Kollec diplomunu təsdiqlətmək adı ilə 12,5 minlik dələduzluq etdi - MƏHKƏMƏ

Bakı Apellyasiya Məhkəməsinin dələduzluq etməkdə təqsirləndirilən Zaman Rzayevin (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zaur Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, Zaman Rzayev tanışlarının vasitəsi ilə tanıdığı zərərçəkmiş Q.Q.-nin qohumuna Gəncə Məişət Xidməti Kolleci tərəfindən verilmiş 2004-cü il tarixli diplomunu Təhsil Nazirliyində təsdiq etdirilməsinə köməklik göstərməsinə vəd verib. O, 2022-ci illərdə bu yolla zərərçəkmişdən ümumilikdə 12 500 manat pulu dələduzluq yolu ilə ələ keçirib. Daha sonra Zaman Rzayev saxlanılaraq istintaqa cəlb edilib. Yasamal Rayon Məhkəməsinin hökmü ilə o, 1 il 5 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum olunub.
Tarix: 10-07-2024, 10:58