"İran hər baxımdan çökmüş vəziyyətdədir" - Rəfsəncaninin qızı

 

 “İslam bizim ölkədə öz tarixinin ən pis vaxtını yaşayır”
 
İranda Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun keçmiş rəisi Haşimi Rəfsəncaninin qızı Faizə Haşimi, sosial şəbəkələrdə yaydığı bir səs yazısında ölkənin acınacaqlı durumuna toxunaraq, “dini lider” axund Əli Xamneyinin istefasını tələb edib.
 
Ölkənin idarəçiliyinin bərbad və acınacaqlı şəkildə olduğunu kəskin tənqid edən və cəmiyyətdə əsaslı dəyişikiklərin edilməsinə ehtiyac duyulduğunu bildirən Faizə Haşimi Əli Xamneyiyə səslənərək, onun könüllü olaraq hakimiyyətdən getməsini tələb edib. İranın hazırkı durumunun son dərəcə ağır olduğunu bildirən Rəfsəncaninin qızı deyib ki, ölkə hər baxımdan artıq çökmüş vəziyyətdədir: “Hər kəs üçün hökmranlıq etməyin bir həddi-hüdudu var. Cənab Xamneyi kifayət qədər hökmranlığını edib. Hesab edirəm ki, əgər o özü şəxsən ölkədə köklü və fundamental dəyişikliklərin aparılmasına, qüdrətin intiqalına şərait yaradılmasına təşəbbüs göstərsə, öz aqibətinin xeyirli olmasını təmin etmiş olar.
 
Cənab Xamneyi! Siz xalqa və cəmiyyətə baha başa gəlmədən ölkədə əsaslı və dərin dəyişiklər edilməsinə imkan yarada bilən yeganə şəxssiniz. Bunu isə, idarəçilik sisteminə heç bir dəxli olmayan digər meyarlar əvəzinə daxili və xarici siyasətdə əsl mütəxəssis qüvvələrdən istifadə etməklə başlamaq olar. Eynən Mixail Qorboçovun gördüyü iş kimi. Qorbaçov, Sovet İttifaqının yürütdüyü siyasətin nəticə vermədiyini, militarizm sektorundan başqa digər sahələrdə ölkənin və xalqın durumunun gündən-günə pisləşdiyini görəndən sonra yeni bir siyasətə üz tutdu.
 
Cənab Xamneyi! Bizim ciddi dəyişikliklərə ehtiyacımız var. Əgər siz bu cəmiyyətin lideri olaraq, ölkədə dəyişikliklər aparılmasını istəməsəniz başqa hadisələr baş verəcək. Axı, nə vaxta qədər repressiya, nə vaxta qədər öldürmək və nə vaxta qədər həbs və zindan?  Sözsüz ki, bu kimi üsullar da sonunda qədərini aşandan sonra öz təsirini itirəcək.
 
Cənab Xamneyi! Əgər demokratiyaya, insan hüquqlarına, düzgün idarəçilik üsullarına, layiq insanlardan istifadə olunmasına, İrana və iranlı olmağa, ölkə əhalisinin təhlükəsizliyinin təmin olunmasına və onların refaha qovuşmasına inanmırsınızsa, heç olmasa islamın nicatı üçün bir iş görün. Artıq özünüz də bilirsiniz ki, hazırda islam bizim ölkədə öz tarixinin ən pis dövr və vaxtını yaşayır və 41 il islam respublikasının hakimiyyəti dövründə islamın başına gələn bəla və oyunlar bir faciədir. Bundan başqa, bizim islam sistemi və hakimiyyəti adı altında hər gün atdığımız hər bir düşünülməmiş addım və yol verdiyimiz ardıcıl səhvlər də islamın adına yazılır, vəziyyəti indikindən də pisləşdirir.
 
Tarixdə yazılıb qalması üçün bunları demək və yeni nəsillərə çatdırmaq hamının borcudur. Bu da ona görə vacibdir ki, sonralar deməsinlər ki, biz bilmirdik. Niyə belə oldu, Bilmədik, bilsəydik belə olmasına imkan verməzdik” –deyə, Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun keçmiş rəisi ayətullah Haşimi Rəfsəncaninin qızı Faizə Haşimi, sosial şəbəkələrdə yaydığı bir səs yazısında əlavə edib.
 
 
Xatırladaq ki, İran rəsmilərinin üç gün inkardan sonra Ukraynanın sərnişin təyyarəsinin “Sepah” raketi ilə vurulmasını etiraf etməsinin ardınca yanvarın 12-də ölkənin 17 əyalətinin iri şəhərlərində rejimə qarşı dinc etiralar keçirilib. Etirazlarda isə səsləndirilən şüarların çoxunda, “dini lider” Əli Xamneyi hədəfə alınıb.
 
Etirazçılar, “Bizim cındır liderimiz bizə bir utancdır”, “Süleymani qatildir, rəhbəri də qatildir, “Diktatora ölüm”, “Bişərəf, bişərəf, istefa, istefa”, “Xameneyi həya elə, məmləkəti rəha elə”, “Qardaşımı öldürəni öldürəcəyəm” və digər şüarlar səsləndirərək, Əli Xamneyinin istefasını tələb ediblər. Günaz TV
шаблоны для dle 11.2
Tarix: 15-01-2020, 08:57




Xəbər lenti