Bahalığın əsas səbəbi - Monopoliya
Natiq Cəfərli: “İş adamlarının ödədikləri əlavə ödənişlər sonda qiymətin üzərinə gəlir, piştaxtalarda baha qiymətə qarşımıza çıxır”
Ölkəmizə ən çox idxal olunan meyvələrin qiyməti kəskin artıb. Ölkədə bananın qiyməti az qala 4 manata çatıb. Monopoliya imkan vermir ki, sahibkarlar ölkəyə belə məhsulları ucuz qiymətə gətirib insanlara da münasib qiymətə təklif etsinlər. Qeyd edək ki, Almaniyada 3000 avro maaş alan vətəndaş 1-ci növ bananı 1 avro 10 sentə alır. Amma Azərbaycanda monopoliya bütün ərzaq məhsulları sahəsini iflic vəziyyətə salıb. Ekspertlər hesab edir ki, monopoliyanı ləğv etməklə bananı və bütün meyvə və ərzaq məhsulları bugünkü qiymətindən 4 dəfə ucuz qiymətə vətəndaşlara təklif etmək olar.
İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə bildirib ki, inhisarçılıq qiymətlərinin formalaşmasında çox böyük rol oynayır: “
Uzun illərdir ki, inhisarçılıq və korrupsiya Azərbaycanın xronoloji xəstəliyinə çevrilib. Sonuc etibarilə bu qiymətlərin üzərinə gəlir. İş adamlarının ödədikləri əlavə ödənişlər sonda qiymətin üzərinə gələrək, daha baha piştaxtalarda qarşımıza çıxır. Bu nöqteyi-nəzərdən inhisarçılıqla və korrupsiya ilə bağlı ciddi addımlar atılsa, qiymətlərin aşağı çəkilməsinə, müəyyən ucuzlaşmanın olmasına səbəb ola bilər. Birdəfəlik bir neçə dəfə ucuzlaşacağını demək çətindir. Müəyyən gömrük rüsumları və yol xərcləri də var. Amma ən azından Azərbaycanla Gürcüstan arasında müqayisə apararaq, xaricdən gətirilən malların orada satılan qiymətlərini nəzərə alaraq ölkəmizdə də bir qiymət forması yaratması mümkündür. Çünki xaricdən gətirilən məhsullar Gürcüstan üzərindən çox zaman Azərbaycana daxil olur.Ərazinin və yolun da yaxın olması elə Gürcüstan ərazisində satılan qiymətlərdən azacıq baha Azərbaycanda da qiymətlərin formalaşmasını deməyə əsas verir. Gürcüstanda banan hansı qiymətədirsə, aşağı-yuxarı Azərbaycanda da o qiymətə satıla bilər. Əgər inhisarçılıq və korrupsiya olmasa... Məsələn, kərə yağı ilə bağlı Gürcüstanla Azərbaycan arasında kifayət qədər böyük fərq var. Yeni Zelandiya və Avstraliyadan gələn kərə yağı Gürcüstan üzərindən Azərbaycana daxil olur. Amma sərhəddin o tərəfində Azərbaycana nisbətən 50 faiz ucuz satılır. Bunun məntiqi izahı yoxdur. Yeganə izahı korrupsiya və monopoliyanın olmasıdır. Bu iki xronoloji xəstəlik Azərbaycandan yığışdırılsa, qiymətlərdə müəyyən qədər ucuzlaşma ola bilər. Daha çox insanlar da bu sahələrlə məşğul ola bilərlər. Bu həm də işsizliyin qarşısını ala biləcək amillərdən birinə çevrilə bilər. Çünki bazarda nə qədər çox oyunçu olacaqsa, bir o qədər də çox rəqabət olacaq. Rəqabətli mühit şəraiti isə qiymətlərin aşağı çəkilməsinə xidmət edəcək”.Ekspert vurğulayıb ki, hökumət dəfələrlə inhisarçılığın qarşısının alınması ilə bağlı çıxışlar edilib. Amma hər hansı bir dəyişiklik baş verməyib:
“Korrupsiya və inhisarçılıqla bağlı ciddi irəliləyişin olduğunu söyləmək çox çətindir. Əslində bununla bağlı qanunvericilikdə o qədər də böyük problem yoxdur. Elə problemlər var ki, bu günə qədər onlar həllini tapmayıb. Çünki qanunvericilik bazası aşağı-yuxarı normaldır. Bəzən də ərzaq məhsullarında inhisarçılıq heç əmrlə olan bir məsələ də deyil. Bir neçə iş adamı içərisində yalnız bir adama yaxşı şərait yaradılır, daha tez rəsmiləşdirilir və bazara çıxarılır. Bu da rəqabətli mühitə ziyanlı olur və onların rəqiblərinin bazara çıxmasında çətinliklər olur. Bu yolla da inhisarçılıq ciddi bir formaya çevrilir. Ona görə də uyğulamaya, yəni, praktikaya nəzər yetirmək lazımdır. Praktikada isə verilən sözlər elə praktikada da öz əksini tapmalıdır. Azərbaycanın indiki şəraitində də ən doğru olanı da budur”.
Qeyd edək ki, banan ən çox istehlak edilən meyvələrdən biridir. Azərbaycana banan əsasən Qvatemala və Kosta Rikadan idxal olunur. Dövlət Gömrük Komitəsinin (DGK-nın) məlumatına görə, ötən il Azərbaycana Kosta Rika və Qvatemaladan 21,5 min ton - 2015-ci ildəkindən 10 faiz çox banan gətirilib. DGK-nın hesabatında deyilir ki, 2016-cı ildə 1 kq banan 93 sentə (təxminən 1,50 manat), bir il əvvəlsə 83 sentə - o vaxtkı məzənnə ilə 90 qəpiyə rəsmiləşdirilib. Bu qiymətlərə orta hesabla 36 faiz gömrük vergi və ƏDV (cəmi 50 qəpik) də əlavə olunsa, idxalçıların əvvəlki kimi yüksək qazanc götürmədiyi bilinir. Ola bilsin ki, bu səbəbdən bananın bu ildən topdansatış qiyməti qaldırılıb. Bunu da qeyd edək ki, manat dəyərsizləşsə də, pərakəndə ticarətdə bananın qiyməti son iki ildə, demək olar, dəyişməmişdi. Dövlət Statistika Komitəsi (DSK) monitorinqinin nəticələrinə görə ötən il ərzində qiymətlər 2 manat 75 qəpiklə 2 manat 40 qəpik arasında dəyişib. Manatın məzənnəsi dollardan yüksək olduğu dövrdə də banan təxminən bu qiymətə satılırdı.
Alçina Amilqızı
Tarix: 5-04-2017, 07:39