Paşinyan müxalifəti parçaladı! - ““Qarabağ klanı” uzaqlaşdırılır"





“Köçəryan -Sarksyan tandeminin hakimiyyətdə təmsil olunacaqları inandırıcı görünmür”

 “Ermənistanın bu günkü acınacaqlı vəziyyətinin səbəbkarı kimdir?” sualına  cavab olaraq “Qarabağ klanı”nı hədəf göstərənlərin sayı sürətlə artmaqdadır”  

 
Məlum olduğu kimi, Ermənistan baş naziri Nikol Paşinyan aprel ayında istefa verəcəyini deyib. Məqsəd isə erkən parlament seçkilərində iştirak edərək, necə deyərlər, qabaqdan gəlmişlik etməkdir. Əslində müxtəlif faktorlar, o cümlədən də Paşinyan tərəfdarlarının sayının kifayət qədər çox olması onun hakimiyyətini qoruması anlamına gəlir. Baş nazir özü də nəticənin müsbət olacağına əmindir. Elə ona görə də əlindəki səsucaldıcı ilə küçələrə çıxıb, “dil boğaza qoymur”.

 Erkən parlament seçkiləri haqqında “Sherg.az”a danışan BDU-nun professoru, politoloq Əlimusa İbrahimovun sözlərinə görə, beləliklə, narazı qüvvələrin arzusu ürəyində qaldı: 

“Mövcud qanunvericiliyə uyğun olaraq seçkilərdə iştirak etmək üçün baş nazir istefa verməlidir. Buna görə də Paşinyan baş nazir kimi istefa verir, amma vəzifə səlahiyyətlərinin icraçısı olaraq qalır. Radikal müxalifət isə baş nazirin istefası xəbərini böyük hay-küylə qarşılayır. Onlar bu hadisəni özlərinin hakimiyyətə gəlməsi üçün şans kimi qiymətləndirirlər. Doğrudur, Paşinyanın istefa ssenarisi müxalifətin təqdim etdiyi plandan tamamilə fərqlənir. Onlar Paşinyanı istefaya göndərmək, Vazgen Manukyanın rəhbərliyi ilə keçid hökuməti yaratmaq və bir ildən sonra parlament seçkiləri keçirmək ideyasını irəli sürürdülər. Amma Paşinyanın etdiyi manevrlər həmin iddiaları “həyata vəsiqə”dən məhrum etdi. Müxalifət baş nazirin “çaldığı havanın təranələri altında rəqs etməyə” məcbur qaldı. Eyni zamanda etirazçıların seçkilər zamanı Paşinyanın administrativ resurslardan istifadə edəcəyi haqqında xəbərdarlığı özünü doğrultmaqdadır. Təbliğat kampaniyasının hələ start götürmədiyinə baxmayaraq, Paşinyan artıq regionlarda əhali ilə görüşməyə başlayıb. O, belə görüşlərin birində - 28 martda Armavir regionunda əhali ilə söhbət apararkən istefası haqqında bəyanatı da səsləndirib: ” Mən apreldə istefa verirəm. Bunu getmək üçün yox, növbədənkənar parlament seçkilərinin keçirilməsi naminə edirəm. Seçkilərədək olan müddətdə baş nazir vəzifəsinin icraçısı kimi qalacam. Seçicilər məni dəstəkləyərsə, ölkəyə daha yaxşı xidmət edəcəyimə söz vermişəm. Əksinə, seçicilər bizi dəstəkləməsə, biz məmnuniyyətlə hökuməti qalib gələn tərəfə verəcəyik.”

  Professor məlum qərarı mövcud iqtidar üçün uğurlu hesab edir: 

“Baş nazirin istefa verməsi və növbədənkənar parlament seçkilərinin keçirilməsi müxalifətin nümayişlərin ilk günündən tələb etdiyi addım idi. Paşinyan uzun müddət bununla razılaşmırdı. Lakin sonda aparılan danışıqlar nəticəsində baş nazir çağırışlara müsbət cavab verdi. O, iyunun 20-nə təyin olunan növbədənkənar seçkiləri qarşıdurmaya son qoymaq üçün ən gözəl çıxış yolu kimi qiymətləndirdi. Bununla Paşinyan çox uğurlu siyasi gediş etdi. Birincisi, müxalifəti parçaladı və cəmiyyətdə müəyyən qədər sakitliyə nail oldu. Həmçinin seçkilərin partiyasının nəzarəti altında keçirilməsini təmin etdi. Deməli, onun qalib gəlmək şansı kifayət qədərdir. Nəhayət, qatı düşmən olan “Qarabağ klanı”nı hakimiyyətdən bir qədər də uzaqlaşdırdı. Baş nazirin birdəfəlik istefası tələbindən hələ də əl çəkməyən müxalif qüvvələr seçkilərin kimin hakimiyyəti altında keçirilməsindən asılı olmayaraq ölkədə iqtidar dəyişikliyi üçün mübarizəyə davam edirlər. “Ölkənin xilası hərəkatının” koordinatoru, “Daşnaksütun” partiyasının nümayəndəsi İşxan Saqatelyanın fikrincə, müxalifətin istəyinin ziddinə olaraq, “Mənim addımım” blokunun planı əsasında seçkilər baş tutarsa, iki vəzifə yerinə yetiriləcək. Müxalifət partiyaları yeni qurulacaq Paşinyan hökumətində iştirak etməyəcək və növbədənkənar seçkilər xəyanətkarı hakimiyyətdən uzaqlaşdırmaqdan ötrü vasitə rolunu oynayacaq”.

 Politoloq, həmçinin “Qarabağ klanı”nın şanslarını da qiymətləndirdi:

“Paşinyanın istefa xəbəri ilə yanaşı, Ermənistanın ikinci prezidenti Robert Köçəryanın məsuliyyətdən azad olunması haqqında Konstitusiya Məhkəməsinin çıxardığı qərar da sensasiya hesab olunacaq hadisələrdəndir. Beləliklə, onun seçkilərdə iştirakına mane olacaq səbəblər aradan qaldırılır.

Konstitusiya məhkəməsi Köçaryan və ətrafındakı bir neçə şəxsə qarşı tətbiq olunan Cinayət Məcəlləsinin müvafiq maddəsinin əsas Qanunla ziddiyyət təşkil etdiyini bildirib.

Amma Robert Köçəryan və Serj Sarksyan tandeminin birlikdə çıxış edəcəkləri təqdirdə belə onların hakimiyyətdə bu və ya digər formada təmsil olunacaqları inandırıcı görünmür. Son 100 ildə “Qarabağ klanı”nın bu iki cəlladının erməni millətinə vurduğu ziyanı hələ heç bir erməni vura bilməyib. Ermənistanda artıq bunu başa düşürlər.

“Ermənistanın bu günkü acınacaqlı vəziyyətinin səbəbkarı kimdir?” sualına  cavab olaraq “Qarabağ klanı”nı hədəf göstərənlərin sayı sürətlə artmaqdadır”.  
Tarix: 31-03-2021, 15:25




Xəbər lenti