“Ümumiyyətlə, dövlətin yaratdığı strukturlar inzibati yollarla biznesə məhdudiyyət qoymalı deyil. Biznes sərbəst olmalıdır. Dövlət strukturlarının funksiyası nəzarət etməkdir”.
Bu sözləri "Yeni Sabah"a aqrar məsələlər üzrə ekspert Vahid Məhərrəmov deyib.
Xatırladaq ki, artıq bir çox iaşə obyektlərindən (restoran, kafe və s.) özləri üçün aldıqları ərzaq məhsullarına xüsusi tələb irəli sürür. Bunu nəzərə alaraq onlar yalnız satışına AQTA-nın icazə verdiyi məhsulları iri satış mərkəzlərindən almalı olur. Pərakəndə satış sistemində çek/qəbz tətbiqi olmadığından şadlıq sarayları və s. buna məcburdur. Çünki zəhərlənmə və digər hallarda ilkin məhsulun mənbəyini müəyyənləşdirmək asanlaşır.
Öz növbəsində ekspert bildirib ki, inzibati qayda ilə restoranlara, kafelərə və digər obyektlərə hansısa tələbin qoyulması qanuna ziddir:
“Ümumiyyətlə, dövlətin yaratdığı strukturlar inzibati yollarla biznesə məhdudiyyət qoymalı, onların seçim imkanlarını əllərindən almalı deyil. Biznes sərbəst olmalıdır. Dövlət strukturlarının vəzifəsin nəzarət funksiyasını yerinə yetirməkdir.
AQTA 3 il bundan öncə bir çox pomidor istehsalçılarının istehsal etdiyi pomidorun xarici ölkələrə ixrac etməsinə məhdudiyyət qoydu. Tələb irəli sürdülər ki, xaricə məhsul ixrac edən istehsalçıların istixanası ən azı 70 sot, yaxud 1 hektar olmalıdır. İstixana təsərrüfatlarının əksəriyyəti 3-5, 10 sot idi. Onlar birləşib xaricə məhsul ixrac və yaxşı qazanc əldə edirdilər. Həmin qərardan sonra həmin istixanalar ləğ edildi. Bundan sonra ölkədə pomidorun qiyməti qalxdı, bu gün 1 kiloqramı 6-7 manata təklif edilir.
İndi də inzibati qayda ilə restoranlara, kafelərə və digər obyektlərə belə tələb qoyulub ki, ərzaq məhsullarını yalnız iri marketlərdən alsınlar və bunu çeklə isbatlasınlar. Kənddən gətirilən məhsullar isə qəbul edilməsin. Guya zəhərlənmə və s. hallarda çeklərə əsasən satış məntəqlərini müəyyən etmək asanlaşır.
Bu, ümumiyyətlə, qanuna ziddir. Restoranlar ola bilsin, qəbzləri müəyyən yollarla əldə etdilər, amma hər halda yenə rüşvət, qeyri-qanuni əməliyyatlar həyata keçiriləcək.
Kiminsə kiməsə məhsulu hansısa marketdən aldığını sübut etməyə heç bir ehtiyac yoxdur. Bəs belə bir qəbzi əldə etməyən xidmət sahələrinin məhsuluna kim cavabdeh olacaq? Bunun hamısı cəfəngiyatdır. Kim zəmanət verə bilər ki, bütün restoranlarda hazırlanmış məhsulun xammalı insan orqanizmi üçün zərərli olmayacaq?”
Vahid Məhərrəmov qeyd edib ki, bu qaydanın tətbiqi həm istehsalçılar, həm istehlakçılar, həm də biznes üçün problemlər yaradacaq:
“AQTA istehsal zamanı nəzarətə daha çox önəm verməlidir. Kəsilən heyvanların ətindən nümunə götürüb, həmin ətin istehlakçı üçün hər hansı bir problem yaradıb-yaratmayacağı barədə sənədlər təqdim etməlidir. Əgər problem varsa, onun qarşısı inzibati yolla alınmalıdır.
Hər kəsin öz funksiyası var. Azərbaycanda dövlət strukturları çalışır ki, özlərinin daha əhəmiyyətli olduğunu qabartsınlar. Elə olmalı deyil. Bizim üçün daha əhəmiyyətli biznesdir. Biznes olmasa ölkə inkişaf etməyəcək.
İndi sovet dövrü deyil ki. Xüsusi mülkiyyətçilikdir. Onları təzyiq altında saxlamaq düzgün deyil. Onlara müstəqillik vermək lazımdır. Təəssüf ki, AQTA saxta rəqəmlərlə göstərmək istəyir, guya onlar böyük işlər görür. Görürük ki, AQTA yaranandan sonra ölkədə surroqat və keyfiyyətsiz məhsullar daha çox istehsal edilir. Bunun sübut etməyə də ehtiyac yoxdur. Düşünürəm ki, bu qaydanın tətbiqi həm istehsalçılar, həm istehlakçılar, həm də biznes üçün problemlər yaradacaq”.
Tarix: 19-04-2025, 14:13