Bakının istirahət mərkəzindəki uçqunla bağlı cinayət işi başlandı
Bakıda istirahət mərkəzində baş verən uçqunla bağlı cinayət işi başlanıb.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov virtualaz.org-a açıqlamasında bildirib ki, faktla bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (Tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozma, zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
O həmçinin qeyd edib ki, iş üzrə müvafiq ekspertizalar təyin edilib, hadisənin baş vermə səbəblərinin və təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Virtualaz.org bildirir ki, bu arada uçqun nəticəsində xəsarət alaraq xəstəxanalara yerləşdirilən şəxslərin adları məlum olub.
Məlumata görə, 1981-ci il təvəllüdlü Tofiq Hüseynov sol bud sümüyünün yuxarı hissəsinin qəlpəli sınığı ilə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib.
1983-cü il təvəllüdlü Ayaz Orucov sağ baldırın sınığı diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə (KTM) gətirilib. O, artıq ambulator müalicə üçün evə buraxılıb.
1962-ci il təvəllüdlü Əmir Mehdiyev isə sol bud sümüyünün sınığı ilə KTM-in reanimasiya şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, hadisə "Green City" yaşayış-istirahət kompleksinin həyətində qeydə alınıb. Burada tikilməkdə olan iaşə obyekti uçub. Nəticədə orada işləyən şəxslərdən azı 2 nəfəri ölüb, 4 nəfəri xəsarət alıb. Və artıq xəbər verdiyimiz kimi, yaralılardan 1 nəfərə yerində yardım göstərilib, 3 nəfər isə xəstəxanalara yerləşdirilib.
* * *16:46
Paytaxtın Səbail rayon Şıx qəsəbəsində, “Green City” istirahət mərkəzində tikilməkdə olan binada uçqun baş verib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova virtualaz.org saytına bildirib ki, hadisə yerində 6 nəfər olub.
Onlardan 1 nəfərə yerində yardım göstərilib. 3 nəfər Klinik Tibbi Mərkəzinə aparılıb. Yaralıların vəziyyəti orta ağırdır. 2 nəfər isə hadisə yerində ölüb.
Tarix: 12-04-2017, 21:28