79 yaşlı qadına “məcburi internet” tələbi... - BU NƏDİ BELƏ?..
"79 yaşlı qadına “məcburi internet” tələbi qanunidir?" "DİA-AZ" xəbər verir ki, bunu öz etiraz dolu müraciətində tanınmış jurnalist Aygün Muradxanlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə xitabən deyib.
O daha sonra müraciətini bu şəkildə davam etdirib: "Bakı kəndlərindən birində 79 yaşlı qadın 1 ildir internet üzündən telefonsuz qalıb. Himayəsində - təsəvvür edirsiz???? - 79 yaşlı qadının himayəsində 50 yaşlı xəstəlik səbəbilə heç yerdə işləməyən oğlu var. 350 manat pensiya ailənin TƏK gəliridir. ATS deyir ki, 29 manatlıq paket almasan, telefonun açılmayacaq. Azərbaycanda internet məcburidir? 1-2 dəfə xahiş edib açdırmışıq. İndi ATS-dəkilər deyirlər ki, nazirlik internetsiz telefon xidmətini qadağan edib. Bütün abonentlər məcburi qaydada şəbəkəyə qoşulmalıdır. O qadının suallarını olduğu kimi yazıram - nazir, bu qərarı verənlər başa düşürlər ki, 29 manat mənim oğlumla BİR HƏFTƏLİK ərzaq pulumuzdur? 350 manatı ərzağa, dərmana, işığa, qaza, üstəlik internetə necə bölək ki, ölməyək? 1 mobil telefon var evdə, o da köhnə, internetə qoşulmayanlardan. Mənə bu internet lazım deyilsə, 57 illik telefonum kəsilməlidir? Təcili Tibbi Yardıma zəng eləmək üçün öz telefonum ola-ola niyə çəliklə, ölə-ölə qonşuya getməliyəm? Cavabınızı gözləyirik. Ümud edirik ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin bu postu oxumaq üçün interneti var..."