Ötən ilin yayında Sumqayıt şəhərinin 10-cu mikrorayonunda binaların həyətində açılan və sakinlərin ciddi narazılığına səbəb olan, lakin buna baxmayaraq fəaliyyətinə davam edən qalmaqallı “Premium Market”lə bağlı yeni və maraqlı detallar üzə çıxıb. Qeyd edək ki, “Premium Market”in meyvə-tərəvəz satışı üçün nəzərdə tutulmuş bazar hissəsi binaların arasında, hətta bəzi binalara bitişik dəmir konstruksiyalar vasitəsilə inşa edilib. Sakinlərin bu tikintiyə etiraz etdikləri, lakin müxtəlif yollarla qorxudularaq səslərini kəsmələrinin tələb olunduğu bildirilir.Bizimesr.az-ın elektron poçtuna daxil olan məlumata görə, Sumqayıt şəhərinin 10-cu mikrorayonunda ötən ilin iyun ayında açılmış “Premium Market”lə bağlı ciddi iddialar və maraqlı məlumatlar ortaya çıxır.
İddialara görə, market Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun qardaşı, sabiq deputat Nazim Fərəcova məxsusdur. Marketin yerləşdiyi hündürmərtəbəli binanın da Zakir Fərəcova aid olduğu, obyektin isə faktiki olaraq Nazim Fərəcov tərəfindən idarə edildiyi bildirilir.
Məlumata əsasən, “Premium Market”in açılış mərasimində icra başçısının birinci müavini və şəhərin demək olar ki, bütün idarə rəhbərləri iştirak ediblər. Bundan sonra isə İcra Hakimiyyəti və bələdiyyə strukturlarında çalışan əməkdaşlara gündəlik bazarlığı yalnız bu marketdən etmələri ilə bağlı göstəriş verildiyi iddia olunur.
Şahidlərin sözlərinə görə, əməkdaşlara xüsusi endirim kartları paylanıb və həmin kartlar vasitəsilə kimin nə qədər alış-veriş etdiyinə nəzarət edilir. Bildirilir ki, bu şəxslər ayda minimum 500 manatlıq alış-veriş etməyə məcbur ediliblər.
Digər ciddi iddia isə marketin yerləşdiyi binanın yanındakı piyada yolunun zəbt edilərək obyektə birləşdirilməsi ilə bağlıdır. Məlumata görə, sakinlər bu məsələ ilə bağlı müxtəlif qurumlara dəfələrlə şikayət etsələr də, heç bir tədbir görülməyib. Bundan başqa, binanın su anbarının üzərində meyvə-tərəvəz bazarının salındığı da vurğulanır.
“Premium Market”in Sumqayıtda meyvə-tərəvəzi ən ucuz satan marketlərdən biri olması da diqqət çəkir. Bu ucuzluğun səbəbi ilə bağlı isə daha ciddi iddialar səsləndirilir. Bildirilir ki, küçə ticarəti zamanı müsadirə olunan meyvə-tərəvəz məhsulları birbaşa həmin marketə daşınır və ucuz qiymətə satışa çıxarılır.
Marketdə çalışan şəxslərin sözlərinə görə, bəzi hallarda müxtəlif yeşiklərdə meyvələr qəfil gətirilir, sayılmadan və rəsmi uçota alınmadan birbaşa piştaxtalara düzülür. Hətta ötən həftə küçə ticarəti ilə məşğul olan bir şəxsin marketə gələrək qalmaqal yaratdığı, yeşiklərdəki məhsulun ona məxsus olduğunu iddia etdiyi deyilir. Şəxs yeşiklərin üzərində öz əl izləri və işarələrinin qaldığını bildirsə də, bunu sübut edə bilməyib və ərazidən uzaqlaşdırılıb.
Qeyd edək ki, son hadisələrdən sonra küçə ticarəti məhsullarının müsadirəsinin dayandırıldığı, bunun fonunda isə “Premium Market”də durğunluq yarandığı bildirilir. Mənbələr qeyd edir ki, hazırda qiymətlər də yüksəlib, çünki əvvəlki kimi müsadirə olunmuş məhsullar marketə gətirilmir.
Suqmayıtda baş verən diğər hallarla bağlı növbəti günlərdə ətraflı məlumat verəcəyik!
Qarşı tərəflərin mövqeyini dərc etməyə hazırıq.
Bizimesr.az
Tarix: Dünən, 15:34