəzi fermerlər öz işlərini səmərəli şəkildə qura bilmirlər. Bölgələrdə yerli idarə orqanları fermerlərin işlərinə qarışır. Bunların hamısını aradan qaldırmaq lazımdır. Fermerlərə həm müstəqillik vermək, həm də yerlərdəki fəaliyyətini öyrənmək lazımdır”.
Tarix: 10-05-2021, 23:54




Xəbər lenti