
Rusiya əhalisinin 52 faizi müharibəni dəstəklədiyini, 46 faizi isə “müharibənin məqsədlərinə çatmadan” Rusiya qoşunlarının Ukraynadan çıxarılmasını dəstəkləməyəcəklərini bildirib.
Yeniavaz.com xəbər verir ki, bu göstərici müstəqil “Xronika” tədqiqat layihəsinin telefonla keçirdiyi sorğu əsasında ortaya çıxıb.
Respondentlərin 48 faizi müharibəni dəstəkləməyib, 41 faizi isə qoşunların “müharibənin məqsədlərinə nail olmadan” çıxarılmasını alqışlamağa hazırdır.
Bununla belə, respondentlərin yarıdan çoxu, yəni 54 faizi müharibənin gündəlik həyatlarına mənfi təsir etdiyini, 32 faizi heç bir dəyişiklik hiss etmədiyini, 9 faizi isə müharibə başlayandan bəri gündəlik həyatlarının yaxşılaşdığını bildirib.
“Russian Field” müstəqil sosioloji xidmətinin sorğusuna əsasən , Rusiya vətəndaşlarının 43 faizi hərbi əməliyyatın davam etdirilməsini, 45 faizi isə sülh danışıqlarına dərhal keçidin tərəfdarıdır. Bundan əlavə, respondentlərin 76 faizi belə bir qərarın Rusiya Prezidenti Vladimir Putin tərəfindən veriləcəyi təqdirdə sülh müqaviləsinin imzalanmasını dəstəkləyəcək.
“Russian Field” tərəfindən müxtəlif bölgələrdə keçirilən sorğularda əhalinin 28 faizi müharibənin gedişatı ilə “az” və ya “heç maraqlanmadığını” bildirib.
Rusiyanın Dövlət İctimai Rəy Mərkəzi (VTsIOM) də öz məlumatlarını açıqlayıb. Bu məlumatlara görə, sorğuda iştirak edən vətəndaşların ən azı üçdə ikisi üç ildir müharibəni dəstəkləyib və dəstəkləməkdə davam edir. 58 faiz müharibənin Rusiya cəmiyyətini bir-birinə yaxınlaşdırdığına, 25 faiz isə müharibənin sosial nifaqı dərinləşdirdiyinə inanır. Mərkəzin məlumatına görə, Putinə dəstək səviyyəsi artıb – 2022-ci ilin yanvarında 64 faiz, 2024-cü ilin dekabrında isə 76 faiz olub. Rusiya vətəndaşlarının 92 faizi özünü vətənpərvər hesab edir, 81 faizi isə ölkəsi ilə fəxr etdiyini deyir. Respondentlərin 5 faizi ölkəni tərk etmək istəyir. Mərkəzin direktoru Valeri Fyodorovun sözlərinə görə, bu, son 30 ildə ən aşağı göstəricidir.