Amerikanın dünyanı idarə edən odsuz silahları.

Amerikanın dünyanı idarə edən odsuz silahları. Dollar və sosial şəbəkələr bəşəriyyəti “əsir” alıb; Elçin Mirzəbəyli: “ABŞ-ın əsas güc olmasının böyük bir tarixi yoxdur”

ABŞ-ın son illərdə dünyaya hərbi gücü ilə deyil, digər vasitələrlə meydan oxuduğunun şahidi oluruq. Belə ki, dünyanın supergücü əvvəlki on illərdə xarici ölkələri bir amillə – silahla, demokratiya adı altında silahlı basqılarla daha çox təsir dairəsində saxlayırdısa, indi tam fərqli vasitələrdən istifadə edir.

İndi dünyanı idarə edən əsas güc ABŞ valyutası olan dollardır, sosial şəbəkələrdir, neftin qiymətinə edilən müdaxilələrdir. ABŞ istədiyi vaxt neftin qiymətini gah aşağı salır, gah da yüksəldir. İnternet məkanı üzərindən də Birləşmiş Ştatlar öz təsirini qoruya bilir.
Əhali və ərazi cəhətdən ABŞ dünyanın lideri deyil, iqtisadiyyatı güclü olsa da, Çin, Yaponiya və bəzi Avropa ölkələrinin iqtisadiyyatının heç də Amerikadan zəif olmadığını qeyd edə bilərik. Amma bununla belə, Amerika dünyanın əsas gücü olaraq qalmaqda davam edir və dünyanı fərqli vasitələrlə yönləndirir.
Ekspertlər bunu tarixdən gələn ənənələrlə bağlayırlar.
Politoloq Elçin Mirzəbəyli ABŞ iqtisadiyyatının dünyanın bir nömrəli iqtisadiyyatı olduğunu bildirdi: “Amerika iqtisadiyyatını digər ölkələrlə ümumiyyətlə müqayisə etmək olmaz. Nəzərə almaq lazımdır ki, dünya iqtisadiyyatı birbaşa Amerikadan asılıdır. Amerikanın silahlarından istifadə etməyərək, işğal faktını həyata keçirdiyini demək də doğru olmazdı. İraqda da silah işlədib, özü istifadə etməsə də, digər əraziləri işğal edəndə də silah işlədib. Birləşmiş Ştatların geosiyasi maraqlarının təmin olunması ilə bağlı müəyyən addımlar atıblar. Dollar Amerikanın milli valyutası olduğu üçün onun qiymətinin tənzimlənməsi birbaşa ona aid məsələdir. Neftlə bağlı faktorlar düşünmürəm ki, birbaşa ABŞ-la bağlıdır. Burada müxtəlif tendensiyalar var. Amerikanın dünya iqtisadiyyatına təsir etmək imkanları kifayət qədərdir. Sosial şəbəkələr vasitəsilə də rəy formalaşdırmaq imkanları kifayət qədər yüksəkdir. Amerikada fəaliyyət göstərən transmilli media orqanları da formalaşdırırlar. Burada təkcə ABŞ-ın adını qeyd etmək olmazdı. Birləşmiş Ştatlarla müttəfiq olan NATO dövlətlərinin də adını qeyd etmək olar. Onların birgə maraqlarının təmin olunması üçün bu istiqamətdə də birlikdə fəaliyyət göstərdiklərini demək mümkündür. Bütün bunlar uzun illər Amerikanın yürütdüyü siyasət nəticəsində mümkün olub. Amma bu gün Amerikanın maraqlarının dünyanın bütün qütblərində təmin olunduğunu deyə bilmərəm. Dünya dəyişir, dəyişdikcə də yeni situasiyalar yaranır. Təbii ki, ABŞ bu çağırışlara cavab verir, lakin bu çağırışlara cavab verən digər güclər də meydana çıxmaqdadır”.

Politoloq mövcud olduğu tarix boyu Amerikanın bu qədər imkanlara daim sahib olduğunu deməyin yanlış olduğunu düşünür: “Birləşmiş Ştatların dünyanın əsas güc mərkəzinə çevrilməsi İkinci Dünya müharibəsindən sonra başlayıb. Təbii ki, Amerikanın əsas güc mərkəzi olmasında başlıca bir amil də var. Bu da keçmiş SSRİ ilə aparılan ”soyuq müharibə”dir. Burada dünya iki qütbə bölündü. SSRİ ətrafında olan qütbün sosializm ətrafında cəmləşməsi və digər qütbün Amerika ətrafında, yəni kapitalizm ətrafında cəmləşməsi rəsmi Vaşinqtonu güc mərkəzinə çevirdi. “Soyuq müharibə” əsasən bu iki qütb arasında gedirdi. Bu mübarizə ABŞ-ın əsas güc kimi ortaya çıxmasına zəmin yaratdı. SSRİ-nin süqutundan sonra isə birqütblü dünyanın mövcud olduğunun şahidi olduq. Tarix boyu Birləşmiş Ştatların dünyaya meydan oxuduğunu düşünmək absurd olardı. Bütövlükdə ABŞ-ın əsas güc olmasının böyük bir tarixi yoxdur”.
E.Mirzəbəyli ABŞ-ın ərazi baxımından da dünyanın əsas dövlətlərindən biri olduğunu da qeyd etdi: “Amerikanın yerləşdiyi geosiyasi mövqe, okeanlara çıxışı və başqa amillər tarix boyu bu dövlətin dünyadakı proseslərə təsir etmək imkanlarını artırıb. Məsələ heç də əhalinin sayında deyil. Rusiya nəhəng bir əraziyə sahiblik edir. Lakin o ərazinin hansı durumda olduğu hər kəsin gözü qarşısındadır. Zəngin təbii enerji ehtiyatları, meşələri olan Rusiya iqtisadiyyatı əgər bu potensiala söykənsəydi, çox güman bu yöndə diktə edən tərəf olmalı idi. Əsas söhbət idarəetmədən, sistemin necə təmin olunmasından, dünyada gedən proseslərə daha çevik yanaşmadan, daha çevik siyasət yürütmədən gedir. Bu məsələlər Birləşmiş Ştatları əsas gücə çevirib. Əhali sayına görə Çin və Hindistanın sayı bir neçə dəfə Amerikadan çoxdur. Cəmiyyət heç bir rol oynamır. Amma ərazinin yerləşdiyi geosiyasi mövqe müəyyən dərəcədə əlverişli rol oynayır”.
Cavanşir ABBASLI
Tarix: 7-02-2017, 10:10
Xəbəri paylaş





Xəbər lenti