Azərbaycan çevik xarici və təhlükəsizlik siyasəti yürüdür, müəyyən təhlükələrə və çağırışlara anında reaksiya verir
Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin İsraildəki təmaslarından sonra Ankaraya səfər etməsi təhlilçilərin diqqətini çəkib. Qeyd edək ki, Hikmət Hacıyev fevralın əvvəlində İranda, fevralın 19-da isə İsraildə səfərdə olub. Türkiyəyə səfəri çərçivəsində isə xarici işlər naziri Hakan Fidanla, daha sonra Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altunla görüşüb. Görüş zamanı Azərbaycanla Türkiyə arasında ikitərəfli əməkdaşlıq, qlobal və regional gündəlikdəki məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
H.Hacıyev Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıçla görüşüb. Görüşdə Azərbaycanla Türkiyə arasında mövcud strateji müttəfiqlik münasibətlərinə diqqət çəkilib, ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib. Bəllidir ki, Türkiyə Azərbaycana qardaş ölkə, İsrail isə ölkəmizin strateji tərəfdaşıdır. Rəsmi Bakının mövqeyi belədir ki, “Azərbaycanın dostları da bir-biri ilə dost olsunlar”.
Bəllidir ki, Qəzzadakı müharibəyə görə payızda ilk dəfə Ərdoğan elan etdi ki, İsrailin Yaxın Şərqdəki hədəflərindən biri də Türkiyə əraziləridir. Bundan sonra iki ölkə münasibətləri daha da pisləşdi. Ötən ilin sonunda isə Ərdoğan Türkiyə və İsrail hökumətləri arasında əlaqələrin tam dayandırıldığını bildirib. Siyasətdə əbədi dostluq və düşmənçilik yoxdur. Qəzzada atəşkəs və sülh müzakirələri regionda dövlətlər arasında siyasi əlaqələrə də təsir edəcək. Bu mənada İsrail-Türkiyə gərginliyinin əbədi olaraq qalacağını düşünmək sadəlövhlük olardı. Təbii ki, hazırda Türkiyə ilə İsrail arasında Yaxın Şərq mövzusunda gərginlik qalmaqdadır. Azərbaycan Türkiyənin bölgədəki mövqeyini dəstəkləyir. Bir sözlə, ağıllı, uzaqgörən diplomatiya həyata keçirən Azərbaycan artıq regional çərçivədən çıxaraq qlobal proseslərin fəal iştirakçısına çevrilir.
Bu barədə “Yeni Müsavat”a şərhində millət vəkili Elçin Mirzəbəyli bildirdi ki, dünyada və regionda baş verən prosesləri dövlətimizin diqqət mərkəzində saxlaması, həmçinin rəsmi Bakının, Azərbaycan üçün mühüm önəm daşıyan tərəfdaş və müttəfiq ölkələrlə diplomatik təmasları təbii qəbul edilməlidir: “Türkiyə Azərbaycanın ən yaxın strateji müttəfiqidir, İsrailin isə ölkəmizlə sıx tərəfdaşlıq əlaqələri var. Bu xüsusda Türkiyə ilə İsrail arasında da diplomatik təmasların qırılmaması, ziddiyyətlərin daha da dərinləşməməsi, maraqların koordinasiya edilməsi və uzlaşdırılması ölkəmiz və bölgəmiz üçün əhəmiyyət kəsb edir. Azərbaycan Suriyada, bütövlükdə isə Avrasiyada qardaş Türkiyə ilə birlikdə, ilk növbədə sabitliyə və təhlükəsizliyə xidmət edən ortaq maraqlardan çıxış edir. Demək olar ki, əksər məsələlərlə bağlı Bakı və Ankaranın xarici siyasət prioritetləri eynidir. Məlum olduğu kimi, baş nazir Benyamin Netanyahu İsrail ordusunun Suriyanın Colan təpələri və ona bitişik bufer zonasında mövcudluğunu "qeyri-müəyyən müddətə" saxlayacağını bəyan edib və bu bəyanat haqlı olaraq, Suriyanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyən Ankaranın sərt reaksiyasına səbəb olub. Nə qədər ziddiyyətli və bəzən həddindən artıq kəskin də olsa, Türkiyə-İsrail münasibətləri bölgənin lakmus kağızıdır və regionun təhlükəsizliyi, ilk növbədə bu iki ölkənin münasibətlərindən asılıdır. Ölkəmiz regional proseslərin aparıcı, qlobal geosiyasi dəyişikliklərin aktiv oyunçusu kimi bölgəsəl təhlükəsizlik mexanizmlərinin kənar müdaxilələrə münasibətdə dayanıqlı olmasının tərəfdarıdır. Hesab edirəm, bu istiqamətdə göstərilən fəaliyyətin bütün konturları bəlli olmasa da, ölkəmiz tərəfindən göstərilən səylər, Azərbaycanın təkcə türk dövlətləri arasında deyil, daha geniş bir coğrafiyada birləşdirici və tənzimləyici bir funksiyanı uğurla həyata keçirdiyini təsdqiləyir".
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, Hikmət Hacıyev Prezidentin xüsusi tapşırıqlarını yerinə yetirir: “İran, İsrail və Türkiyə səfərləri də bundan xəbər verir ki, Azərbaycan çevik xarici və təhlükəsizlik siyasəti yürüdür, müəyyən təhlükələrə və çağırışlara anında reaksiya verir”. İrana səfərdə bu ölkə prezidenti ilə körpülər yaradılır və Məsud Pezeşkianın da Azərbaycana münasibəti müsbətdir. Problem ondadır ki, İranın mühafizəkar dairələri iki ölkənin münasibətlərinin normallaşmasına mane olurlar. Eyni zamanda Azərbaycan İranın rəsmi strukturları ilə də münasibətlərə çalışır. Pezeşkian da yəqin ki, bu il ərzində Azərbaycana səfər edəcək. Prezidentin köməkçisi Hikmət Hacıyevin İsrailə səfərlərində də yəqin ki, regionda baş verən hadisələrin analizi, fikir mübadiləsi aparılıb. Bu dəfə hətta baş nazir Benyamin Netanyahu ilə görüşün reallaşması isə müzakirə edilən məsələlərin daha ciddiliyindən xəbər verir. Netanyahunun Donald Trampla çox yaxşı münasibətləri var. Azərbaycan da Tramp administrasiyası ilə normal tərəfdaşlıq münasibətlərində maraqlıdır. Bu məsələlərdə də Netanyahu bir körpü rolunu oynaya bilər. Çünki İsrail bölgədə Azərbaycanın yerini və rolunu yüksək qiymətləndirir. Eləcə də Türkiyə amilinin də müzakirə olunduğunu söyləmək mümkündür. Azərbaycan Türkiyə-İsrail münasibətlərinin yaxşılaşmasında rol oynaya bilər. Türkiyə bizim strateji müttəfiqimiz, İsrail strateji tərəfdaşımızdır. Azərbaycan bu iki dövlət arasında münasibətlərin gərgin olmasını istəmir. Ona görə də münasibətlərin normallaşması üçün çalışır".
Politoloq qeyd etdi ki, Hikmət Hacıyevin İsraildən sonra Türkiyəyə səfəri də çox vacib və əhəmiyyətlidir: “Məlumdur ki, cənab Hacıyev Türkiyədə çox mühüm şəxslərlə, çox vacib görüşlər keçirib. Bu görüşlərdə də böyük ehtimalla regional məsələlər müzakirə olunub. Eyni zamanda Ermənistan-Azərbaycan sülh danışıqlarının, Moskva-Bakı münasibətlərinin, İran məsələsi, Gürcüstan, Azərbaycan və Türkiyə arasında olan əməkdaşlığın genişləndirilməsinin müzakirə olunduğunu söyləmək mümkündür. Hikmət Hacıyev Türkiyədə görüşlər həyata keçirərkən xarici işlər naziri Ceyhun Bayramov da Səudiyyə Ərəbistanında səfərdə idi. Rusiya-Ukrayna müharibəsi bitərsə, Rusiyanın yeni hədəfləri ola bilər, Cənubi Qafqazı da bu zaman müəyyən təhlükələr gözləyə bilər. Bu məsələlərin də müzakirəsinə son zamanlar daha çox ehtiyac yaranıb. Bütün bu məsələləri Azərbaycan təbii olaraq öz tərəfdaşları, region ölkələri ilə müzakirə edir. Bu mənada Hikmət Hacıyevin səfərlərinin əhəmiyyəti, apardığı danışıqların rolu böyükdür”.
Tarix: Bu gün, 11:22