Gəncə sakini işsizlikdən şikayətçidir - "9 aydır ki, mənə görə heç bir iş tapılmır"

Gəncə şəhər sakini Quliyev İlqar Bayram oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, işsizlikdən əziyyət çəkir:“Mən, Quliyev İlqar Bayram oğlu, yazaraq bildirim ki, 2024-cü ilin 24 iyun tarixindən Dövlət Məşğulluq Agentliyində işsiz kimi qeydiyyata düşmüşəm. 9 aydır ki, mənə görə heç bir iş tapılmır.
Vaxtilə avtobus sürücüsü işləmişəm. İki övladım var, biri autizm xəstəsidir, digəri isə azyaşlıdır.
Belə başa düşürəm ki, Dövlət Məşğulluq Agentliyi özəl müəsisələrdə işlə təmin edə bilmir.
Uşağa dövlət tərəfindən ayrılan 250 manat "əlil pulu" onun bütün ehtiyaclarını qarşılamır. Mütləq ailə başçısı kimi işləməliyəm. Aztəminatlı ailələr üçün ayrılan müavinəti də ala bilmirəm.
Sizin sayt vasitəsilə Dövlət Məşğulluq Agentliyindən xahiş edirəm ki, məni öz sənətimə uyğun işlə təmin etsin".
Qeyd edək ki, Dövlət Məşğulluq Agentliyi İlqar Quliyevin şikayətinə reaksiya verib. Qurumun saytımıza açıqlamasını olduğu kimi dərc edirik: "Gəncə sakini İlqar Quliyev 01.07.2024-cü ildən işsiz şəxs kimi qeydiyyatdadır. Məşğulluq imkanları qiymətləndirilib və bunun əsasında 21 noyabr 2024-cü il tarixdə vətəndaşa Simurq Company-də sürücü işi təklif olunaraq məlumatları işəgötürənə yönləndirilib. Lakin işəgötürən tərəfindən İlqar Quliyevin işə qəbulundan imtina olunub. Aktiv vakansiyalar barədə məlumat əldə etməsi üçün vətəndaş yenidən Filiala dəvət ediləcək".
Tarix: 1-04-2025, 22:28