Pul və siyasət: Rusiya Qərbi necə qarışdırır


Pul və siyasət: Rusiya Qərbi necə qarışdırır
Azərbaycan müxalifəti iqtidarın yeritdiyi “kürü diplomatiyası”na ağız büzür, xüsusi həvəslə onu tənqid edir. Deyir ki, bizim hökumət Qərb siyasətçilərini pul və bahalı hədiyyələr hesabına satın alır. Bizim müxalifətin iddiasına görə, bu, yolverilməzdir. Bu kimi davranışlar Azərbaycanın beynəlxalq imicinə sarsıdıcı zərbə vurur. Ölkəmizi dünyanın dörd tərəfində biabır edir. və. s.
 
Ancaq mən əminəm ki, onlar da iqtidara gələsi olsa, “kürü diplomatiyası”nı davam etdirəcəklər. Niyə belə fikirləşirəm?
 
Əslində dünənki yazımda bu məsələyə ötəri də olsa toxunmuşdum. Rusiyanın Avropadakı siyasi partiyaları topdan necə satın almasına nəzər salmışdıq. Bu dəfə isə pul ilə siyasətin intim münasibətləri barədə daha ətraflı söhbət açacağıq.
 
“Pul, pul, bir də pul. İdeya və prinsiplər deyil, məhz pul Amerika siyasətində ali dərəcədə hökmranlıq edir”. Robert Berd belə deyib. O, senator olub. 57 il Konqresdə yer alıb. Siyasətçi kimi ABŞ tarixində belə bir rekorda imza atıb.
 
Jessi Marvin Unruh da ABŞ-ın nüfuzlu siyasətçilərindən olub. O deyib: “Siyasətçi üçün pul ana südü kimi təbii bir şeydir”.
 
Özü də pul ilə siyasətin qarşılıqlı cazibə qüvvəsi nə bu günün, nə də dünənin söhbəti deyil. Roma imperiyası dövründə yaşamış yunan tarixçisi Plutarx deyirdi ki, səslərin süni şəkildə alınıb-satılmasında pul önəmli rol oynayır və seçkinin nəticəsini müəyyən edir. Xatırladım ki, demokratiya və seçki kimi anlayışlar məhz qədim Yunanıstandan gəlir.
 
Əlbəttə, bu, belə olmalı deyil. Ancaq real həyatda bu, belədir. Biz reallıqlara söykənərək hərəkət etməliyik. Ona görə də “kürü diplomatiyası” əbədiyaşar xarakterli bir şeydir. Heç kəsin buna şübhəsi olmasın. Həm də bu, Qərbin bizə sırıdığı oyun qaydasıdır. Bütün dünyanın qurşandığı oyuna biz “yox” deyə bilmərik.
 
Azərbaycanın Qarabağ problemi onu daha çox dünyanın siyasi paytaxtlarına vəsait axıtmağa vadar edir. Bizə Moskva, Vaşinqton, London, Paris, Berlin... kimi paytaxtlarda Azərbaycanın sözünü deyən siyasətçilər, media orqanları, ictimai fəallar lazımdır. Biz beynəlxalq səviyyədə cilalanmış erməni şəbəkəsi ilə mübarizə aparırıq. Bu mübarizədə ermənilər xristian olduqlarına görə daha çox simpatiya qazanıblar. Üstəlik, beynəlxalq erməni lobbisi Türkiyə və Azərbaycana qarşı əks-təbliğatda uğur qazanmaq üçün milyardlarla dollar xərcləyir. Xüsusən Amerika erməni lobbisi bu yarışda öndə gedir. Biz Azərbaycan olaraq bu hücumları dəf etmək üçün nə edirik? İlk növbədə xaricdəki yəhudi və türk (Türkiyə) lobbisinin imkanlarından yararlanırıq. O da aydındır ki, bu lobbilərlə işləmək üçün maliyyə qaynaqları olmalıdır. Azərbaycan üçün lobbiçilik edənlər də bizdən aldıqları pulların böyük bir hissəsini siyasi müstəvidə öz yerlərini qoruyub saxlamağa, imkan varsa, bir az da irəli getməyə sərf edirlər. Bu, həm də bir biznesdir. Məsələn, hər il ABŞ Azərbaycana 120 milyon dollarlıq hərbi yardım paketi ayırır. Ermənistana isə heç bir şey vermir. Erməni lobbisi bunun qarsısını almaq üçün gecə-gündüz bilmədən, çalışır. Biz də ən azı həmin o 120 milyon dollarlıq yardımı almaq üçün lobbi fəaliyyətində kəsərli söz sahibi olmalıyıq. Olmasaq, bu qədər yardımı və üstəlik, ABŞ-ın siyasi dəstəyini itirmiş olaraq.
 
Özü də lobbi işinə təkcə ermənilər və azərbaycanlılar pul qoymurlar. Əksər ölkələr bu metoddan istifadə edir. Məsələn, ABŞ-ın “US News” nəşri yazır: “Amerikada lobbi fəaliyyətinə ciddi paralar ayıran ölkələrin çoxu elə Amerikanın ən yaxın müttəfiqləridir. Onların sırasında Cənubi Koreya, Yaponiya, Kanada, Almaniya və Birləşmiş Ərəb Əmirlikləri öndə gəlir. Hətta ABŞ-ın getdikcə güclənməkdə olan rəqibi Çin bu sırada səkkizinci yerdə qərar tutub”.
 
Qəzet bildirir ki, Rusiyanın təkcə “RIA Novosti” dövlət agentliyi 2017-ci ildə bu məqsəd üçün 100 min dollar xərcləyib: “Bəzi ölkələr, xüsusən Rusiya, Çin və İran Amerikada maraqlarını təmin etmək üçün açıq yox, gizli fəaliyyətə üstünlük verirlər”.
 
Qəzet konkret faktlar da təqdim edir: “Cənubi Koreya hökuməti lobbi xidməti üçün Amerikaya 52 milyon dollar, bu ölkənin qeyri-hökumət təşkilatları isə eyni məqsədə görə 10 milyon dollar xərcləyib. Yaponiya isə müvafiq olaraq 33 və 6 milyon dollar vəsait ayırıb”.
 
Bunlar rəsmən olanlardır. Bir çox ekspert lobbi fəaliyyətini aysberqlə müqayisə edir, yəni bu buz dağının böyük bir hissəsi suyun altındadır və gizli qalır.
 
Bir məqama da toxunum, sonra əsas məsləyə keçək. Lobbi fəaliyyətinə təkcə dövlətlər pul ayırmır. Nəhəng şirkətlər də bu yolla gedirlər. Dövlətlər, şirkətlər, konkret şəxslə (məsələn, Soros fondu) öz maraqlarını həyata keçirmək üçün bu və ya digər mərkəzlərə pul axıdır.
 
Təbii ki, lobbi işində Rusiya da var. Rusiya Amerika mətbuatının da vurğuladığı kimi gizli şəkildə lobbi fəaliyyəti göstərməyə üstünlük verir. Ancaq açıq müstəvidə də öz sözünü deyir, bəzən isə yarım-gizli formaya əl atır. Yəni şəraitə uyğun olaraq seçim edir. ABŞ mətbuatı yazır ki, Rusiya digər ölkələrdən daha çox ABŞ-a təsir imkanına malikdir. Rusiyanın hakerlər və trollar ordusu Amerikada kabus kimi dolaşır və super-dövlətə dərin paranoya yaşadır.
 
Rusiyanın avro-skeptik və populist siyasətçilərə maliyyə yardımı ayırması təzə söhbət deyil. Fransanın qatı sağyönümlü "Milli Cəbhə" təşkilatının lideri Marin Le Pen Rusiyadan 9 milyon avro almasını etiraf edib. Media isə ortadakı rüşvətin 40 milyon avrodan çox olduğunu bildirmişdi. Avropa parlamentində 2015-2019-cu illərdə fəaliyyət göstərmiş “Europe of Nations and Freedom” qrupunda Le Penin tərəfdarları ilə yanaşı Niderlandın "Azadlıq" partiyası, İtaliyanın “Lega Nord”, Avstriyanın "Azadlıq" partiyası, Belçikanın Flandriya bölgəsini təmsil edən separatçı “Flemish Interest” partiyası, Polşanın “Congress of the New Right” partiyasının üzvləri yer almışdı. Başqaları da vardı. Ancaq bunlarla kifayətlənmək də olar.
 
Bu kimi partiyalar sadəcə AB-yə qarşı deyillər, onlar həm də ABŞ-a düşmən münasibətləri ilə seçilirlər. Bu da Rusiyanın işinə yarayır. Rəsmi Moskva arsenalında olan bütün vasitələrlə qoca Avropada stabilliyi pozmağa can atır. Bunun üçün isə AB ilə ABŞ arasındakı ziddiyyətlərin dərinləşməsinə çalışır. DTK zabiti kimi Rusiya imperiyasını Mərkəzi və Şərqi Avropada çöküşünü görən Vladimir Putin Amerikaya düşmən münasibətdədir. Hər halda ABŞ mətbuatı belə yazır və qeyd edir ki, cənab Putin SSRİ-nin dağılmasına görə Amerikanı müqəssir bilir. O, hesab edir ki, SSRİ-ni dağıtmaqla Amerika Rusiyanı təhqir edib. Bəziləri düşünür ki, buna cavab olaraq Rusiya Böyük Britaniyanın AB-ni tərk etməsinə hakerlər və trollar ordusu vasitəsi ilə böyük işlər gördü və sonda öz istəyinə nail oldu. Ekspertlər hesab edir ki, bütövlükdə Qərbə və Qərb dəyərlərinə ən böyük təhlükə Rusiyadan gəlir. Ancaq ABŞ ilə AB arasındakı ziddiyyətlər bu təhlükənin qarşısını almağa imkan vermir.
 
Rəsmi Moskva Qərbə qarşı niyə belə aqressivdir? Analitiklər hesab edir ki, Rusiya millətçi, imperiya keçmişinə qayıdış, öz ərazisini genişləndirmək kimi hədəflərə söykənir. Belə bir ölkənin demokratik Avropa ilə yanaşı yaşaması çətindir. Ümumiyyətlə, Rusiya Qərbin liberal dəyərlərini öz varlığına təhlükə sayır. Bu təhlükəni önləmək üçün Qərbdə özünə müttəfiqlər tapır. Özü də söhbət təkcə Almaniya və Fransadan getmir. Məsələn, Macarıstanın baş naziri Viktor Orban Vladimir Putinin əsas müttəfiqlərindən biridir. O, AB-nin Rusiyaya sanksiya tətbiq etməsinə qarşı çıxır. Rusiya ilə nüvə (Atom Elektrik Stansiyası) anlaşmasına imza atıb.
 
Qeyd edək ki, Macarıstanın baş naziri Viktor Orban AB-nin Türkiyəyə qarşı çıxardığı qərarları da daim etirazla qarşılayır. Bu da AB rəhbərliyini hövsələdən çıxarır.
 
Hərbi büdcəsi NATO-nun hərbi büdcəsinin onda birinə bərabər olan Rusiya Ukraynada at oynadır. NATO-ya can atan Ukraynanı isə bu təşkilata qəbul etmirlər. Çünki Rusiya ilə yaxşı münasibətdə olan Berlin və Paris müxtəlif bəhanələrlə buna imkan vermir. ABŞ analitikləri hesab edirlər ki, Ukraynada atılan güllələr Qərbə xəbərdarlıq kimi qəbul olunmalıdır.
 
Rusiyanın AB-yə müdaxiləsi nə qədər qorxuludur? Məsələn, Niderland Krallığının siyasi analitiki “The New York Times” qəzetinə açıqlamasında deyir ki, Rusiya təkcə ABŞ və Böyük Britaniyada seçkilərə müdaxilə etməyib. Bu müdaxilə Niderland Krallığında da özünü göstərib: “Rusiya addım-addım irəliləyir və AB-ni içdən dağıtmağa çalışır”.
 
ABŞ mətbuatında Rusiya ilə iş birliyində olan siyasətçilər haqqında mütəmadi olaraq yazılır. Qeyd edək ki, Amerikada siyasətçilərin lobbi fəaliyyətinə qanun icazə verir. Eyni zamanda. siyasətçilər biznes fəaliyyəti ilə də məşğul olmaqda azaddırlar. Təbii ki, bu imkanlar siyasətçilərə geniş manevr imkanları yaradır. “HuffPost” məqalələrinin birində vurğulayır ki, ABŞ Konqresinin 6 nəfər üzvü Rusiyanın “Gazprom”, “Sberbank”, “Yandex”, “Lukoyl”... kimi nəhəng şirkətlərinin aksiyalarına sahibdir.
 
Ümumiyyətlə, Konqres üzvlərinin, demək olar ki, hamısı milyonçudur. Bu kapitalın da böyük bir hissəsi bu və ya digər dövlətə, o cümlədən Rusiyaya verilən siyasi dəstək müqabilində əldə olunub.
 
Rusiya uzun illərin təcrübəsindən yaxşı bilir ki, Qərb siyasətçilərini satın almaq mümkündür və bu boşluqdan məharətlə istifadə edir. Rusiya məhdud imkanları ilə Qərbdə qarışıqlıq yarada bilir. Şübhəsiz ki, Qərbin beyin mərkəzləri bu tendensiyanı görür. Ancaq vəziyyəti dəyişmək üçün konkret addımlar ata bilmirlər.
 
Bu gedişlə Rusiya Qərbi içəridən dağıda biləcəkmi? Çətin sualdır. Ancaq bir şey dəqiqdir ki, Qərb də Rusiyanın zəif yerlərini yaxşı bilir. Məhz o yerlərə dəqiq zərbələr vurmaqla Rusiyanı çökdürməyə çalışır. Proses bu minvalla davam edir...(Musavat.com)
 
Elbəyi Həsənli, Sürix

Tarix: 10-05-2021, 13:33




Xəbər lenti