Qaraməryəm-İsmayıllı-Şəki yolunu sel basıb
Güclü sel Qaraməryəm-İsmayıllı-Şəki yolunda da fəsadlara yol açıb. “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Lent.az-a bildirib ki, bölgəyə ötən gecədən başlayaraq yağan güclü leysan yağışları bu gün günorta saatlarında daha da güclənib və nəticədə yağışdan sonra dağlardan gələn sel suları sözügedən avtomobil yolunun 38-40-cı km-lik hissəsində avtonəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib. Güclü sel suları palçıq, daş və ağac qırıntılarını yolun hərəkət hissəsinə doldurub.
Qurum təmsilçisi qeyd edib ki, ASC-nin əməkdaşları və ağır texnikaları əraziyə cəlb edilərək yolun təmizlənməsi istiqamətində işlərə başlayıblar: " Qısa müddət ərzində yolda hərəkət bərpa olunub. Hazırda da ərazidə selin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Avtonəqliyyat vasitələrinin hərəkətində hər-hansı bir problem müşahidə olunmur".
Tarix: 2-06-2017, 15:31