Avropa İttifaqı Rusiyaya qarşı 16-cı sanksiyalar paketini razılaşdırıb

Rusiyanın Ukraynaya təcavüzünün üçüncü ildönümündə qüvvəyə minəcəyi gözlənilir
Avropa İttifaqının (Aİ) səfirləri Rusiyanın Ukraynaya müdaxiləsinə görə ona qarşı 16-cı sanksiyalar paketi ilə bağlı razılığa gəliblər. Bu gün qərarın rəsmən təsdiqlənəcəyi və fevralın 24-də, Rusiyanın Ukraynaya təcavüzünün üçüncü ildönümündə qüvvəyə minəcəyi gözlənilir.
Beynəlxalq xəbər agentliklərinin məlumatına görə, yeni məhdudlaşdırıcı tədbirlərə Aİ ölkələri tərəfindən Rusiya alüminium məhsullarının alınmasına tədricən qadağa daxildir. Rusiyadan neft ixracına da məhdudiyyətlər sərtləşdiriləcək.
Sanksiyalar həmçinin Rusiyanın “kölgə donanması” adlanan və məhdudiyyətlərdən yayınaraq neft ticarəti üçün istifadə olunduğu güman edilən 73 tankeri hədəf alacaq. Həmçinin 13 bank “qara siyahı”da olacaq. Bundan əvvəl “Uralsib” və “Toçka” da daxil olmaqla 15 Rusiya bankının sanksiyalara məruz qala biləcəyi bildirilirdi.
Daha əvvəl “Sistema” layihəsi məlumat vermişdi ki, qarşıdan gələn 16-cı sanksiyalar paketində Avropa İttifaqı sərhədlərarası köçürmələr üçün məşhur xidmət olan “Zolotaya Korona”nın operatoru “RNKO Payment Constructor”a qarşı məhdudiyyətlər tətbiq edəcək.
Həmçinin daha əvvəl bildirilmişdi ki, sanksiyalar TASS, “Lenta.ru” və bir sıra digər dövlət və ya Kremlə bağlı KİV-lərə, o cümlədən Rusiya Müdafiə Nazirliyinin “Zvezda” telekanalına, Krımın ilhaqından bəri fəaliyyət göstərən Kremlyönlü “NewsFront” saytına və “Eurasian” gündəmini təbliğ edən “EADaily” portalına şamil ediləcək. Ümumilikdə, AFP-nin məlumatına görə, Rusiyanın 8 KİV-i sanksiyalara məruz qalacaq.
Həmçinin Rusiyayönlü gündəmi təbliğ edən, Rusiyada qeydiyyatdan keçmiş beyin mərkəzi olan Strateji Mədəniyyət Fonduna da sanksiyaların tətbiqi təklif edilib.
Aİ-də bu cür sanksiyalara ehtiyac Ukraynadakı müharibə fonunda İttifaqın informasiya təhlükəsizliyini təhdid edən Rusiya təbliğatına qarşı mübarizə ilə izah edilib.
“Reuters”in məlumatına görə, ümumilikdə 48 fiziki və 35 hüquqi şəxs sanksiyalara məruz qalacaq.
Bir gün əvvəl Ər-Riyadda Rusiya nümayəndələri ilə danışıqlar aparan Amerika nümayəndə heyətinə rəhbərlik edən ABŞ dövlət katibi Marko Rubio avropalı həmkarlarını əmin edib ki, ABŞ ən azı sülh sazişi bağlanana qədər Rusiyaya qarşı sanksiyaları ləğv etməyəcək. Bu barədə “Bloomberg” məlumat yayıb. Bildirilib ki, Rubio bir gün əvvəl Aİ-nin bir neçə xarici siyasət idarəsinin rəhbərinə zəng edərək ABŞ-ın Moskva ilə razılığa gəlmək üçün sanksiyaları ləğv edə biləcəyi ilə bağlı qorxularını qismən aradan qaldırıb.
Müəllif: Turan Abdulla
Tarix: 20-02-2025, 11:02
Xəbəri paylaş





Xəbər lenti