Lukaşenkodan sürpriz açıqlama: "Başqa bir şəxsin ölkəni idarə edəcəyinə alışmalısınız"

Aleksandr Lukaşenko
Belarus vətəndaşları başqa bir prezidentin olacağı fikrinə alışmalıdırlar.
Bizimyol.info xəbər verir ki, bunu ölkənin hazırkı lideri Aleksandr Lukaşenko Mogilev vilayətinin Şklovski rayonunun Qorodişe kənd təsərrüfatı şəhərciyinin sakinləri ilə söhbəti zamanı sakinlərdən birinin 2025-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etmək xahişinə cavab olaraq bildirib.
“Mən artıq hamınıza açıq şəkildə deməyə başlayıram: siz prezidentin fərqli olacağına, başqa bir şəxsin ölkəni idarə edəcəyinə alışmalısınız.
Xeyr, mən demirəm ki, sabah, o biri gün sizi tərk edəcəm və s. Amma həyatda hər şey ola bilər. Siz başqaları kimi mənim əbədi olmadığıma öyrəşməlisiniz”, - deyə "SB.Belarus Today" nəşri Lukaşenkodan sitat gətirib.
Belarus lideri qeyd edib ki, vəzifəsini tərk edərkən varisi üçün dinc və sakit ölkəni tərk etməlidir. “Mən nə vaxtsa, bu vəzifədən gedəndə kənddə bir yerdə sizin yanınızda yaşayacağam, qayıdacağam və siz xatırlayacaqsınız və hər şeyin pisləşmədiyini xatırlayacaqsınız”, - deyə Lukaşenko kənd sakinlərinə bildirib.
Belarusda prezident seçkiləri 2025-ci il iyulun 20-dən gec olmayaraq keçirilməlidir.
Tarix: 11-08-2024, 09:15