Avropa İttifaqı siyasətçiləri Trump-ın səfirini “rədd etməyə” çağırıblar
“The Guardian” yazır ki, Avropa Parlamentinə daxil əsas partiyalar Donald Trump-ın Avropa İttifaqında xüsusi elçilik vəzifəsinə mümkün namizədinin bloklanması üçün misli görünməmiş cəhd edirlər.
Bir çox Avropa siyasətçiləri bu şəxsi aqressiv və qərəzli adam kimi tanıdıqlarını bildirirlər.Brüsseldəki əsas siyasi partiyaların üzvləri – mühafizəkarlar, sosialistlər və liberallar Avropa Komissiyasına və Avropa Şurasına müraciət edərək Ted Malloch-un elçiliyini rədd etməyə çağırıblar.
Biznesmen Malloch Britaniyanın Avropa İttifaqından çıxmasını qızğın dəstəkləyib.
BBC müxbirinin Avropa İttifaqında səfirlik vəzifəsinə necə baxdığı barədə sualına cavabında Malloch Sovet İttifaqında səfir işlədiyini vaxtları xatırladıb. O deyib ki, indi daha bir ittifaqın ipini yığmağın vaxtıdır.
O deyib ki, cənab Trump “fövqəlmilli və seçkisiz” Avropa İttifaqını xoşlamır və Jean-Claude Juncker özünün Lükemburq şəhərindəki mer kürsüsünə qayıtsa yaxşı olar.
Mərkəz sağçı EPP-nin lideri Manfred Weber Malloch-u Avropa İttifaqının dəyərlərinə “hiddət doğuran qərəz” nümayiş etdirməkdə günahlandırıb.
“The Guardian” qəzetinin gördüyü məktubda siyasətçilər cənab Juncker-i və Avropa Şurasının başçısı Donald Tusku Ted R. Malloch-un missiyasını qəbul etməməyə çağırıblar.
Siyasətçilər arasında onun xüsusilə də Sovet İttifaqı ilə Avropa İttifaqını müqayisə etməsi hiddət doğurub.
Sosialist və demokratların qrup rəhbəri Gianni Pittella-nın məktubunda isə Avropa İttifaqından bu şəxsin indidən persona non grata elan edilməsi istənir.
Məktubda deyilir ki, cənab Malloch Avropa ilə ABŞ administrasiyası arasındakı münasibətlərə sağalmaz yara vura bilər.
“The Guardian” yazır ki, hər hansı ölkənin Avropa İttifaqına səfiri Avropa Komissiyasının və Avropa Şurasının rəsmi etimadını qazanmalıdır.
Mühafizəkarların və liberaların məktubunda isə deyilir ki, “məqsədləri Avropa İttifaqını dağıtmaq olanlara akkreditasiya verilməməlidir”.
“The Guardian” qəzetində dərc olunmuş başqa bir məktubda Avropa Şurasına bağlı 52 siyasətçi Avropa liderlərinin bu cümə Maltada keçirilən sammitində Trump-ın miqrant siyasətinin qətiyyətlə pislənməsinə çağırıb.
Tarix: 3-02-2017, 10:29