Bakı Slavyan Universiteti özü-özünü təkzib edir!
Saytımızda dərc olunan “Universitetdə maaş verilmir – ancaq çal-çağırdır” yazısına Slavyan universitetinin mətbuat xidməti nuh.az saytında cavab verib. Cavabda deyilir:
“Bəli, universitetdə fevral ayının əmək haqqı yubadılır, amma bu məsələnin universitetin rəhbərliyi ilə heç bir əlaqəsi yoxdur. Məlum olduğu kimi, ölkənin 12 universiteti üç aydır ki, tələbələrin təqaüdlərini verə bilmir, bir çox universitetlər isə əmək haqqını yubatmaqdadır. Əslində, bunun universitetlərin rəhbərliklərinə heç bir aidiyyatı yoxdur. Bəlli olduğu kimi, ölkədə dolların kursu sabitləşmədiyindən valideynlər təhsil haqlarının ödənişləri ilə bağlı müəyyən poblemlərlə qarşılaşmışlar. Onlar ilin əvvəlindən bəri ödənişlərin bir hissəsini versələr də, onu tam ödəməkdə çətinlik çəkməkdədirlər. Universitet isə əmək haqlarını həmin ödənişlərin hesabına həyata keçirir. Məsələnin məğzi bundan ibarətdir. Digər tərəfdən, məsələ heç də bəzi saytların yazdığı kimi deyil, yəni universitet hamının maaşlarını saxlamayıb, texniki heyət və xidmət personalı əmək haqlarını əvvəlki qaydada, vaxtında alıblar. Müəllimlərin əmək haqqına gəldikdə isə, onların maaşlarının da ayın sonunadək verilməsi nəzərdə tutulmuşdur”.Maraqlıdır, dolların kursunun maaşa nə dəxli var? Deyəsən Universitetin İctimaiyyətlə Əlaqələr Şöbəsi müəllimlərin əməkhaqqının yubanması ilə bağlı təhsil eksperti Etibar Əliyevin “professional professor” adlandırdığı prorektorTelman Cəfərovun Təhsil Nazirliyini ittiham etməsindən xəbərsizdir. Saytımıza verilən məlumata görə T.Cəfərov müəllimlərə deyib ki, pulu Təhsil Nazirliyi yubadır. Ölkədə nəinki universitetlər, həttə bütün müəssisə və təşkilatların rəhbərləri bu əziz bayramın şən əhval-ruhiyyədə keçirilməsi üçün ənənəvi olaraq bir ay əvvəldən maaşların, hələ üstəgəl mükafatların verilməsi barədə düşünüblər. Göründüyü kimi BSU rəhbərliyi isə yalnız çal-çağır barədə düşünürmüş…
Universitetin mətbuat xidmətinin açıqlamasında daha sonra deyilir: “Qaldı universitetdə bayram tədbirinin keçirilməsi və universitet rəhbərliyinin tələbələrlə birgə şənlik etmələrinə, burada qəribə heç nə yoxdur. Yaxşı, belə bir bayramda BSU rəhbərliyinin tələbələrlə birgə rəqs etməsində, arada səmimiyyət körpüsünün bərqərar olmasında nə pis iş var ki, bizim həmkarlarımızı qıcıqlandırıb? Əslində sevinmək lazımdır ki, universitet rəhbərliyi ilə tələbələr bir-birinə bu qədər yaxın, doğmadır. Qaldı, universitetin tikinti meydanına oxşamasına, bu abadlığın, quruculuğun rəmzi deyilmi? Bu universitetə demək olar ki, hər gün xarici qonaqlar gəlir, onların üzünə yüksək səviyyədə təmir olunmuş, abadlaşdırılmış bir ali məktəbin qapıları açılır, üzümüz ağ olur”.
Müəllimlərin əməkhaqqını ayin sonunda verəcəklərini bildirən Universitet rəhbərliyi hansı haqla çal-çağıra bəraət qazandırır? Yaxşı, bəs maaşa işləyən müəllim bayram təamlarını nə ilə hazırlamalıdır? Vaxtilə çox deyilmişdi ki, universitetdə aparılan təmir-tikinti işləri müəllim və tələbələrin başında çatlayacaq. Onda bunu da təkzib etməyə çalışmışdılar. Budur, aparılan tikinti-söküntü işlərərinin nəticəsində müəllimlər bayram tətilinə maaşsız gedirlər. BSU rəhbərliyi təkcə buna görə rəqs edib yumurta döyşdürməməli idi! Təmirdən qalan daşların üstündə oturub, bu barədə düşünsəydilər daha yaxşı olardı. Deyilmişdi ki, mozaikanın sökülməsi irrasional hərəkətdir. Demişdilər, yox, “biz biləni heç kim bilmir”. Amma deyəsən onu yenidən bərpa etmək fikrinə düşüblər!
Sonda bizə ünvanladığınız cavabin başlığı olan “Bəlkə, bir qədər geniş ürəkli olaq” ifadəsinə münasibət bildirmək istərdik. Sizin ürəyiniz geniş olsa idi, özünüzü düşündüyünüz qədər müəllimləri də düşünərdiniz! Bilirik, Universiteti Kollecə çevirməklə geniş ürəkli olmaq mümkün deyil. Ürəyinizin sıxıldığını, təntidiyinizi bilirik. Nə edirsiniz edin, ancaq müəllimləri çətin sınaq qarşısında qoymayın. Əminliklə deyə bilərəm ki, bu universitetin müəllimləri hər baxımdan Telman Cəfərov və Rafiq Novruzovdan qat-qat üstün və ürəyi geniş şəxslərdir.
İ.Quliyev
Tarix: 17-03-2017, 15:01