Gürcüstan, Türkiyə örnəkdir...





Güzəştlərə getməyə böyük ehtiyac var

Azərbaycanda da təhsil müəssisələri mütləq vergidən azad edilməlidir



Gürcüstanda dövlət statusu olan ali təhsil müəssisələri balanslarında və istifadələrində olan əmlakların vergisindən azad ediləcəklər. Bu barədə Əmlak Məcəlləsinə planlaşdırılan dəyişikliklər paketində qeyd olunub. Sözügedən qanun layihəsini "Gürcü Arzusu" partiyasının deputatları: Şalva Papuaşvili, Qiorqi Amilaxvari, Tamar Taliaşvili və Mariam Laşxi hazırlayıb.

Qeyd edilir ki, ali təhsil müəssisələri üçün nəzərdə tutulmuş yenilik, universitetləri əmlak vergisindən azad edəcək və onlar bu vəsaiti təhsilin keyfiyyətinin artırılması məqsədi üçün istifadə edə biləcəklər.

Mövzu ilə bağlı "Şərq"ə açıqlama verən təhsil eksperti  Kamran Əsədov bildirib ki, pandemiya dövründə ən çox zərər çəkən sahələrin başında təhsil sahəsi gəlir. O qeyd edib ki, bu dövrdə xüsusən özəl tədris mərkəzləri, hazırlıq kursları, hətta özəl universitetlər daha çox çətinliklərlə üzləşib:

"Çünki bilirsiniz ki, onlar dövlət univesitetlərindən fərqli olaraq öz vəsaitləri hesabına maliyyələşirlər. Ancaq dövlət universitetlərinin bir çox vəsaitləri və xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Birmənalı şəkildə pandemiya dövründə özəl tədris müəssisələrinin fəaliyyətinin məhdudlaşması ciddi şəkildə onların gəlirlərin aşağı düşməsinə, amma xərclərin eyni qaydada saxlanmasına gətirib çıxardı. Çünki pandemiya dövründə ölkə prezidentinin qərarına əsasən heç kim işdən azad edilmədi. Qeyd edim ki, özəl ali təhsil müəssisələrinin, tədris mərkəzlərinin təkcə gəlirləri tələbələrin ödədikləri təhsil haqları deyil, eyni zamanda onlar bufetdən istifadə edirlər və yaxud da ki, digər çap xidmətlərindən istifadə edirlər.  Bu da mərkəzə əlavə vəsaitlərin daxil olmasına gətirib çıxarır. Nəticədə pandemiya dövründə özəl mərkəzlərin fəaliyyət göstərməməsi onların gəlirlərinin ciddi şəkildə aşağı düşməsinə gətirib çıxardı". 

K.Əsədov  hesab edir ki, istər hazırlıq kursları olsun, istərsə də ali təhsil müəssisələri mütləq şəkildə onlar vergidən azad edilməlidirlər:

"Qardaş Türkiyədə ali təhsil müəssisələrində təhsil haqlarının aşağı olmasının əsas səbəbi onların vergidən azad edilməsi və yaxud da ciddi güzəştlərin tətbiq edilməsidir. Hesab edirəm ki, Azərbaycanda da təhsilin əlçatanlığının təmin edilməsi və əhatə dairəsinin genişlənməsi  üçün ciddi vergi güzəştlərinə ehtiyac var. Xüsusən  təhsil müəssisələri vergidən azad edilməlidir, çünki bunların istehsal etdiyi məhsul dövlətin inkişafı üçündür. Yəni özəl müəssisələr hər hansısa tərəvəz, belə deyək ki, əmtəə istehsal etmir. Onlar ölkənin gələcəyi üçün kadr yetişdirirlər. Məlumdur ki, maddi vəziyyətinə görə bir çox insanlar təhsil ala bilmirlər. Əgər təhsil müəssisələri vergidən azad edilərsə, o zaman  özəl mərkəzlərin xidmətləri də aşağı  düşəcək. Bu zaman təhsil haqqı və digər xidmətlərin qiyməti də aşağı düşəcək. Birmənalı şəkildə hesab edirəm ki, Azərbaycanda da təhsil müəssisələri bir sıra vergilərdən azad edilməli və güzəştlər tətbiq edilməlidir. Biz artıq pandemiya dövründə gördük ki, dərslər ənənəvi qaydada keçirilə bilmir. Bunun üçün alət lazımdır. Məsələn,  planşet, komputer. Həmçinin internetə çıxış imkanları lazımdır. Hesab edirəm ki, bu tipli avadanlıqların alınması üçün özəl mərkəzlərə xüsusi güzəştlər edilməlidir. Vergidən azad edilmələr nəzərdə tutulmalıdır ki, rahat şəkildə özəl mərkəzlər bunları ala bilsinlərr və insanlara daha keyfiyyətli xidmət göstərsinlər. Ümumiyyətlə, Azərbaycanda vergi sisteminə xüsusi yanaşma olmalıdır və təhsil müəssisələri birmənalı şəkildə bir sıra vergilərdən azad edilməlidirlər"
Tarix: 8-06-2021, 08:50




Xəbər lenti