“FTB, Pentaqon, Dövlət Departamenti Maskın tələbini yerinə yetirməyəcək” – NYT
ABŞ-nin bir sıra qurumlarının, o cümlədən Federal Təhqiqatlar Bürosu (FTB), Pentaqon, Dövlət Departamenti, Milli Kəşfiyyat İdarəsi və Daxili Təhlükəsizlik Departamentinin rəhbərliyi ABŞ Hökumətinin Effektivliyi İdarəsinin (DOGE) sorğusuna cavab verməməyi əmr edib. Yeniavaz.com xəbər verir ki, bu barədə “New York Times” (NYT) məlumat yayıb. Daha əvvəl DOGE-nin baş direktoru İlon Mask bildirib ki, Amerika hökuməti işçilərinə həftə ərzində gördükləri işlər barədə hesabat vermələrini tələb edən e-poçt məktubları alacaqlar və cavab verməmək istefa kimi qiymətləndiriləcək. Tələbə tabe olmamaq əmri Maskın səlahiyyətlərinin nə qədər genişlənməsinə dair ilk ciddi sınaqlardan biri hesab edilə bilər, nəşr bildirib. Nəşr hesab edir ki, bu, həm də ABŞ Prezidenti Donald Tramp administrasiyasının pərdəarxası biznesmenin hərəkətlərindən yaranan narazılığın artdığını göstərir.