“Dövriyyədə manat kütləsi artarsa, devalvasiya qaçılmaz olacaq”

“Dövriyyədə manat kütləsi artarsa, devalvasiya qaçılmaz olacaq” Manatın məzənnəsində müəyyən qədər stabillik yaransa da milli valyutamıza inam bərpa olunmayıb. Nə vətəndaşlar, nə biznesmenlər, nə də banklar manatla kredit verməyə, yatırım etməyə risk etmirlər. Bunun əksinə olaraq Rusiyada rubla böyük inam yaranıb. Hətta son günlər dollar qarşısında bir qədər ucuzlaşsa belə, rubl itirilən etimadı geri qazana bilib.

Bəs aradakı fərq nədən ibarətdir? Niyə Azərbaycanda hər kəs manatın dollar qarşısında zəifləyərək, 1 dollar = 2 manat məzənnəsinin yaranacağı günün qorxusu ilə yaşayır?

Musavat.com-a açıqlamasında bu sualı cavablandıran iqtisadçı ekspert Əkrəm Həsənov bildirdi ki, Rusiyada rublun məzənnəsini bazar müəyyənləşdirirsə, Azərbaycanda manatın kursunu Mərkəzi Bank inzibati yolla müəyyənləşdirir: “Fərq ondan ibarətdir ki, Rusiyada sabitləşmə rublun sərbəst buraxılması nəticəsində yaranan bazar məzənnəsinə əsaslanır, bizdə isə Mərkəzi Bankın həmişəki kimi inzibati yolla müəyyənləşdirdiyi süni məzənnəyə. Bazarın müəyyən etdiyi qiymətə hamı inanır, çünki süni dəyişməsi mümkün deyil. Süni məzənnə isə həmişə qəflətən dəyişə bilər. Bankirlərimiz gözəl başa düşür ki, manatın bahalaşmasının heç bir iqtisadi əsası yoxdur. Məgər dollar gəlirlərimiz artıb ki, manat bahalaşıb? Bəlkə neft kəskin bahalaşıb, xəbərimiz yoxdur?! Sadəcə Mərkəzi Bank manat kütləsini elə sıxıb ki, dollar almağa manat çatmır”.

İqtisadçının sözlərinə görə, manat kütləsi artarsa, bu kəskin devalvasiyanı qaçılmaz edəcək: “Əlbəttə, manat kütləsinin azalması iqtisadiyyatı məhv edir, bəzi nazirliklər heç əmək haqqını məmurlarına aylarla vermir. Başqa fəsadları da var, sahibkarlar bir-bir sıradan çıxır və s. Lakin aydın məsələdir ki, vəziyyət çox belə davam edə bilməz. İqtisadiyyatı yaşatmaq üçün Mərkəzi Bank manat kütləsini artırmalıdır və bu devalvasiyanı qaçılmaz edəcək. Odur ki, banklar bu gün kredit verməkdən yayınır. Əksinə, manat kreditlərini tez yığıb dollara çevirir ki, devalvasiyadan qazansın. Bunun bariz nümunəsi Beynəlxalq Bankdır. Ötən il verdiyi\dollar əmanətiilə artıqlaması ilə təmin edilmiş manat kreditlərini qanunsuz və quldurcasına geri tələb edir ki, dollar alıb devalvasiyadan qazansın. Hətta hüquq-mühafizə orqanlarının şikayəti ilə hədələyirlər. Ölkənin ən iri bankı belə edirsə, deməli, vəziyyət çox pisdir”.

Nərgiz
Tarix: 9-03-2017, 17:23
Xəbəri paylaş





Xəbər lenti