Trampın seçdiyi 7 qadağan ölkəsi - onların günahı nədir?

 Trampın seçdiyi 7 qadağan ölkəsi - onların günahı nədir? Amerika prezidenti giriş yasağı qoyduğu ölkələr Amerikaya ən çox mühacir ixrac edən ölkələrdir

Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Donald Tramp 7 müsəlman ölkəsinin vətəndaşlarının ölkəyə girişini qadağan edən qərar imzalayıb. Bu qərar ABŞ və dünyada geniş rezonans doğurub, Nyu-Yorkda vətəndaşlar hava limanında saxlanılan iki iraqlını müdafiə məqsədi ilə küçələrə axışıb. Daha sonra federal hakim Ann Donnelli fərmanın icrasını müvəqqəti məhdudlaşdıran qərar verib.


Qeyd edək ki, qərara əsasən Suriya, İran, İraq, Liviya, Somali, Yəmən və Sudan vətəndaşlarının ABŞ ərazisinə girişi 90 günlüyünə qadağan olunur, bundan əlavə, ABŞ-a həmin ölkələrdən olan qaçqınların qəbulu 120 günlüyünə dayandırılıb.

Artıq ABŞ prokurorları qərara etiraz bəyanatı imzalayıb, baş prokuror səlahiyyətlərini icra edən Salli Yets istefa verib. Artıq gərginlik Amerika sərhədlərini aşıb; İraq parlamenti amerikalıların ölkəyə qəbulunu qadağan edən qanun qəbul edib. Britaniyada isə Trampın ölkəyə buraxılmasına qarşı imzatoplama kampaniyası başlayıb. İranlı rejissor Əsgər Fərhadi isə “Oskar” mükafatlandırması mərasiminə getməkdən imtina edəcəyini bəyan edib.
Ancaq indi əsas sual budur ki, Tramp nədən bu 7 ölkəni seçdi? Doğrudanmı bu ölkələr ABŞ-ın təhlükəsizliyi üçün ciddi təhdid təşkil edir? Qeyd edək ki, statistikaya əsasən 1975-2015-ci illər arasında ABŞ-da 768.000 adam öldürülüb. Onlardan yalnız 3.024 nəfəri xarici vətəndaşlar tərəfindən terror nəticəsində həyatını itirib. Maraqlıdır ki, Amerikada əcnəbilər tərəfindən öldürülənlərin heç birinin qatili Trampın ABŞ-a girişlərinə qadağa qoyduğu 7 ölkənin vətəndaşı olmayıb.

O zaman deməli başqadır. Maraqlıdır ki, qərarda ABŞ-da ən çox amerikalı öldürən BƏƏ, Səudiyyə Ərəbistanı kimi ölkələr yoxdur. Digər tərəfdən, adları qeyd olunan ölkələrin ABŞ-la yaxın əlaqələri onsuz da yoxdur. İranla ABŞ arasında onsuz da rəsmi əlaqələr yoxdur, yalnız kiçik qrup təhsil və mədəni fəaliyyətlər üçün gedənlər, bir də siyasi mühacirlər var. Ancaq İraq, Liviya, Yəmən kimi ölkələr fərqlidir, ABŞ bu ölkələrdə açıq şəkildə hərbi əməliyyatlar həyata keçirir, yəni bu ölkədən kimlərinsə Amerikaya getməsi qaçılmazdır.

 Trampın seçdiyi 7 qadağan ölkəsi - onların günahı nədir?

Burada ABŞ-ın yerli müttəfiqləri, əməkdaşlıq edənlər də var. Yəni bu qərar bir mənada Amerika maraqlarına da zərbədir. Məhz bu səbəbdən Tramp İraqdakı Amerika tərəfdarlarının siyahısının hazırlanması və onlara qarşı bu məhdudiyyətin götürülməsi barədə göstəriş verdiyi bildirilir.

Trampın bu qərarı müəyyən mənada hədəf göstərir. Yəni qarşıdakı dönəmdə Vaşinqton məhz bu ölkələrlə bağlı ciddi qərarlar verəcəyi ehtimal olunur. Bunun üçün həmin ölkələrdəki vəziyyətə baxmaq lazımdır.

Siyahının əvvəlində İran gəlir. Fevralın 11-də İslam inqilabının 38-ci ilini qeyd edəcək İran bu müddətdə ABŞ-la rəsmi olaraq heç bir əlaqə qurmayıb. İnqilabın ilk illərində, o cümlədən 2000-ci illərin əvvəllərində ABŞ və İran arasında müharibə vəziyyəti olub, hərbi qarşıdurma üçün təqvimlər göstərilib. Ancaq sonradan Həsən Ruhani dönəmində nisbi yumşalma olub, nüvə məsələsi ilə bağlı silsilə danışıqlar uğurlu nəticə verib. İndi isə bir çoxları respublikaçı Trampın zamanında yenidən bu münasibətlərin kəskin şəkildə pisləşəcəyini proqnozlaşdırır. Yeri gəlmişkən, bunun artıq açıq işarələri də var. Digər tərəfdən, hazırda Suriya və Yəməndə ABŞ və İran faktiki olaraq birbaşa olmasa da savaşın əks cəbhələrində yerləşirlər. Ancaq bu günə qədər iranlıların ABŞ-da terror hazırlaması və ya amerikalıları qətlə yetirməsi faktı olub. Yalnız 2000-ci illərin əvvəllərində iranlıların ABŞ-da casus fəaliyyətləri ifşa olunub.
Siyahıdakı ikinci ölkə İraqdır. 2003-cü ildə ABŞ tərəfindən işğal olunan və 2010-cu ilə qədər faktiki olaraq, bu günə qədər isə qeyri-rəsmi şəkildə Vaşinqtonun təsir dairəsi hesab olunan iraqlılar ABŞ-da statistikaya görə heç bir amerikalını öldürməyib. Üstəlik hazırda həm Bağdadda Hava Limanında, həm də şimali İraq ərazilərində böyük sayda ABŞ hərbi kontingenti var, Bağdad üzərində ciddi təsiri mövcuddur. Yasa qərarının ilk zərbəsi də Amerikaya viza ilə gələn iraqlılara oldu. Çünki real səbəblərdən iraqlıların ABŞ-a səfərləri son illərdə çox artıb. İraqlıları ABŞ-a buraxmamaqla Vaşinqton bu ölkədə ciddi etimad itkisi yaşaya bilər.

 Trampın seçdiyi 7 qadağan ölkəsi - onların günahı nədir?

Hazırda qanlı vətəndaş müharibələrinin, terrorun davam etdiyi Suriya, Yəmən və Liviyada da vəziyyət təxminən oxşardır. Bu ölkələrdə açıq və gizli şəkildə amerikalıların hərbi iştirakı mövcuddur. İstənilən halda bu qərar orada amerikalıların fəaliyyətinə çətinlik yaradacaq, ABŞ-a qarşı mənfi rəyi daha da gücləndirəcək.

Siyahıdakı sonuncu ölkələr olan Somali və Sudanda da təxminən eyni vəziyyət var. Daha əvvəl Sudan prezidenti Ömər əl-Bəşirə qarşı ciddi sanksiyalar olsa da, sonradan Bəşirin ərəb koalisiyasına qoşulması və Cənubi Sudana müstəqillik verməsi onun bağışlanmasına səbəb oldu. Ancaq Somali hələ də Afrikanın ən qeyri-sabit və təhlükəli ölkələrindən biri olaraq qalır. Amerikalılar Somalidə gizli və aşkar anti-terror əməliyyatları həyata keçirir.

Amma ümumi tabloya baxdıqda bu ölkələrin bir ortaq “özəlliyi” var: Bu 7 ölkə hazırda ən çox mühacirətin olduğu ölkələrdir. İran istisna olmaqla 6 ölkədə terror və xaos, safəlat mövcuddur. Dünyada ən çox miqrantlar da bu ölkələrin payına düşür. Yalnız İrandan ABŞ-a son onilliklərdə yüzminlərlə insan mühacirət edib. Görünür ki, ABŞ-ın yen administrasiyası siyahını məhz bunun üzərində hazırlayıb. Ən çox mühacir gələn 7 ölkəyə məhdudiyyət. Bu, əslində Trampın ən birinci və əsas şüarıdır: Amerikaya mühacir axınının qarşısını almaq. Universal dəyərlərə nə qədər zidd görünsə də, hiss olunan odur ki, bu qərar amerikalıların müəyyən kəsiminin arzusundan doğub. Tramp necə deyərlər, vədlərini reallaşdırır.

Kənan , musavat.com
Tarix: 31-01-2017, 14:11
Xəbəri paylaş





Xəbər lenti