İşbazlar xalqı ətə həsrət qoydu: Möhtəkirlərin “sınağı”
Ölkə ərazisində fəaliyyət göstərən bazarların demək olar ki, tamamında bütün ərzaq və qeyri-ərzaq məhsullarında bahalaşma müşahidə olunur. Bahalaşmanın ən çox hiss olunduğu məhsullar isə ət və ət məhsullardır. Nəzərə alsaq ki, ət və ət məhsullarının böyük bir hissəsi Azərbaycanda istehsal olunur. Ancaq buna baxmayaraq Azərbaycanda ətin qiyməti son 1 ildə ən az 2 dəfə bahalaşma qeydə alınıb. Belə ki, 2015-ci ilin əvvəllərində ətin qiyməti 6.80-7.50 manat civarında dəyişirdisə, hazırda bu rəqəm 13 manata çatıb.Bəs, Azərbaycanda ət niyə bahalaşır?Əslində bunun bir sıra səbəbləri var. İlk növbədə heyvandarlıqla məşğul olan sahibkarların dedikləri diqqət çəkir.Onlar ətin qiymətində baş verən kəskin bahalaşmanı yem məhsulları ilə əlaqələndirir.Sahibkarlar deyirlər ki, yem məhsullarının böyük əksəriyyəti ölkəyə xaricdən gətirilir, ona görə də ət və ət məhsullarının qiymətinin bahalaşması təbii haldır.Ekspertlər də bu fikri təsdiqləyir və bildirir ki, yem məhsulları ölkəyə idxal olunduğu üçün dolların qiymətinin bahalaşması bu sahəyə öz ciddi təsirini göstərir.Əslində idxal olunan yem məhsullarını otlaq sahələri ilə əvəzləmək mümkündür.Ancaq bu gün ölkə ərazisində otlaq sahələri kifayət qədər azalıb.Bu ərazilər inzibati qaydada pambıq, üzüm və müxtəlif bitkilərin əkilməsi üçün ayrılıb.
Bu da xaricdən gətirilən yem məhsullarına tələbatı daha da artırır ki, qiymət baxımından bu heç də əlverişli sayılmır.Bahalaşmanın digər səbəbi kimi isə gömrükdə alınan əlavə rüsum göstərilir. Satıcıların sözlərinə görə qiymət artımının digər səbəbi odur ki, gömrükdə bir heyvanın qiyməti (rəsmi rüsumla üstəgəl, rüşvət) 100 dollardan 250 dollara qalxıb. Bu da təbii ki, satış qiymətinə ciddi şəkildə təsir edir.Məlumdur ki, bu gün ölkəyə xaricdən, əsasən Gürcüstan və Ukraynadan kifayət qədər iri və xırda buynuzlu mal-qara gətirilir.Məlumatlara görə xaricdən gətirilən malların maya dəyəri əvvəlki dövrlərdə olduğu kimi aşağıdır və bu əslində imkan verir ki, Azərbaycanda ət bu günkündən daha ucuz qiymətə satılsın.Ancaq görünən odur ki, bu sahə də işbazların gəlir mənbəyinin qurbanına çevrilib.Belə ki, heyvanların topdansatış nəqli üçün heyvan sayından asılı olmayaraq heyvan daşıyan maşının hər bir furqonu üçün 20 min manat tələb edilir.Bu da qiymətlərin bahalaşmasında daha bir amildir.Qiymətlərin bahalaşmasında, ət bazarında yaranan qıtlıqdan istifadə edən bir sıra işbazlar isə bazara keyfiyyətsiz ət məhsullarını çıxararaq gəlir əldə etməyə çalışır.Bazarda olan yararsız ət məhsulları ilə bağlı zaman-zaman mətbuatda geniş yazılar dərc edilib və bunun zərərləri haqqında ekspertlər, mütəxəssislər ictimaiyyətə kifayət qədər məlumat veriblər.Ancaq hələ də bazarda yararsız ət məhsullarının olması və əhaliyə satılması istisna deyil.
Əslində bu gün ətin qiymətinin baha olmasından həm satıcılar, həm də alıcılar narazıdır.Satıcılar deyir ki, ətin qiymətinin kəskin şəkildə baha olması alıcılıq qabiliyyətini azalmasına səbəb olub. Hövsan qəsəbəsində fəaliyyət göstərən ət satışı məntəqsinin sahibi deyir ki, bahalaşma yay aylarına qədər davam edəcək: “Əvvəllər günə 200-250 kq ət satırdıq, indi isə bu çəkidə olan bir dana minimum 3 günə satılır. Təbii ki, bu alıcılarda da ciddi narazılıqlar yaradır.
Hər kəs təzə ət almaq istəyir. Bir gündən sonra artıq çox adam həmin əti almaqdan imtina edir. Bu isə bizi ziyana salır. Çünki, biz də 1000-1500 manat verib dana alırıq. Satılmayanda isə ziyana düşürük.Bu səbəbdən dolayı ziyana düşüb obyektini bağlayan çox sayda qəssablar var. Yaranmış vəziyyətin tezliklə düzələcəyi gözlənilmir.Çünki, dananı saxlayan kəndli də əziyyətinin qarşılığını almaq istəyir. Dünən 1500 manata olan dananı, bu gün heç kim 800 manata verməyəcək.
Bu da onu deməyə əsas verir ki, bahalaşma hələ davam edəcək.Yay aylarına qədər bahalaşmanın qarşısını almaq mümkün olmayacaq. Bu mövsümdə isə ətə tələbat xeyli az olur. Bu da müəyyən qədər ucuzlaşma yarada bilər.Ancaq hələ ki, ucuzlaşma haqqında danışmaq çox çətin görünür”.
Vilayət Muxtar
Cebhe.info
Tarix: 15-03-2017, 14:26