Ədalətsiz bölgünün çökdürdüyü İQTİSADİYYAT - Milyonlar ayrılan METRO, AZAL, MİLLİ AVİASİYA... - İqtisadçıdan ŞƏRH



“Ötən il pandemiya dövründə istifadə olunan vəsaitlərin böyük qismi AZAL, Bakı Metropoliteni və Milli Aviasiya Akademiyasına yönəldilib”.

Yenicag.az xəbər verir ki, bunu pandemiya dövründə büdcə vəsaitinin daha çox xərcləndiyi sahələri təhlil edən iqtisadçı Qubad İbadoğlu deyib.
İqtisadçı bildirib ki, mövcud durumda vətəndaşlar yeni iş yeri tapmaqdan deyil, çalışdıqları iş yerinin bağlanmasından əziyyət çəkirlər:
“Dünyada və ölkəmizdə pandemiya dövrü rəsmi olaraq davam etməkdədir. Bu dövr ərzində zərərə uğrayan sahibkarlara, mikroiqtisadi və makroiqtisadi sabitliyə, o cümlədən iş yerini itirən vətəndaşlara əlavə ödənişlər ödənilməyib. Çünki sosial müdafiə sistemi yarıtmaz haldadır. Ölkədə muzdla işləyən 250 min nəfərə əməkhaqqının ödənməsi üçün vəsait 245.9 milyon manat təşkil edib. Lakin AZAL-ın 2 min işçisi var və bu şirkətə 215.5 milyon manat verilib. Bu, olduqca ədalətsiz bölgüdür. Eyni zamanda pandemiya dövründə heç bir təhsil müəssisəsi birbaşa dəstək almadığı halda, Milli Aviasiya Akademiyasına 15 milyon manat vəsait ayrılıb.
Bununla yanaşı, artıq müharibənin bitməsindən 7 ay keçir. Müharibə əlilləri və qazilər hələ də pensiya təyinatını gözləyirlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin apardığı anti-sosial siyasətə görə dövlət büdcəsində 300 milyon manata yaxın qənaət yaranıb. Bu qənaət sosial müavinətə ehtiyacı olan insanlar üçün çətinliklər yaradıb. Problemin qarşısını almaq üçün müstəqil fəaliyyət göstərən Mərkəzi Bank, Maliyyə Nazirliyi və eyni zamanda vətəndaş cəmiyyətinin formalaşdırılmasına ehtiyac var”.
Tarix: 10-06-2021, 22:08




Xəbər lenti