Sosial şəbəkələr bir növ güzgü rolunu oynayır. İnsanların həyat tərzi, düşüncələri, emosiyaları və cəmiyyətin ümumi tendensiyaları sosial media üzərində əks olunur. Burada insanlar özlərini necə görmək istəyirlərsə, elə də təqdim edirlər. Bununla da onların hansı səviyyədə olduqları üzə çıxır.Artıq məktəblilər də sosial şəbəkələrdən istifadə edir. Və həmin şəbəkələrdə gördükləri, oxuduqları informasiyalardan özləri üçün örnək götürürlər. Təəssüf hissi ilə deyə bilərik ki, bu gün sosial şəbəkələrdə əsasən yüngül həyat tərzi keçirənlər, “oğru dünyası”na maraq göstərənlər və bunu təbliğ edənlər daha çox bəyənilib paylaşılır. Bunu görən azyaşlılar da özlərini sübut etmək üçün onlar kimi olmağa çalışırlar.
Məsələn, aşağıda təqdim etdiyimiz şəkillə bağlı belə bir məlumat əldə etmişik.

Deməli, bir qrup azyaşlı bədəninə süni döymələr etdirib. Məsələnin pis tərəfi isə budur ki, həmin uşaqlar özlərinə "lotu" deyirlər. Həmin "lotu" ləqəbini daşıyan uşağa məhlənin hansısa bir uşağı "etimad" etmədən, xüsusi təzim "salamı" vermədən keçərsə, "lotu" ləqəbli uşaq dəstəsi ilə həmin uşağın "cəzasını kəsir". "Lotu" ləqəbi daşıyan uşaqların hamısı bədənlərinə qələmlə belə "döymələr" ediblər.
Təbii ki, bunu uşaqlara evdə valideyn, məktəbdə isə müəllimlər aşılamır. Onlar bu cür halları sosial şəbəkələrdə görür və təkrarlamağa çalışırlar.
Maraqlıdır, bu uşaqların gələcəkdə kriminal aləmə meyillənmə, cinayət törətmə ehtimalı var? Onlar gələcəkdə cəmiyyət üçün təhlükəli ola bilərlər? Bununla bağlı valideynlər və yaxud müəllimlər hansı tədbirlər görməlidirlər? Uşaqların zərərli informasiyaların təsirinə məruz qalmaması üçün sosial medialara qarşı hansısa qadağa tətbiq edilməlidir?Mövzu ilə balğlı Publika.az-ın suallarını cavablandıran klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov bildirdi ki, tərbiyə anlayışı insanın davranış və düşüncə tərzini formalaşdıran, cəmiyyətin sağlam dəyərlərinə uyğun yaşamağı öyrədən prosesdir:“Valideynlər və müəllimlər uşaqlara tərbiyə verərkən sevgi, hörmət və məsuliyyət hissini aşılamaqla onların sağlam düşüncədə inkişafını təmin edirlər. Bəzi uşaqların “lotu” ləqəbini mənimsəyərək qruplaşmalar yaratması, zorakı davranışları normallaşdırması və məhəllə qaydalarını öz metodları ilə tənzimləməyə çalışması ciddi narahatlıq doğuran tendensiyadır. Bu cür hallar təkcə həmin uşaqların deyil, bütövlükdə cəmiyyətin gələcək sosial təhlükəsizliyi üçün risk daşıyır. Bunun əsas səbəbləri sosial, psixoloji və mədəni amillərlə bağlıdır və məsələyə kompleks yanaşma tələb olunur. Uşaqların erkən yaşlardan belə qruplaşmalara qoşulmasının başlıca səbəblərindən biri onların ailədə və sosial mühitdə qarşılanmayan emosional ehtiyaclarıdır. Uşaq ailədə kifayət qədər sevgi, diqqət və qayğı görmədikdə, özünü ifadə etmək və qəbul olunmaq üçün alternativ yollar axtarır. Əgər ailə daxilində münasibətlər soyuq və ya laqeydlik üzərində qurulubsa, valideynlər uşağın psixoloji vəziyyətinə yetərincə diqqət ayırmırsa, bu boşluğu digər təsirlər doldurmağa başlayır. Bu təsirlər arasında ən təhlükəlisi zorakılığa və kriminal mədəniyyətə əsaslanan subkulturlardır. Məktəblərdə və sosial mühitdə də eyni problemlər müşahidə oluna bilər. Əgər məktəbdə uşaqlar arasında zorakılıq halları varsa və bu hallar adekvat reaksiya doğurmursa, bəzi uşaqlar güc və qorxutma yolu ilə status qazanmağa çalışır. Belə halların qarşısı vaxtında alınmazsa, uşaqlar zorakılığı özlərini təsdiqləmək üçün effektiv üsul kimi qəbul edirlər”.
Psixoloq onu da qeyd etdi ki, uşaqların formalaşmasında mühüm amillərdən bir də mediadan və cəmiyyətdən gələn təsirlərdir:“Son illərdə filmlər, seriallar, sosial şəbəkələr və musiqi dünyasında kriminal həyat tərzi açıq və ya dolayı yollarla romantikləşdirilir. Cinayətkarların “qəhrəman” obrazında təqdim olunması, zorakılığın status və hörmət gətirdiyi fikrinin yayılması uşaqların düşüncəsində dəyərlərin təhrif olunmasına səbəb olur. Əgər bu məsələdə valideyn nəzarəti və sosial maarifləndirmə yetərsizdirsə, uşaqlar bu tip davranış modellərini təqlid etməyə başlayır. Belə halların qarşısını almaq üçün genişmiqyaslı psixoloji və sosial tədbirlər görülməlidir. Valideynlər uşaqları ilə açıq ünsiyyət qurmalı, onların daxili dünyasına və emosional ehtiyaclarına diqqət yetirməlidirlər. Uşaqların kimlərlə ünsiyyətdə olduğu, hansı fəaliyyətlərdə iştirak etdiyi yaxından izlənilməlidir. Valideynlər aqressiv və zorakı davranışları cəzalandırmaq əvəzinə, uşağın bu davranışa yönəlməsinin əsas səbəbini anlamağa çalışmalıdırlar".
R.Nəcəfovun fikrincə, məktəblərdə psixoloji xidmətlər gücləndirilməli, uşaqlara zorakılığın və kriminal qruplaşmaların fəsadları haqqında mütəmadi məlumatlar verilməli, maarifləndirmə işləri aparılmalıdır:“Psixoloqlar və sosial işçilər məktəb mühitində zorakılığın qarşısını almaq üçün daha aktiv iştirak etməlidir. Müəllimlər uşaqlarda liderlik bacarıqlarının müsbət istiqamətdə inkişafına kömək etməli, onlara sağlam sosial əlaqələr qurmağı öyrətməlidirlər. Eyni zamanda, hüquqi maarifləndirmə aparılmalıdır. Uşaqlara hüquq qaydalarının nə olduğunu, zorakı və qeyri-qanuni davranışların gələcəkdə hansı nəticələr doğura biləcəyini izah edən seminarlar təşkil olunmalıdır. Cinayətkarlıq meyillərinin erkən mərhələdə qarşısının alınmasında hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edilməlidir. Alternativ sosial fəaliyyətlər uşaqlar üçün ən effektiv preventiv tədbirlərdən biridir. Belə uşaqların əksəriyyəti güclü liderlik xüsusiyyətlərinə malik olurlar. Onların bu enerjisi və potensialı düzgün istiqamətə yönəldilməlidir. İdman, incəsənət, könüllülük proqramları və digər pozitiv sosial fəaliyyətlər uşaqlara özlərini ifadə etmə və cəmiyyətdə yer tapma imkanları verməlidir.
Sağlam düşüncənin formalaşması üçün cəmiyyətin bütün təbəqələri birlikdə hərəkət etməlidir. Burada yalnız məktəb və hüquq-mühafizə orqanları deyil, valideynlər, sosial institutlar, media və ictimai xadimlər də məsuliyyət daşıyır. Əgər bu gün məhəllələrdə "lotu" ləqəbi ilə böyüyən uşaqlara alternativ yol göstərilməzsə, sabah onlar daha ciddi cinayətlər törədən fərdlərə çevrilə bilərlər. Cəmiyyətin gələcəyi üçün sağlam düşüncəli, güclü, lakin zorakılığı deyil, maariflənməni və intellekti əsas tutan gənclərin yetişdirilməsi prioritet olmalıdır”.
Mövzu ilə bağlı media eksperti Müşfiq Ələsgərlinin də fikirlərini öyrəndik.
O bildirdi ki, uşaqlar və informasiya məsələsi xüsusi həssaslıq tələb edən bir sahədir:
“Təsadüfi deyil ki, jurnalistlərin etik kodeksində bu barədə xüsusi bəndlər nəzərdə tutulub. Əlavə olaraq qanunvericilik də uşaqlarla bağlı informasiyalara xüsusi həssaslıqla yanaşmağı tələb edir. Onların zərərli informasiyaların təsirinə məruz qalmaması üçün isə əlahiddə qanun qəbul olunub. Həmin qanunda informasiya verilməsinin, xüsusilə yetkinlik yaşına çatmayan auditoriyanın zərərli informasiyalardan qorunması haqqında çox ciddi müddəalar mövcuddur. Çox təəssüf ki, peşəkar mediada bu məsələlər həssaslıqla yanaşılıb, nəzərə alınsa da, sosial media alətləri, sosial mediaya platformaları üzərində yayılan informasiyalarda bu məsələlər nəzərə alınmır. Uşaqlar kifayət qədər zərərli informasiyalar almış olurlar”.
M.Ələsgərli onu da əlavə etdi ki, sosial şəbəkələrdə yayılan “oğru dünyası” ilə bağlı cəzbedici hekayələr özünün neqativ təsirini göstərməkdədir:“Xüsusilə son illərdə “oğru dünyası”na aid cazibədar hekayələrin quraşdırılaraq yayılması nəinki yetkinlik yaşına çatmayan şəxslərdə, hətta yetkinlik yaşını keçmiş insanlarda da yanlış fikirlərin yaranmasına səbəb olur. Azərbaycan media mütəxəssisləri bu cür “oğru dünyası”na aid və yaxud kriminal şəxslərlə bağlı cazibədar hekayələrin yaradılıb yayılmasının xüsusi təhlükələr yaratdığını hər zaman öz çıxışlarında qeyd edirlər. Amma yenə də təəssüflə vurğulayıram ki, bütün bu çıxışlara, çağırışlara, tənqidlərlə baxmayaraq sosial şəbəkələr üzərindən yenə də bu cür informasiyalar yayılır. Sözügedən uşaqlarla bağlı məsələlər göstərir ki, artıq “oğru dünyası” ilə bağlı cəzbedici hekayələr özünün neqativ təsirini göstərməkdədir. İndi yayılan şəkillər yalnız bir epizoddur.
Biz il ərzində orta məktəblərdə özünü “oğrusu dünyası”nın təmsilçilərinə oxşatmaq istəyən çoxsaylı uşaqlar barədə informasiyalara tanış oluruq. Bu da cəmiyyətdə xüsusi narahatlıq yaradır. Qeyd etdiyim kimi, sonuncu yayılan bu şəkil və informasiya da bu epizodlardan yalnız biridir. Ona görə hesab edirəm ki, uşaqların zərərli informasiyadan qorunması haqqında qanunun müddəalarının sosial şəbəkələrə də tətbiq edilməsi ilə bağlı xüsusi bəndlərin artırılmasına zərurət var. Hazırda mövcud olan bu qanun yalnız peşəkar medianı əhatə etdiyi üçün sosial şəbəkələrdə bu sahədə neqativlər üzə çıxır. Düşünürəm ki, sosial şəbəkələrin yaydığı məzmunda da uşaqların bu cür zərərli informasiyalardan qorunması haqqında qanunvericilikdə müəyyən düzəlişlərin edilməsinə ehtiyac var.
Bütün bunları təkcə məktəbin, valideynin üzərinə yıxmaq olmaz. Bizim həm peşəkar informasiya vasitələri, həm də yeni media alətləri, o cümlədən sosial şəbəkə platformaları bu sahədə kifayət qədər qayda, qanun pozuntularına yol verirlər və nəticədə bu cür neqativ amillər ortaya çıxmış olur. Bu səbəbdən də hesab edirəm ki, bununla bağlı müəyyən ölçülərin götürülməsinin zamanı çatıb".
Tarix: Bu gün, 13:40