Məmurlarla əlbir olan iş adamı ilə bağlı qərar çıxarıldı
Bakı Apellyasiya Məhkəməsində mənimsəmədə təqsirləndirilən, 35 şirkətin rəhbəri olan Fəqani Rəhimovun barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, protest və şikayət təmin edilməyib.
Qeyd: F.Rəhimovun ətrafında aparılan istintaqla bir sıra qurumların da qanunsuz əməlləri ortaya çıxmışdı. Məlum olub ki, F.Rəhimovun şirkətləri qurumlarla yaxşı dil tapıb, tenderlərdə qalib gəlib. Ümumilikdə onun şirkətlərinə 600 min manata yaxın pul köçürülüb. Həmin vəsaitin 62 min manatı isə həqiqi mənbəyinin gizlədilməsi məqsədilə leqallaşdırılıb.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən F.Rəhimovun əlbir olduğu vəzifəlilərin hamısına vurduqları ziyan ödətdirilib. Bu səbəbdən onların işinə bəraətverici əsaslar olmadan xitam verilib.
F.Rəhimov isə dövlətə dəymiş ziyanı həbsə düşəndən bir neçə ay sonra ödəyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə məmurlarla əlbir olan sahibkara 5 il müddətinə şərti cəza verib. Məhkəmə 62 min 400 manat təşkil edən maddi ziyanın ödənilməsini və təqsirləndirilən şəxsin səhhətini nəzərə alıb.
Kamal Məmmədov
Tarix: Bu gün, 10:48