Dərsə gedən bir uşaq, çıxdı... mərmər üstə qoçaq!

Dərsə gedən bir uşaq, çıxdı... mərmər üstə qoçaq!
Adrenalin dolu parklarımız - “İnsanlar bu parklara ayaq basmağa qorxur...”

Xalq arasında belə bir deyim var: “Allah ayıbını örtsün”. Və Allah da ayıbımızı örtürdü – Bakıya qar vermirdi. Amma hər şey bir anda dəyişdi – paytaxtımız üçün qəribə hadisə baş verdi, bir neçə gün davam edən intensiv qar yağdı...

Cəmi bir neçə ay öncə güclü yağışdan sonra Bakının kanalizasiya və drenaj sistemindəki biabırçı vəziyyət ortaya çıxdığı kimi, bu dəfə qar yağandan sonra paytaxtın ekoloji durumu və yollarımızdakı asfalt örtüyünün vəziyyəti özünü göstərdi. Qar yağandan sonra hər tərəf ağ örpəyə bürünsə də, az sonra ağ qarımız qara rəng almağa başladı. Bu, özünü yollarda xüsusilə göstərirdi. Hər tərəf qapqara horraya bənzər palçıq, xüsusi texnikanın təmizləyərək yol kənarına yığdığı qapqara qar topaları...

Və bir də Bakı küçələrində şütüyən, çirkli, bəzi hallarda rəngi dəyişən avtomobillər. Əlbəttə, bunu Bakının küləklər şəhəri olması, küləyin xeyli miqdarda toz qaldırması ilə izah etmək olar. Hərçənd, hamımız bilirik ki, səbəb tək bu deyil, paytaxta qulluq səviyyəsinin, küçələrin yuyulmasının, tikinti zamanı qaydalara riayət edilməməsinin də payı var. Hər necə olsa da, qardan sonra yollardakı vəziyyət bizim udduğumuz havanın sağlamlığımıza necə təsir göstərdiyinin güzgüsüdür...

Yolar demişkən, qar əriyəndən sonra yollarımızda, elə ara küçələrdəki vəziyyət də adamı dəhşətə gətirir. Hər yer gölməçə, hər yer ortaya yeni çıxan çala-çuxur... Elə bil ki, paytaxt hansısa xırda miqyaslı atəşə tutulub və kiçik mərmi partlayışları özündən sonra çala yaradıb. Hətta paytaxtın əsas prospekti sayılan Heydər Əliyev prospektində yol çökdü.

Əlbəttə, cavabdeh strukturlar deyəcəklər ki, Bakıya gözlənilməyən (!), intensiv qar yağması bir sıra problemlərə səbəb olub və nəticədə yol infrastrukturuna ziyan dəyib. Onu da əlavə edəcəklər ki, çətinliklər aradan qaldırılır, qəzalı yollar tez bir zamanda təmir ediləcək. Sonra da küçələrə texnika çıxarılacaq, artıq yararsız vəziyyətə düşən yollardakı çala-çuxurlar elə yamanacaq ki, görən “əvvəlki bərbad vəziyyəti bundan yaxşı idi” deyəcək...

Bəs bu hallar niyə baş verir? Əlaqədar strukturlar bunu qarın intensiv olması, normadan artıq yağması ilə əlaqələndirəcəklər. Yüz faiz belə olacaq. Amma bəlkə bu qüsurlar ona görə baş verib ki, yollarımıza çəkilən asfalt örtüyü normaya cavab vermir? Bəlkə elə yol çəkilişi zamanı yol verilən başqa nöqsanlara (bu nöqsanların nədən ibarət olduğunu hamımız bilirik) görədir? Bəlkə qlobal istiləşmə deyilən təbiət fenomeninə görə bəxtimiz gətirib? Yoxsa, Allah eləməsin, Bakıya çox uzaq yox, elə cəmi 20-30 il əvvəlki kimi qar yağsa nə olardı?

Xəstə Bakımızın, elə digər şəhərlərimizin başqa bir dərdi də var – mərmər dərdi. Nə sehrdisə, bizdə hər yeri mərmərləyir, kafelləyirlər. Hər mağazanın sahibi obyektinin qarşısını göz oxşayan, amma sürüşkən kafellə bəzəyir. Park adına gəzintiyə çıxanda, ağaclar, yaşıllıqlar yox, mərmər örtüklər görürsən - ətraf mərmər, ayaq altı mərmər, az qala göyün üzü də mərmər! Və bu daşların arasında gözə çarpan ara-sıra ağac və kollar...

Biz bu mərmər sevgisinin hava təmizliyinə, oksigen istehsalına nə dərəcədə ziyanlı olduğunu bir kənara qoyuruq – bu, başqa, böyük araşdırma mövzusudur. Amma yağış, xüsusilə də qardan sonra bu daşların, mərmərlərin nə qədər təhlükəli olduğunu, son qardan sonra yıxılıb xəsarət alanların neçəsinin mərmərin “qurbanı” olduğunu bilirisiniz?

“Yağış və qar yağanda o parka ayaq basmıram. Canımdan artıq deyil ki...”

Bu sözləri Sumqayıtdakı Heydər Əliyev parkının döşəməsindən gileylənən şəhər sakini Samirə Quliyeva Pressklub.az-ın əməkdaşı ilə söhbətində deyib.

Müsahibimiz sözünə davam edərək deyib ki, park payız-qış aylarında əlverişsiz vəziyyətə düşür. Döşəməsi o qədər sürüşkəndir ki, yağış, qar yağan kimi gündə biri yıxılır, əzilir, qolu-qıçı sınır: “Tərslikdən hər səhər işə gedəndə yolum parkdan keçir. Canımın dərdindən hər dəfə yağış yağanda yolumu uzadıb, parkın kənarından fırlanıram. Bir dəfə işə gecikirdim, parkın içindən keçməli oldum. Amma keçə bilmədim. Necə yıxılıb yerdə qaldımsa, uşaqlarım gəlib birbaşa travmatologiyaya apardılar. Yaxşı ki, sınığım olmadı. Topuğum çıxmışdı, qolum da əzilmişdi. Niyə bu təhlükə, rahatsızlıqla yaşamalıyıq? Buna bir əlac etmək olmaz?”

Dərsə gedən bir uşaq...

Paytaxtımızdakı ali təhsil ocaqlardan birində oxuyan L.S. adlı tələbə rəfiqələri ilə bir yerdə metrodan çıxıb, təhsil aldığı binaya üz tutub. Və...

“Dərsə gedən bir uşaq, çıxdı buz üstə qoçaq,

Yıxıldı birdən-birə, dəydi üz üstü yerə...”

Mirzə Ələkbər Sabirin məşhur “Uşaq və buz” şeirini hamımız məktəbdə öyrənmişik. Bizim qəhrəmanımız da eynən Mirzənin təsvir etdiyi uşaq kimi yıxılıb. Amma bir fərqlə - “Dərsə gedən bir uşaq, çıxdı... mərmər üstə qoçaq”. L. S. sürüşkən mərmərin üstünə ayaq basan kimi yıxılıb, sol dizini və sol dirsəyini ciddi zədələyib. Xoşbəxtlikdən, ciddi əzik olsa da, bu dəfə də sınıq olmayıb. Amma tələbə bir neçə gün dərslərini, o cümlədən mühüm yoxlamanı buraxmalı olub.

Redaksiyamıza gələn şikayətlərin canlı şahidi olmaq üçün parklarımızdan birinə yollandıq. Qar kəsmişdi, mərmər döşəmə isə sürüşkən idi. Qarşılaşdığımız mənzərə heç ürəkaçan deyildi. Deyəsən, bura parkı yox, idman-konsert kompleksinin buz meydançası idi. Parkda olanların ayağında ancaq konki çatışmırdı. İnsanlar ya bir-birindən, ya da işıq dirəklərindən tutaraq yeriyirdi. Bir neçə dəfə mən də (müəllif – red.) düz yolda sürüşdüm.


Ətrafa nəzər salarkən gözüm çətinliklə yeriyən, yanında iki uşaq olan ortayaşlı qadına sataşdı. Ona yaxınlaşıb, yardım təklif etdim:

- Kömək lazımdır?

- Zəhmət olmazsa, bunu tutsanız, çox yaxşı olar (əlindəki çantanı uzadır).

Çantanı götürdüm, o isə uşaqların əlindən tutdu, yola düzəldik. Ağzımı açıb sual verməyə macal tapmamış, qadın deyinməyə başladı:

- Belə havada bu parka girəndə az qalıram həyatdan küsüm. Uşaqların məktəbinə görə hər dəfə məcbur qalıram buradan keçməyə.

- Bu park həmişə belə olub?

- Buranı təmir ediblər. Əvvəl, boz rəngli mat döşəmə idi. O da sürüşkən idi, amma bundan çox şükürlü idi. Amma tez xarab oldu, ona görə dəyişdilər. Bu da lap betərdi. Allah bilir, bu döşəmələr qoyulandan bəri neçə nəfər xəstəxanalıq olub.

Qadının ürəyi dolu imiş. Yol uzunu elə hey deyindi. Bir neçə dəfə burada yıxılıb, xəsarət alıb. Ona görə də, gözü yaman qorxmuşdu. Amma yenə də buradan keçməyə məcbur imiş.

Qadın narazı baxışlarla şikayətlənməyə davam edirdi: “Adi havalarda birtəhər getmək olur. Əsas problem yağışlı, qarlı havalardı. Qar yağanda buz meydançasına çevrilir. Dəqiqədə biri yıxılır. Çox təhlükəli olur. Kiçikli-böyüklü hamı yıxıla-yıxıla qalır. Bilmirəm, nə ağılla bu cür sürüşkən döşəmə qoyublar”.

Yolun sonuna çatdıq. Qadın təşəkkür edərək sağollaşdı, yoluna davam etdi. Mən də ehtiyatla parkı tərk etdim.

Təəssüf ki, problem yalnız bir parkda deyil, Bakının, Sumqayıtın, digər şəhərlərin park və xiyabanlarında, mağazaların qarşısında, eləcə də yeraltı piyada keçidlərində və səkilərdə (yolların qırağındakı mərmər bordür daşları) hökm sürür. Hər il həmin yerlərdə, xüsusilə də qış aylarında onlarla yıxılan, xəsarət alanlar olur. Üstəlik problemin dəfələrlə mediada işıqlandırılmasına baxmayaraq, heç kim əlini-əlinə vurmaq istəmir.

Qeyd edək ki, ötən il paytaxta yağan qardan sonra Səhiyyə Nazirliyi Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna 137 nəfər müraciət edib ki, onlardan 75 nəfəri hava şəraiti ilə əlaqədar olaraq müxtəlif sınıq və əzilmə xəsarətləri olan vətəndaşlardır. Onu da nəzərə çatdıraq ki, ötən il Bakıda çox cüzi qar yağıb. Bu ilin qarını isə hamımız gördük. Problemin hələ də həll edilməməsi onu göstərir ki, bu il rəsmi statistika daha bərbad olacaq...

Maraqlıdır, həmin ərazilərin proyekti hazırlanan zaman nəyə görə bu nüanslar gözardı edilib? Problemin səbəbi nədir? Və həlli üçün hansı alternativlər var?

Mövzu ilə bağlı Pressklub.az-a danışan memar Cahid Hüseynov deyib ki, həmin ərazilər təkcə payız və qış aylarında yox, elə yaz-yay aylarında da sürüşkən olur. Yay vaxtlarında dənizkənarı parkda dənizin şehi ilə, digər fəsillərdə də yağış və qar ilə həmin yerlərin normadan çox sürüşkən olmasına səbəb olur. Xüsusilə qış aylarında bu təhlükə daha da artır.

Müsahibimiz hesab edir ki, sürüşkən materialların döşəməyə vurulması vizual baxımdan parıltı yaratsa da, bundan başqa heç bir əhəmiyyət kəsb etmir. İnsanlar istədikləri zaman həmin parklarda rahatlıqla gəzə bilməlidir. Bunun üçün də lazımi şərait qurulmalıdır.

Həmsöhbətimiz onu da deyib ki, döşəmə üçün “bişirilmiş”, yəni sürüşkən olmayan materiallar var və onlardan istifadə edilməlidir: “Onu yandırırlar ki, üstünün hamarlığı, sürüşkənliyi getsin. Buna görə, vizual parlaqlıq itsə də, mərmərin möhkəmliyi artır. O parlaqlığı isə döşəmədə yox, abidə komplekslərinin üzlənməsində, fəvvarələrdə və s. istifadə etmək olar. İnsanların ayaq basdığı yerlərdə bu cür sürüşkən materiallardan istifadə ağlasığmazdır. Problemin həlli üçün geniş təmir-bərpa işlərinə başlanılmalıdır”.

Əvvəllər insanlar adrenalin ehtiyacını parklardakı karusellərlə qarşılayırdılar. İndi isə həmin karusellər yerini döşəmələrlə dəyişib. Hətta bəzi gənclər parklardakı döşəmələrdən buz meydançası kimi istifadə edir, vəziyyəti əyləncəyə çevirirlər. Amma bunun sonu heç də həmişə yaxşı bitmir. Və acı xatirə, travma olaraq yaddaşlarda silinməz izlər buraxır. Ona görə də ehtiyatlı davranmaqda fayda var. Axı, ehtiyat igidin yaraşığıdır.

Günay Elşən
Tarix: Bu gün, 12:31
Xəbəri paylaş





Xəbər lenti