MOSKVA BAKINI HARA ÇƏKMƏK İSTƏYİR? – “Rusiyanın hərbi texnikası artıq bizə lazım deyil”



Son illərə qədər xarici siyasətdə balansı maksimum qorumağa çalışan Azərbaycan Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə birmənalı şəkildə strateji seçimini ortaya qoyub. Rəsmi Bakı qardaş Türkiyə ilə strateji müttəfiqlik əlaqələrini ən yüksək səviyyəyə çatdırmaq kursu götürüb.
Belə ki, Türkiyə ilə hərbi-siyasi əlaqələr daha da dərinləşdirilir. Xüsusən müdafiə və təhlükəszilik sahəsində olduqca sıx əlaqələri qurulur. Prezident İlham Əliyev bəyan edib ki, Azərbaycan ordusunda aparılan islahatların əsas hədəfi qardaş Türkiyə Silahlı Qüvvələrinun modelinə keçiddir. Bu işdə türk hərbi mütəxəssislərinin köməyindən istifadə olunur. Eyni zamanda ordunun texnik təhcizatında qardaş ölkənin hərbi sənaye kompleksinin məhsullarına üstünlük verilir.
Bununla paralel siyasi, iqtisadi, humanitar əlaqələr də dərinləşdirilir, bütün sahələrdə birgə fəaliyyət mexanizmlər yaradılır.
Əlbəttə, bu tendensiya Rusiya hərbi-siyasi elitasının diqqətindən qaçmır və təbii ki, Moskvanı narahat edir. Rusiya Azərbaycanın Türkiyə ilə dərinləşən əlaqələrini özünün regiondakı imperiya maraqlarına təhlükə görür. Kreml həm əlindəki mümkün təzyiq vasitələrini işə salmaqla, həm də Azərbaycandakı şəbəkəsindən istifadə etməklə rəsmi Bakını Türkiyə ilə daha dərin əlaqələr qurmaqdan çəkindirməyə çalışır.
Hətta Rusiya siyasi dairələrində Azərbaycanın Moskvanın nüfuz dairəsində olan Avrasiya İttifaqına və Kollektiv Təhlükəszilik Müqaviləsi Təşkilatına qoşulması ideyasını gündəmə gtirənlər də var. Bəs bu nə dərəcədə realdır?

Politoloq Elxan Şahinoğlu bildirir ki, Rusiya müharibədən əvvəl və müharibə zamanı Ermənistanı istənilən qədər silahla təhciz etdi və bu proses indi də davam edir.
Ekspert Rusiyanın bugünə qədər Azərbaycan ərazisinə atılan “İsgəndər – M” raketlərinə aydınlıq gətirməməsinə də diqqət çəkir: "Bunun qarşılığında Azərbaycanın Türkiyə ilə hərbi ittifaqı güclənib və bu ittifaq getdikcə güclənəcək. Bunlar varkən Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyü mümkün deyil. İki il öncə “Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyü mümkündür” fikrini səsləndirən millət vəkillərindən biri ilə qiyabi polemikamız oldu. O fikrini belə əsaslandırırdı ki, Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olsa Rusiyadan daha münasib qiymətə hərbi texnika alacaq. Həqiqətən Azərbaycan bir neçə il ərzində Rusiyadan hərbi texnika alıb, ancaq sonra bu sahədə əsas tərəfdaşlarımız Türkiyə, İsrail və Belarus oldu".
Politoloq qeyd edir ki, Azərbaycan ötən il Rusiyadan hərbi texnika almayıb: "Bu bizə artıq lazım deyil. Rusiyanın hərbi texnikasıyla Hərbi Qənimətlər Parkında tanış olmaq mümkündür. Ona görə “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olaq və Rusiyadan ucuz qiymətə hərbi texnika alaq” bəhanəsi artıq işləmir".
Avrasiya İqtisadi Birliyinə gəldikdə, E. Şahinoğlu vurğulayır ki, bu quruma üzv olan ölkələr belə təşkilatdan narazıdırlar: "Türkiyə və Azərbaycan Türk Şurasını gücləndirməyə qərar veriblər. Avrasiya İqtisadi Birliyinin üzvü olan Qazaxıstan və Özbəkistan da bunda maraqlıdırlar. Ancaq əgər Zəngəzur dəhlizi işə düşərsə və bununla regional layihələrin reallaşması sürətlənərsə Avrasiya İqtisadi Birliyinə maraq arta bilər. Bu məsələdə Bakı ilə Ankaranın koordinasiyası vacibdir".
Tarix: 16-04-2021, 19:23




Xəbər lenti