VAŞİNQTON–MOSKVA TANQOSU: YAŞASIN MÜHARİBƏ! - Və ABŞ-nin müharibədən qazancları
Trampın hoqqabazlıqları Ağ Evin müharibədən qazanclarını sementləşdirirMüharibə maksimum uzanmalıdır ki, Ağ Ev istədiklərini tam həcmdə ala bilsin
Namiq BilalUkrayna ilə müharibənin başlandığı gündən bəri Vladimir Putin ilk dəfə bir Qərb ölkəsinə səfər etdi. Üstəlik, Qərbin rəsmi lideri olan Birləşmiş Ştatlara. Səfər ən azı iki qaranlıq məsələnin üzərinə işıq salır. Bunlardan birincisi
odur ki, Rusiya Federasiyası (RF) yorulub, Putin müharibəni dayandırmaq istəyir. Son iki ildə trilyonlarla rubl xərcləməsi və yüz minlərlə əsgər itirməsi müqabilində Rusiya Ukraynanın yalnız bir faizini ələ keçirə bilib
. Aşkara çıxan ikinci mühüm məsələ isə odur ki, Amerikanın Ukraynaya verdiyi dəstəyin kəsilməsi və ya ciddi şəkildə azaldılması müqabilində Rusiya özünün təbii sərvətlərini ABŞ ilə bölüşməyə hazırdır.Ankoricdə söhbətin əsas mövzusunun nə olduğunu anlamaq üçün V. Putinin özü ilə apardığı nümayəndə heyətinin tərkibinə baxmaq yetərlidir. Nümayəndə heyətinin əsas tərkibi iqtisadi blokun və bank sektorunun nümayəndələri olub. Rusiya prezidentinin iqtisadi investisiyalar üzrə xüsusi nümayəndəsi Kiril Dmitriyevin verdiyi məlumata görə, Ankoric görüşündə əsas müzakirə mövzularından biri ABŞ və Rusiya arasında iqtisadi investisiyalar və iqtisadi texnologiyalar olub. Qərb və rus mətbuatında gedən məlumatlara görə, söhbət Yamal qazından, Norilsk nikel təsislərindən, Xantı-Mansiysk neft-qaz yataqlarından və digər faydalı qazıntı sahələrindən gedib. Qeyd olunur ki, “Exxon Mobil” neft şirkəti Rusiyadakı fəaliyyətini bərpa etmək üçün prezident Trampa müraciət edib.
Rusiya–Ukrayna müharibəsinin ən böyük qazananı heç şübhəsiz ABŞ-dır. Birləşmiş Ştatların bu müharibədən əldə etdiyi qazancları ard-arda düzməyə çalışaq.
Birinci qazanc: Müharibənin əsas moderatoru anqlosaks ittifaqıdır. Bu barədə çox yazılıb. Qitə Avropası hər zaman Birləşmiş Krallıq və ABŞ ilə rəqabət halında olub. Donald Tramp prezident kürsüsünə oturduğu ilk gündən “ABŞ-nin ən böyük rəqibi Avropa Birliyidir” bəyanatını verib. Rusiya isə NATO çərçivəsində İngiltərə və ABŞ-nin ən böyük düşməni statusundadır. Rusiya–Ukrayna müharibəsi RF ilə Avropa arasında Finlandiyanı, Baltikyanı ölkələri, Polşa və Ukraynanı əhatə edən keçilməz sədd yaradıb. Bu sədd Avropanı ucuz rus neftindən və qazından, Rusiyanı isə Avropa pulundan və texnologiyalarından məhrum edib. Başqa sözlə, Birləşmiş Ştatlar bir güllə ilə iki dovşan vuraraq, əzəli rəqibi olan Avropa Birliyini və düşməni olan Rusiyanı zəiflədir.
İkinci qazanc: İqtisadi qazancdır. Rus qazından məhrum olan avropalılar çox baha qiymətə maye amerikan qazı almağa məcburdur. Avropalılar pul itirir, amerikan şirkətləri isə böyük pullar qazanırlar. Düzdür, müharibənin ilk dövrlərində ABŞ Ukraynaya silah yardımı edib, xərcə düşüb. Lakin sirr deyil ki, Ağ Evin Ukraynaya verdiyi silahların böyük əksəriyyəti ötən əsrin 80–90-cı illərində istehsal edilmiş, istifadədən çıxarılmış və ya çıxarılma ərəfəsindəki silahlar olub. İndi isə Tramp oyun qaydasını dəyişir: Ukraynaya silahlar pulsuz verilməyəcək, həmin silahların pulunu Avropa Birliyi ödəyəcək. Deməli, Amerika hərbi-sənaye kompleksinə yağlı sifarişlər gələcək, pul qazanılacaq. Digər tərəfdən, Ukrayna müharibəsindən çox güclü “rıçaq” kimi istifadə edən Ağ Ev Rusiyanın zəngin təbii sərvətlərinə çökür. Ankoric görüşü bu məqamı rəsmiləşdirdi. Ankoric sammitindən cəmi bir gün sonra Avropa Birliyi ilə ABŞ arasında bağlanan iqtisadi əməkdaşlıq sazişini də Birləşmiş Ştatların bu müharibədən əldə etdiyi iqtisadi qazanclar sırasına əlavə etmək olar. Açıq qaynaqlardakı məlumatlara görə, saziş Avropa Birliyinin ziyanınadır və Rusiya–Ukrayna müharibəsi olmasaydı, avropalılar amerikalılardan asılı vəziyyətə düşməz və belə sazişə razılaşmazdılar.
Üçüncü qazanc: Bu müharibə ABŞ-nin zəifləməkdə olan geosiyasi üstünlüyünü əhəmiyyətli dərəcədə bərpa edir. Həm Avropa, həm də Rusiya Birləşmiş Ştatlardan birbaşa asılı vəziyyətə düşüb. Üstəlik, Ağ Ev “Rusiya ilə ticarət edirsiniz” arqumentini əldə bayraq edərək müxtəlif ölkələri sanksiya basqısı altında saxlayır, öz hegemoniyasını qorumağa çalışır.
Çox ustalıqla qurulmuş oyundur: Birləşmiş Ştatlar həm rəqiblərini zəiflədir, həm pul qazanır, həm də geosiyasi üstünlüyünü qoruyub saxlamaq şansı əldə edir. Kənardan “Trampın hoqqabazlıqları” kimi görünən ziqzaqlar da əslində ABŞ-nin müharibədən əldə etdiyi qazancları sementləşdirir.Məntiqə görə, Ağ Ev Ukraynaya verilən silahı nə kəsməməli, nə də hədsiz artırmamalıdır. Silah tam kəsilərsə, Rusiya qalib gələr, Putinin Trampdan asılılığı aradan qalxar. Asılılıq yoxdursa, öhdəliklərin yerinə yetirilməsi də yoxdur. Silahın hədsiz artırılması isə Rusiyanı incik salar, Tramp Putindən istədiklərini ala bilməz. Hoqqabazlıqlar və ziqzaqlar silahın dəqiq dozalar şəklində verilməsini təmin edir, qarşıdurmanı uzadır. Müharibə maksimum uzanmalıdır ki, Ağ Ev istədiklərini tam həcmdə ala bilsin.
Tarix: Bu gün, 12:02