Böyük fiasko: yarası sağalsa da, ağrısı keçməyəcək - NƏ BAŞ VERİR?

Böyük fiasko: yarası sağalsa da, ağrısı keçməyəcək
Müharibədə ilk. Rusiya ordusunun 2022-ci ilin fevralında Ukraynaya təcavüzü nəticəsində başlayan müharibə salnaməsində bu il avqustun 6-da yeni bir səhifə açıldı. Minlərlə dinc əhalisi qətl edilən, şəhərləri və kəndləri viran qoyulan ukraynalılar ilk dəfə olaraq Rusiya ərazisinə - Kurska, daha sonra isə Bryansk və Belqoroda genişmiqyaslı hücuma keçdilər.

Kursk vilayətinin qubernatorunun etirafına görə, artıq 28 yaşayış məntəqəsi qarşı tərəfin nəzarətinə keçib, bu isə təqribən 480 kvadrat kilometr ərazi anlamına gəlir. Bu etirafı müharibə dövründə informasiyanın doğru ötürülməsi dərəcəsi prizmasından dəyərləndirsək, deyə bilərik ki, reallıqda rusların itirdikləri ərazilər daha genişdir. Hər halda Ukrayna Prezidenti Zelenski 1000 kvadrat kilometrdən bəhs edir (aydındır ki, burda da həqiqət qeyd edilən rəqəmlərlə tam uzlaşmaya bilər və böyük ehtimalla elə də var).

O zaman məqsəd başqa idi

Ukrayna tərəfi müharibə dövründə daha öncə də Rusiya ərazisinə həmlələr etmişdi. Elə bu ilin martında Belqorod vilayətindəki hadisələri xatırlamaq olar. Amma o zaman ukraynalılar hücuma əsasən kiçik diversiya qruplarını cəlb etmiş, bütün hərəkətləri ilə də Rusiyanın dərinliklərinə sızmaq kimi planları olmadığını isbatlamışdılar. Elə bu səbəbdən də təqribən 10 günü əhatə edən döyüşlər tədricən səngimiş, Ukrayna bölmələri isə yenidən əvvəlki mövqelərinə sıxışdırılmışdılar.

O zaman bütün cəbhə boyu məğlubiyyətlərlə üzləşən və addım-addım geri çəkilməyə məcbur qalan Kiyev bu əməliyyatla bir növ vətəndaşlarında və hərbçilərində ruh yüksəkliyi yaratmağa çalışmışdı. Eyni zamanda Qərbin silah-sursat yardımında tərəddüd etməməsini, sabaha inamla baxmasını qarşısına məqsəd qoymuşdu. Bəs bu dəfə vəziyyət necədir?

Ruslar məgər kor idilər?

Əvvəla onu söyləmək lazımdır ki, Kurskda baş verən hadisələr Rusiya xüsusi xidmət orqanlarının, əsasən də xarici kəşfiyyat bölmələrinin fiaskoya uğramasından xəbər verir. Təsəvvür edin ki, kosmosda çoxsaylı peykləri olan, 2,5 ildir faktiki olaraq planetin qlobal gücləri ilə müharibə aparan bir dövlət qulağının dibində düşmənin zirehli texnika və artilleriya qurğuları da daxil olmaqla, zərbə yumruğu formalaşdırmasından bixəbər olub. Bu, axı necə mümkündür?

Sual açıq qalmaqdadır və aylar, bəlkə də, həftələr sonra Rusiya mediasında hansısa yüksək rütbəli kəşfiyyat zabitlərinin xəyanətdə ittiham olunaraq həbs edilməsi xəbərlərini eşitsək, gərək təəccüblənməyək. Çünki ən azından zahiri dəyərləndirmədə bunun mümkünlüyü inkarolunmazdır.

Dünya gör-götür dünyasıdır

Başqa bir nüans. Hadisələri anbaan izləyənlər bilirlər ki, Ukraynanın Kurskdakı həmləsi olduqca sanballı oldu və elə ilk saatlardan düşmən ağır itkilər verərək geri çəkilmək məcburiyyətində qaldı. KİV-də rusların avtomobil karvanının necə darmadağın edilməsini əks etdirən videogörüntülər hamını şoka saldı: yanmış maşınlar, yola səpələnmiş meyitlər.

Rəsmi etiraflara görə, bu əməliyyat zamanı ukraynalılar 26 hərbçini öldürüblər. Ancaq yuxarıda da qeyd etdiyimiz kimi, belə xəbərlərdə sətirarası informasiyanı sezmək gərəkdir. Bir sözlə - ruslar Ukraynanın bu hücumu qarşısında tam aciz göründülər. Sərhəd kifayət qədər qorunmurdu və əsasən motoatıcı bölmələr ya darmadağın edilir, ya da qaçmağa üstünlük verirdilər. Yaxşı, bəs elə olan halda Ukrayna nə üçün hücumunu genişləndirmədi, nə üçün daha böyük əraziləri ələ keçirmədi?

Burda “axmaq öz səhvlərindən, ağıllı isə başqasının səhvlərindən nəticə çıxarır” deyimi yada düşür. 2022-ci ilin fevralında Ukraynaya təcavüzə başlayan Rusiya ilk dövrlərdə sürətlə irəliləyir, yerli KİV və rəsmilər geniş ərazilərin zəbt edildiyini fəxarətlə elan edirdilər. Amma çox keçmədi ki, belə sürətli irəliləməyin fəsadları ortaya çıxdı. Əsas problem də logistika ilə əlaqəli idi. İrəli gedən qoşun bölmələri ilə arxa cəbhə arasındakı məsafə artır, öndə olanların sursat, tibbi ləvazimat və azuqə ilə təminatı get-gedə çətinləşirdi. Nəticədə ruslar həm ciddi itkilərə məruz qaldılar, həm də daha öncə ələ keçirdikləri ərazilərin bəzisindən geri çəkildilər.

Ukraynalılar da əsasən bu səbəbdən Kurskda sürətlə irəliləməkdən vaz keçdilər. Necə deyərlər, dünya gör-götür dünyasıdır. Digər tərəfdən isə düşmən mövqelərinə sanki qaynar bıçaq yağı kəsən kimi daxil olan bölmələr mühasirə təhlükəsi ilə üzləşə bilərdilər. Buna görə də ukraynalılar nağdını qoyub nisyəyə getməmək qərarına gəldilər.

Ortada imic söhbəti var

Bəs sonra nə baş verəcək? Aydındır ki, Putin və komandası hadisələrin belə axarı ilə razılaşa bilməz. İtirilən ərazilərin hərbi və stratejidən daha çox mənəvi fəsadları var. Son aylar çox ağır olsa da, ruslar Donbass və Luqanskda müəyyən əraziləri ələ keçirmişdilər və əhaliyə eyforiya dolu xəbərlər ötürülürdü: “Düşmən demoralizə olub”, “Kiyevə qədər gedəcəyik!”, “Bu il müharibə tam qələbə ilə bitəcək!”.

Ancaq indi belə bəyanatlar səslənmir. Səslənsə də, Kursk fiaskosu fonunda onların təşviqatdan savayı heç bir dəyəri olmadığını hər kəs anlayır. Odur ki, Rusiya komandanlığı qısa zaman kəsiyində, hətta dəhşətli qurbanlar qarşılığında sərhədi bərpa etməyə çalışacaq. Bunu bacaracaqmı? Yəqin ki. Hətta Donbass və Luqanskda nisbətən uğurlu əməliyyatlara son verilməsinə gətirib çıxaracaq bu bölgədəki qoşunları Kurska göndərmək bahasına olsa belə. Söhbət imicdən, ölkədəki sabitlikdən və əhalinin ruhiyyəsindən gedir. Bəs Ukrayna?

Baş verənlər boşuna deyildi

Ukrayna isə yenicə ələ keçirdiyi ərazilərdə mühəndis-istehkam qurğuları inşa etməklə asanlıqla geri çəkilməyəcəyini və gələcək addımlarını əvvəlcədən planlaşdırıdığını göstərir. Əksər ekspertlər ukraynalıların Kursk Atom Elektrik Stansiyasını ələ keçirmək və sonradan onu rusların işğalında olan Zaporojye AES-ə dəyişmək niyyətində olduqlarını söyləsələr də, hadisələr başqa məcrada cərəyan etdi. Görünən odur ki, Zelenskinin komandası bu münaqişə tarixində bir presedent yaratmaq – düşmənin ərazisini uzun müddət nəzarətində saxlamaq istəyir.

Sosial şəbəkələrdə hətta Sumı vilayətinin rəhbərliyinin imzası ilə Kurskun bir hissəsinin Ukraynanın tərkibinə qatılmasına və bu xüsusda xalq referendumu keçiriləcəyi barədə sənəd də peyda oldu. Təbii ki, bu da təbliğat xarakterli addımdır. Ancaq nəzərə almaq lazımdır ki, bir qayda olaraq Ukrayna şəhərlərinin viran qoyulmasına və dinc əhalinin qətlinə çəpik çalan ruslar indi müharibənin əsl sərt üzünü gördülər və kiçik də olsa, bumeranq effekti yaşadılar. Ən azından bunu Kursk, Bryansk və Belqoroddan təxliyə edilənlər barədə söyləmək olar.

Və yəqin ki ukraynalıların bu əməliyyatının bir nəticəsi də imperializm notlarına köklənən rusların göylərdən yerə endirilməsi olacaq. Odur ki, hətta bir müddət sonra Rusiya-Ukrayna sərhədi bərpa olsa belə, ukraynalıların bu əməliyyatının boşa getdiyini söyləmək sadəlöhvlük olardı.

Ümid sonuncu ölür

Və çox təəssüflə qeyd etmək lazımdır ki, son hadisələr müharibənin qısa zaman kəsiyində başa çatacağına dair siqnallar ötürmür. Hər halda reallıq bunu söyləməyə əsas verir. Amma dünyanın siyasi arenasında çox mürəkkəb proseslər cərəyan edir. Ən azından Yaxın Şərqdəki gərginlik super-dövlətlərin addımlarını korrektə edə bilər. Odur ki, planetin bütün normal sakinləri kimi, biz də hər şeyin qısa zamanda danışıqlar masası arxasında sonlanacağına ümid bəsləyirik.

AYNA.az
Tarix: 15-08-2024, 17:56
Xəbəri paylaş





Xəbər lenti