Tramp qaçqın və miqrant məsələsinə görə Amerikanı qaynadır

 Tramp qaçqın və miqrant məsələsinə görə Amerikanı qaynadır Böyük şirkətlər ona qarşı çıxır, ortada xaotik durum var, prezident isə geri çəkilmək fikrində deyil...

Prezident Trampın 7 müsəlman ölkəsinin vətəndaşlarına qarşı tətbiq etdiyi viza qadağasından sonra ABŞ-da kritik proseslər baş verir. Ölkənin demək olar ki, hər yerində etiraz aksiyalarının başladığı bir vaxtda, içlərində Kaliforniya, Pensilvaniya və Nyu Yorkun da olduğu 16 ştatın baş prokurorları ABŞ prezidenti Trampın viza qadağasına qarşı ortaq bir bəyanat yayıb. Prokurorlar yaydıqları bəyanatda Trampın bu qərarını pisləyiblər. ABŞ prezidenti ölkədə xaos yaratmaqda ittiham olunub.

Bəyanatda Trampın səs aldığı İova və Penselvaniya kimi ştatların da olması diqqət çəkib. Amerikanın məşhur kofe firması "Starbucks" və ev kirayəsi şəbəkəsi "AirBn" prezident Donald Trampın mühacir və qaçqınlarla bağlı qərarlarına qarşı hərəkətə keçib. Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Starbucks suriyalı qaçqınların ABŞ-a girişini təxirə salan və 7 müsəlman ölkəsindən vətəndaşların ölkəyə girişini 90 günlüyə qadağan edən qərarnamənin ardınca bəyan edib ki, fəaliyyət göstərdikləri 75 ölkədə 5 il ərzində 10 min mühacirin məşğulluq problemini həll edəcək.

"Starbucks" təmsilçisi Hovard Schultz şirkət əməkdaşlarına göndərdiyi məktbubda yazıb ki, “Amerikan röyası”nın vəd etdiyi dəyərlər artıq sorğulanmağa başlayır. "Starbucks" şirkəti müharibə, şiddət, zülm və ayrı-seçkilikdən qaçanları müdafiə etmək, onları iş yeri ilə təmin etmək üçün cəhdlərini ikiqat artıracaq, eyni zamanda Meksikaya da investisiya qoymağa davam edəcək.

Evini kirayəyə verənlərlə səyyahları intertnetdə görüşdürən "AirBnb" şirkətinin təmsilçisi Brian Cheski isə deyib ki, ABŞ prezidenti Donald Trampın mübahisə yaradan “ölkəyə giriş qadağası” qərarına qarşı təmsil etdiyi şirkət bu qadağadan əziyyət çəkənləri pulsuz qalacaq yerlə təmin edəcək. Facebook hesabından açıqlama verən Çeski aşağıdakıları deyib: “3 milyondan çox evimiz var. Qadağadan əziyyət çəkəcək şəxslərə yer tapacağıq”.

Şirkət rəsmisi eyni zamanda bu qərardan təsirlənən və qalmağa yeri olmayan hər kəsi şəxsən onun elektron ünvanına məktub yazmağa çağırıb. Eyni zamanda şirkətin təbii fəlakətlərdən zərər görən şəhərlərə yardım çərçivəsində ehtiyatda saxladığı evləri də var. İtaliya zəlzələsində və Şilidəki yanğından bu evlər zərərçəkmişlərə təqdim olunmuşdu. Çeski deyib ki, lazım gəlsə, bu evlər də səyahət qadağasından əziyyət çəkənlərin istifadəsinə veriləcək. ABŞ-ın dünyaya hökm edən texnologiya divləri də respublikaçı prezidentin icraatlarına qarşı çıxdıqlarını açıq şəkildə dilə gətiriblər. Onları buna vadar edən Tramp administrasiyasının sosial şəbəkələrlə bağlı həyata keçirmək istədiyi tədbirlər və İslam ölkələrindən gələn miqrantlara qoyulan qadağalar olub.

ABŞ-ın yeni rəhbərliyi ölkəyə gələnlərin sosial media hesablarını nəzarət altına almaqla bağlı yeni qanun layihəsini hazırlamaq niyyətindədir. ABŞ mətbuatında yer alan məlumatlara əsasən, Ağ Evin siyasət şöbəsinin müdiri Stiven Miller Dövlət Departamenti, Gömrük və Sərhəd Mühafizə Xidməti, Daxili Təhlükəsizlik Xidməti kimi qurumlara prezident Donald Trampın miqrantlarla bağlı verdiyi qərarda olduqca qəti olduğunu çatdırıb.

Bundan başqa, Miller həmin qurumlara kütləvi etirazlara fikir verməməyi, televiziya çıxışlarında qərara qarşı danışan şəxslərə qulaq asmamalarını tövsiyə edib. Stiven Miller ABŞ təhlükəsizlik orqanlarına ölkəyə daxil olmaq istəyən şəxslərdən istifadə etdikləri və baş çəkdikləri bütün internet səhifələri, habelə sosial media hesablarındakı paylaşımlarını, hətta mobil telefonlardakı kontaktlarının siyahısını tələb etməyə imkan verən qanun layihəsi üzərində iş getdiyini bildirib.

Bütün bu olanlar Amerikanın iri texnoloji şirkətlərinin Trampa qarşı vahid cəbhədən çıxış eməsinə gətirib çıxarıb. ABŞ-ın Google, Facebook, Apple, Twitter kimi şirkətlərinin başçıları Donald Trampın müsəlmanların ABŞ-a girişini qadağan edən fərmanlarının yolverilməz olduğu və bunun ABŞ iqtisadiyyatına neqativ təsir göstərəcəyi barədə xəbərdarlıq ediblər. Apple-in baş direktoru Tim Kuk şirkətin Donald Trampın siyasətini dəstəkləmədiyini və yeni qaydaların şamil olunduğu şirkət əməkdaşlarına hər cür yardım edəcəklərini söyləyib. “Apple miqrantlar olmadan nəinki inkişaf və yeni innovasiyaları təqdim edə, hətta mövcud belə ola bilməzdi”,- şirkət rəhbəri bildirib. Google şirkəti qadağa qoyulan ölkələrdən olan əməkdaşlarını tez bir zamanda ABŞ-a geri dönməyə, ABŞ-da olanları isə ölkədən çıxmamağa çağırıb.
“Biz bu fərmanın və onun müddəalarının Google və onun ailə üzvlərinə məhdudiyyət yaradacağından, habelə ABŞ-da yeni istedadların parlamasına əngəl törədəcəyindən narahatlıq hissi keçiririk,”- şirkətin bəyanatında deyilir. Twitter-in baş direktoru Cek Dorsi yazır: “Prezidentin qəbul etdiyi qərarların humanitar və iqtisadi nəticələri olduqca kədərləndiricidir. Biz həmişə ABŞ-a köçüb gələnlərdən fayda görmüşük”.

Facebook-un təsisçisi Mark Sukerberq isə “ABŞ immiqrantlar ölkəsidir və biz bununla fəxr etməliyik”, - deyə yazaraq əlavə edib: “Bir çoxlarınız kimi mən də prezident Trampın fərmanlarının doğuracağı nəticələrdən olduqca narahatam. Biz yardıma ehtiyacı olan insanlara qapılarımızı açmalıyıq”.

“Yeni Müsavat” isə xatırladır ki, ABŞ-da yaşayan miqrantlarla bağlı qərarını həyata keçirmək üçün prezident miqrasiya polisinə daha 10 000 agent işçi və Sərhəd Xidmətinə isə 5 min nəfər işçi əlavə etmək istəyir. Belə ki, onlar qanunsuz miqrantları yaxalamaq və fiziki mənada ölkədən kənarlaşdırmaqla məşğul olurlar. Amma bu barədə qərarı imiqrasya məhkəmələri verir ki, bu da 4-6 ildən az çəkmir.

Trampın miqrant və qaçqınlarla bağlı qərarının özəti budur:

- suriyalı qaçqınlara qeyri-müəyəyn vaxta qədər ABŞ-a gəlməyə icazə verməmək;
- digər ölkələrdən olan qaçqınlara 120 gün ABŞ-a gəlməyə icazə verməmək;
- qaçqınların ölkəyə gəlişi yenidən bərpa olunarsa, bu halda Obamanın 2017-ci il üçün planlaşdırdığı kimi 110.000 nəfərin yox, 50.000 nəfərin gəlişinə icazə vermək;

- 30 gün ərzində aşağıdakı müsəlman ölkələrindən olan istənilən immiqrasiyanın qarşısını almaq - İran, İraq, Liviya, Somali, Sudan, Suriya və Yəmən. Bu zaman ərzində hakimiyyət bu ölkə vətəndaşlarının sözügedən terror təşkilatları ilə potensial əlaqələrini araşdıracaq.
Burda qeyd etmək yerinə düşür ki, söhbət BMT-nin proqramı əsasında qaçqın statusu almış şəxslərdən gedir. Bu proqrama əsasən kim ki ABŞ-a sığınacaq almaq üçün göndərilir, onlar “asylum seekers” adlanır və sözügedən qərarda bundan söhbət getmir.

Xatırladaq ki, bu fərman 7 (İran, İraq, Suriya, Sudan, Liviya, Somali və Yəmən) müsəlman ölkəsindən olan şəxslərin, onların ABŞ-da yaşamaq hüququnu əldə etmələrindən asılı olmayaraq girişini qadağan edir. Qadağan 90 günlüyə nəzərdə tutulsa da, bu müddətin uzanacağı da istisna edilmir.

Sevinc TELMANQIZI,
Tarix: 31-01-2017, 10:42
Xəbəri paylaş





Xəbər lenti