Qaralovla Usubovun gestapo yuvası: “Tərtər işi” və “5-ci kolon”dan yazanları niyə hədələyirdilər?




Siyasi hakimiyyətin sifarişlərini təzim və biət edərək can-başla yerinə yetirmiş hüquq-mühafizə sisteminin keçmiş odioz fiqurları - Zakir Qaralov və Rüstəm Usubov tarixin zil qaranlığında yer almağa layiq “müasir” Jozef Fuşelərdir. 
Onların ən idbar işlərlə məşğul olması, külli saxta cinayət işlərinə qol çəkməsi, əsassız ittihamlarla günahsız adamları dörd divar arasına göndərməsi azı 20 illik Azərbaycan həqiqətləridir. 



“Müasir” Jozef Fuşelər və...

Bu xüsusda velosiped “kəşf etməyə”, uzağa getməyə lüzum yoxdur, elə Anaxeber.az-ın başına gətirilənlərin təfərrüatını xatırlamaq yetərlidir.
Məhkəmə qərarı olmadan, əsassız, əslində tənqidi materiallara görə bloklanmış anaxeber.az-ın fəaliyyəti indiyə qədər bərpa olunmayıb.  
O dönəmdə Baş Prokurorluq tənqidçi elektron medianın başı üzərində “Domokl qılıncı” rolu oynayırdı: saytları bloklamaq, baş redaktorlarını çağırıb təhdid etmək, sonra rəsmi xəbərdarlıq edərək özünü yığışdırmaq tələbi qoymaq Z.Qaralovla R.Usubovun xüsusi missiyası idi.
Bu təzyiq və hədələrlə uzun müddət üzləşmiş KİV rəhbərlərindən birincisi də bloklanmış anaxeber.az-ın, indi Anaxeber.info-nun baş yazarı Azər Talıbov olub. Hətta onun barəsində cinayət işi başlanmışdı.
A.Talıbov xatırlayır ki, onu dəfələrlə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə çağırmışdılar, sorğu-suala tutmuşdular. Baş redaktor yada salır ki, sonra müəmmalı şəkildə məsələ ört-basdır edildi, cinayət işinin gedişi barədə əlavə məlumat olmadı. 
O ərəfədə A.Talıbovu çağıraraq kabinetində bağıran R.Usubov, “Sənin ailə-uşağın yoxdurmu” deyə hədə-qorxu gəlirdi. 
Yəni, “belə şir ürəyi yemisən ki, ordu daxilindəki neqativ hallardan, “Tərtər işi”ndən yazırsan, həbsdən qorxmursan?!” demək istəyirdi. 

Usubovun “dirijor çubuğu” 


Öz otağını gestapo yuvasına çevirən, “dirijor çubuğu” ilə istədiyi sayt rəhbərini yanına gətirən keçmiş baş prokuror müavini nə üçün bu hadisələrin, ordu daxilində “5-ci kolon”un, satqınların, “Tərtər işi” ilə bağlı həqiqətlərin yazılmamasında maraqlı idi? 
Artıq o hadisələrdən ötüb, məhkəmə qərarları da var, mühakimə olunanlar, ölənlər də cəmiyyətə açıqlanıb, bu cinayətlərin başında keçmiş baş qərargah rəisi Nəcməddin Sadıkovla bacısı oğlu Ramil Əsgərovun dayandığı haqda siyasətçilər, ekspertlər açıq şəkildə danışmağa başlayıblar, di gəl ki o dönəmdə Qaralov-Usubov tandemi hərbə-zorba leksikonunda medianın ağzımı yummağa çalışırdılar.
Əlbəttə, bu yolla nə A.Talıbovu, nə azalmaqda olan müstəqil mətbuatı tam susdura bilmədilər. Baxmayaraq ki, Baş Prokurorluğun az qala hər iki həftədən bir baş redaktoru çağırıb dindirməsi, xəbərdarlıqları qeyri-qanuni idi. 
Prokurorluğun “boz kordinal”ı və “dövlət sirri”

Bu yaxın keçmişə ekskursiyanı bu gün üçün aktual edən həm də Baş Prokurorluğun keçmiş rəhbərliyinin əməlləri barəsində təftiş aparılması zərurətidir. Bu hədə-hədyanlardan hasil olan nəticə budur ki, Qaralov-Usubov cütlüyü Nəcməddin Sadıkov və adamlarına qahmar çıxırmış.
İndisə həmin hadisələrin üstü açılıb, o dövrdə A.Talıbovun istintaq orqanlarına get-gəli də mübhəm şəkildə qapadılıb, amma prokurorluğun “boz kordinal”ı olmuş R.Usubovla bağlı heç bir incələmə yoxdur. 
A.Talıbova edilən rəsmi xəbərdarlıqda deyilirdi ki, Azərbaycan Respublikası Baş Prokurorluğunda aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, “Anaxeber.az” internet portalında müxtəlif vaxtlarda dərc olunmuş məqalələrdə dövlət sirri haqqında, eləcə də cinayət və cinayət-prosessual qanunvericiliyin müddəaları pozulmaqla həqiqətə uyğun olmayan, dəqiqləşdirilməmiş və dövlət orqanlarının rəsmi məlumatlarına əsaslanmayan dövlət sirri təşkil edən, yəni dövlətin hərbi, xarici-siyasi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı olub dövlət tərəfindən mühafizə edilən və yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura biləcək məlumatlar ictimailəşdirilmişdir. 
Maraqlıdır, bir xəbər saytında dövlət sirri təşkil edən hansı məlumatlar ola bilər? Bir xəbər portalı hansı resurslara malikdir ki, dövlətin hərbi sirlərini yaya bilsin? Əlbəttə, absurd idi. Sadəcə, ordudakı neqativləri yazmayanlardan fərqli olaraq, anaxeber.az yazırdı, reallıqları təqdim edirdi. Həmin faktları isə indi bütün KİV yazır. 
Hüquqşünaslara görə, Usubov qanunun göstərişlərindən çox siyasi sifarişləri icra edib. Onun 15, Qaralovun 20 illik rəhbərliyi dövründə prokurorluq məhkəmə hakimiyyətinin bir qolu olmaqdan çıxıb icra hakimiyyətinin bir əlavəsinə çevrilmişdi. 
Yəni, icra hakimiyyəti hansı sifarişi verirdisə, o cür də cinayət işlərinin istintaqı aparılırdı və bu istintaqlar ya sifariş, ya da adekvat, proporsional olmayan şəkildə bir çox hallarda ittiham hökmlərinin çıxarılması ilə nəticələnirdi. 
Amma gerçəklik dəyişmədi, “Tərtər işi” və digər cinayət hadisələri haqda yazılanlar yekunda öz təsdiqini tapdı. Elədirsə, niyə saytları və baş redaktorlarını sıxma-boğma edir, qorxudurdular...

Anaxeber.info
Turan
Tarix: 7-04-2021, 10:29




Xəbər lenti