EHTİYATLI OLUN: Möhtəkirlərin Azərbaycanda vərəmli ət biznesi
Eyyub Hüseynov: “Bazardakı ətlərə saxta möhür vurulur”
Ölkə ərazisində vərəmli ət şəbəkəsi ilə məşğul olan möhtəkirlər mövcuddur. Onlar bəzi xarici ölkələrdən aldıqları ucuz və keyfiyyətsiz xəstə ətləri Azərbaycana daşıyırlar. Bununla böyük biznes quran şəbəkə minlərlə insanın sağlamlığına ciddi ziyan vurmaqda davam edir.
Əsasən vərəm viruslu mal-qaralar Azərbaycana Gürcüstandan gətirilir. Nəzərə alsaq ki, qonşu ölkədə ətin qiyməti Azərbaycandakından daha ucuzdur, bu səbəbdən keyfiyyət dərəcəsi olmayan, hətta bir sıra xəstəlik daşıyıcısı olan mal-qaralar daha ucuz qiymətlərlə alınaraq ölkəmizə daşınır. Daşınan belə ətlərin nəticəsi isə məlumdur.
Qeyd edək ki, Gürcüstanın Saqareco rayonunun Baytarlıq İdarəsinin inspektoru Nono Buzariaşvilinin verdiyi məlumata görə Respublika Baytarlıq Laboratoriyasında fəaliyyət göstərən Bakteriologiya və ekspres-diaqnostika şöbəsi tək bruselyozu analiz edir. Vərəm virusu Gürcüstan mal-qaraları arasında analiz edilmir. Bu haqda sənəd və sertifikat da verilmir. Bir sözlə, bu sahə tamamilə başlı-başına buraxılıb.
Xəstə heyvan biznesi ilə məşğul olanlar Azərbaycan istehlakçılarının hüquqlarını kobud şəkildə pozmaqda davam edirlər. Ekspertlər hesab edirlər ki, insan orqanizmi üçün həddindən artıq təhlükə yaradan vərəmli ətləri bazara daxil edənlər əslində böyük bir məsuliyyətin və cinayətin altına girir. İddia olunur ki, ümumiyyətlə, bu sahəyə cavabdeh qurumların heç biri xarici ölkələrdən gətirilən ətləri müayinədən keçirmir. Ətlərin və mal-qaranın üzərinə vurulan Dövlət Baytarlıq Nəzarəti Xidmətinin möhürləri isə saxtadır.

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, Bakının bütün bazarlarının laboratoriyaları primitiv vəziyyətdədir: “Ötən gün Nəsimi rayonunda yerləşən 3-cü mikrorayon bazarındakı laboratoriyasında oldum. Gördüyüm müayinə laboratoriyası standartlara cavab vermir, çox primitiv vəziyyətdədir. Vərəmə və bruselyoza qarşı heç bir araşdırma aparılmır. Yalnız primitiv şəkildə qara yara yoxlanılır. Yəni, təhlükəli vərəmli ətlərin Azərbaycan bazarlarına idxal olunması istisna olunmur. Sadəcə olaraq əhali əti yaxşı bişirməlidir ki, canlarını qurtarsınlar”.
Ekspert hesab edir ki, Azərbaycanın azad bazar, qida təhlükəsizliyi haqqında qanunun olmaması və ekspertizaların primitiv olduğu bir şəraitdə hər bir ölkədən Azərbaycana gətirilən ətlər içərisində virus ola bilər: “Dövlət Baytarlıq Xidmətinin apardığı işlər zəruridir. Lakin kafi deyil. Əhalinin Baytarlıq Nəzarəti Xidmətinə inamı olsaydı, o zaman Bakının küçələri sallaqxanaya dönməzdi.
Əhali bu quruma inanmadığı üçün marketlərdən gedib ət almır. Gözü ilə görüb, diri heyvanın kəsildiyi əti almağa üstünlük verir. Hətta o ətlər də təhlükəlidir, onlar da yoxlanılmır. Səhər tezdən bazarlara üz tutsanız, yüzlərlə bazar asılmış cəmdəylərin üzərində Baytarlıq Nəzarəti Xidmətinin möhürü vurulub. Hansı ki, onlar saxtadır”. (Cebhe.info)
Tarix: 11-03-2017, 21:46