Ədalətsiz hakimlərin ikibaşlı şərtləri keçmişdə qaldı: İndi Azərbaycanın öz şərtləri var...


Ədalətsiz hakimlərin ikibaşlı şərtləri keçmişdə qaldı: İndi Azərbaycanın öz şərtləri var...
29 il əvvəl Qarabağ konfliktinin həll olunması məqsədilə danışıqlar aparmaq üçün yaranmış ATƏT-in Minsk Qrupu bu illər ərzində konfliktin həllinə nail ola bilmədi. Ümumiyyətlə, Qarabağ konfliktində hakim rolunda çıxış edəcək ABŞ, Rusiya, Fransa üçlüyünün ədalətli mövqe tutmayacağı yarandığı gündən proqnozlaşdırılırdı. Erməni diasporasının dünyada məhz bu üç ölkədə həm sayca çoxluğu, həm də bu ölkələrin siyasətinə təsir imkanlarına malik olması belə bir proqnozun reallığına şübhə yaratmırdı və belə də oldu. Azərbaycanın 2020-ci ilin payızında 44 günlük İkinci Qarabağ müharibəsindəki qələbəsi 29 illik diplomatiyanın uğursuz (öz aləmlərində uğurlu) fəaliyyətini dünyaya göstərdi və gücün hüququnun hüququn gücündən üstün olduğunu ilk növbədə bu Qrupa sübut etdi.
 
Azərbaycan keçmiş Dağlıq Qarabağ ətrafındakı 7 rayonu və Şuşa şəhəri ilə Xocavənd rayonunun inzibati ərazisinə aid olan Hadrut qəsəbəsini və başqa kəndlərini azad etsə də konflikt sona çatmadı. Rusiya sülhməramlılarının keçmiş Dağlıq Qarabağın qalan hissəsinə yerləşdirilməsi nəticəsində bu ərazilər hələ də separatçı rejimin nəzarətindədir. İndiki vəziyyətdə tərəflərin mövqeləri bəllidir - Azərbaycan tələb edir ki, heç bir status olmadan bu ərazilər və burada yaşayan erməni əhali ölkə tərkibinə daxil olmalıdır. Ermənistanda isə Dağlıq Qarabağın müstəqilliyini istəyirlər. Yəni, reallıq budur ki, Qarabağ konflikti bitməyib. 
 
Elə buna görə də Minsk Qrupu yenidən zühur edib. ABŞ dövlət katibi Blinkenin dünən Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığında da başqa məsələlərlə yanaşı əsas müzakirə mövzusu həmsədrlərin yenidən fəaliyyətə başlaması ilə bağlı olduğu barədə xəbərlər yayıldı. Baxmayaraq ki, atəşkəsə real təsir Rusiya tərəfindən həyata keçirilib və bunu  Fransanın, ABŞ-ın iştirakı olmadan həll edib, hazırda da Qarabağda yalnız rusiyalı sülhməramlılardı, Moskva da hesab edir ki, Minsk Qrupu fəaliyyətini davam etdirməlidir. Bu arada Rusiya XİN rəhbəri Sergey Lavrov 5-6 mayda İrəvana, 10-11 mayda isə Bakıya səfər edəcək. Rəsmi açıqlamada 10 noyabr bəyanatından irəli gələn müddəaların yerinə yetirilməsinin müzakirə ediləcəyi bildirilsə də, səfərin əsl səbəbinin yeni yaranmış situasiya ilə, Minsk Qrupunun yenidən fəaliyyəti və beynəlxalq arenada iki ölkə arasında birgə əməkdaşlığın perspektivləri ilə bağlı olduğuna daha çox ehtimal vermək olar.
 
Azərbaycan bu təzyiqin qarşısında hansı siyasəti yürüdəcək? Minsk Qrupundan imtina etmək üçün bizim xeyli əsaslarımız var. Həmsədrlərdən biri Fransa Senatının hər iki palatası Dağlıq Qarabağın müstəqilliyini tanımaq üçün qətnamə qəbul edib və bu ölkənin bütünlüklə ermənipərəst mövqedə dayanması heç kimdə şübhə yaratmır, heç özləri də inkar etmirlər. Rusiya Ermənistanla KTMT-də və Avrasiya İttifaqında müttəfiq ölkələrdir, Ermənistanın sərhədlərini Rusiya qoruyur və sülhməramlı adı altında yalnız ermənilərin maraqlarına xidmət edir. ABŞ bu iki ölkə ilə müqayisədə daha neytral görsənsə də, prezident Baydenin qondarma soyqırımla bağlı bəyanatı da bu ölkənin sonadək ədalətli olacağına əsaslı şübhələr yaradır. 
 
29 il ərzində real və ədalətli sülhə nail ola bilməyən Minsk Qrupunun aprelin 14-də verdiyi son bəyanat isə göstərir ki, həmsədrlər yenə də ermənipərəst mövqedə qalırlar. Son bəyanatda irəli sürülən tələblər müharibədən əvvəlki siyasi vəziyyətlə şərtləndiyindən qəbulolunmazdır. Hiss olunur ki, Cənubi Qafqazda maraqları toqquşan həmsədrlər bu konflikti siyasi bazarlığa, bir-birilərinin təsirini azaltmağa, qısası öz maraqlarına görə Dağlıq Qarabağ konfliktini yenidən uzun müddətə dondurmağa çalışırlar. Bu fəaliyyət Azərbaycandan başqa bütün tərəflərə sərf edir.
 
Belə bir təzyiq və təsir altında Azərbaycan Minsk Qrupunun bayrağı altında siyasi danışıqlardan imtina edə bilərmi? Əgər həmsədrlər fəaliyyətə başlayacaqlarsa, bizim şərtimiz nə ola bilər? Şərt dəyişməzdir. Azərbaycan 10 noyabr bəyanatından irəli gələn bəndləri ilk növbədə həyata keçirmək üçün tələblərini irəli sürməlidir. Yəni, erməni hərbi birləşmələri tamamilə Qarabağdan çıxarılır, qaçqınlarımız Dağlıq Qarabağa yerləşdirilir, nəqliyyat infrasrtrukturu işlək və təhlükəsiz vəziyyətə gətirilir. Laçın dəhlizi istiqamətində dövlət sərhədinə sülhməramlılarla birgə nəzarət olunur.
 
Azərbaycan Minsk Qrupunun bayrağı altında siyasi dialoqa başlamazdan əvvəl Rusiya ilə ayrılıqda qeyd olunan məsələləri həll etməlidir. Ermənistanda parlament seçkiləri bitənədək bu problemlərin həllinin reallaşması üçün fəaliyyətə keçməyin konkret vaxtı müəyyənləşməlidir. 
 
Biz yeni yaranmış situasiyanın yaratdığı məsul dövr ərəfəsindəyik. Qardaş Türkiyə ilə birlikdə bu dövrü maraqlarımız çərçivəsində həll edə bilərik. Ən zəif vaxtlarımızda belə biz ərazi bütövlüyümüzdən, suverenliyimizdən imtina etmədik, qalib bir dövlət kimi isə şərti biz irəli sürməliyik.
 
İlham İsmayıl

Tarix: 29-04-2021, 23:50




Xəbər lenti