
Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tender müsabiqəsi keçirmədən “Qala Express” MMC (VÖEN – 1301995111) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com xəbər verir ki, “Qala Express” MMC Elm və Təhsil Nazirliyinin sifarişi ilə şagirdlərin məktəblərarası daşınması xidmətlərini həyata keçirəcək.
Nazirlik bu xidmətə görə “Qala Express” MMC-yə 4 milyon 735 min 96 manat 98 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, “Qala Express” MMC 9 iyun 2009-cu il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, ev 44-də yerləşir. MMC-nin qanuni təmsilçisi Şükürov Elşən Təvəkkül oğludur.
Qeyd edək ki, “Qala Express” MMC bu günə kimi yalnız Elm və Təhsil Nazirliyi ilə satınalma müqavilələri imzalayıb. Bu ilin oktyabr ayında Elm və Təhsil Nazirliyi “Qala Express” MMC ilə odun yanacağının daşınması üçün 1 milyon 560 min 550 manatlıq daha bir müqavilə imzalayıb.
















