Putin söyüldü, avtobuslar pulsuz oldu - Cihazlara müdaxilə Kaladzeni özündən çıxardı + VİDEO

“İstintaq Tiflis ictimai nəqliyyatında gediş haqqının ödənilməsi sistemlərinə edilən kiberhücuma görə məsuliyyət daşıyanları müəyyənləşdirəcək”.
SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə paytaxtın meri Kaxa Kaladze məlumat verib.
“Ehtimal ki, kiberhücum olub, amma haradan, o cümlədən kimin tərəfindən və necə olduğunu istintaq mütləq müəyyən edəcək”, - deyə mer əlavə edib.
Kaladze xatırladıb ki, validatorlara texniki dəstəyə görə “Gürcüstan Bankı”nın podratçı şirkətləri “MS+” və “Azri” cavabdehdir.
Gürcüstan mediası yazır ki, Daxili İşlər Nazirliyi hələlik araşdırmaya başlandığını elan etməyib.
Qeyd edək ki, bu gün səhər paytaxtın ictimai nəqliyyatındakı ödəniş cihazlarında nasazlıq yaranıb. Avtobuslarda və mikroavtobuslarda olan şəhər sakinləri standart qısa ödəniş sədaları əvəzinə validatorlardan Zurab Jvaniyanın “Mən gürcüyəm və buna görə də mən avropalıyam” tarixi nitqinin fraqmentini, Merab Kostavanın, Zviad Qamsaxurdiyanın çıxışlarından fraqmentləri, “Gürcü Arzusu”na həsr olunmuş etiraz himnini, “Putin – x**lo” və ya mitinqi dağıtmağa başlamazdan əvvəl xüsusi təyinatlıların səsləndirdikləri çağırışları eşidiblər.
Paytaxt meriyası dərhal bütün cihazları söndürmək qərarı alıb. Problem aradan qaldırılanadək ictimai nəqliyyatda gediş pulsuz olacaq.Xatirə SADİQ
Tarix: 24-01-2025, 21:55