Gömrükdə rüsumlar niyə yüksəkdir? - ŞƏRH

Gömrükdə rüsumlar niyə yüksəkdir? - ŞƏRH Bu ilin birinci rübündə Azərbaycana gətirilən mallar dəyər ifadəsilə 17 faiz azalıb. Bununla belə, gömrük ödəmələrindən büdcəyə daxilolmalar 37 faizədək artıb.

Dövlət Gömrük Komitəsinin (DGK-nın) məlumatına görə, yanvar-mart aylarında xarici ticarət əməliyyatlarının iştirakçıları dövlət büdcəsinə 571 milyon manat gömrük rüsumu və vergi ödəyiblər. Ötən ilin eyni dövrü ilə müqayisədə ödənişlərin məbləğı 154,1 milyon manat - 37 faizədək artıb.


Gömrük ödənişləri manatın ABŞ dollarına olan rəsmi məzənnəsinə uyğun ödənilir. Bu səbəbdən manatın alış və satış məzənnələri arasındakı kəskin fərq (hazırda bu göstərici hər 100 manatda 7 manata yaxındır) sahibkarlara əlverişli deyil.

Gömrük vergi və rüsumları Mərkəzi Bankın rəsmi məzənnəsi ilə ödənilir, sonradan xarici valyutaya tələbat yaranarsa, iş adamları onu yüksək məzənnə ilə almağa məcbur qalırlar. Manatın möhkəmlənməsi fonunda istehlak bazarında qiymətlərin aşağı düşməməsi həm də bu amillə əsaslandırılır.

Bəs görəsən, niyə rüsumlar yüksəkdir və bu hansı problemləri yaradır?

Toplum Tv bu sualla ekspertlərə üz tutub.

"Daxili istehsalı olmayan mal növlərinə çox böyük rüsum qoyulur”.

Bunu iqtisadçı Natiq Cəfərli deyir.


Onun sözlərinə görə, Azərbaycan 20 ildir ki, Ümumdünya Ticarət Təşkilatına üzv olmaq üçün danışıqlar aparır, amma üzv olmur:
Gömrükdə rüsumlar niyə yüksəkdir? - ŞƏRH
"Əslində, əgər dövriyyə azalıbsa, amma ödənişlərdə artım müşahidə olunursa, bu iki sual doğurur. Birincisi, gömrük rüsumları valyuta ilə hesablanır və sonradan manatla ödənilir. Bu da artımın səbəblərindən biridir. İkinci məsələ isə odur ki, son zamanlar gömrükdə, həqiqətən də, rəsmiləşdirmənin səviyyəsi artıb . Bu da o deməkdir ki, ötən illərdə rəsmiləşdirmədə çox güman ki, problemlər var idi. Yəni qeyri-qanuni yollarla mal gətirilərkən bir hissəsi rəsmiləşdirilmirdi. Rəsmiləşdirilmədə irəliləyiş var deyə, bu, ödənişlərin artmasına səbəb olub. Məntiq burda bir az fərqli çalışır. Yəni həcm azalıb, lakin ödəniş artıbsa, burada başqa səbəblər ortaya çıxır. Rüsumların çox olmasının bir neçə səbəbi var. Birinci səbəb odur ki, ölkəyə gətirilən malların bir qisminə yüksək rüsum tətbiq olunur ki, məntiqlə daxili istehsalçını qorusunlar. Amma burada da bəzən çox böyük problemlər yaşanır. Çünki daxili istehsal olmayan belə mal növlərinə çox böyük rüsum qoyulur Azərbaycanda. Bu daxili istehsalçını qorumaq üçün edilmir. Dərman istehsalı Azərbaycanda yoxdur. Amma bu gün dərmanlara şox böyük rüsumlar ödənilir. Bu gün də biz dərman qiymətlərinin yüksəldiyini görürük. Hazır geyimdə və elektrotexnikada da vəziyyət belədir. Azərbaycan 20 ildir ki, Ümumdünya Ticarət Təşkilatına üzv olmaq üçün danışıqlar aparır, amma üzv olmur. Bu, dünyada görülməmiş bir hadisədir. Əsas ölkələrin hətta hamısı Ümumdünya Ticarət Təşkilatına üzv oldu. Gürcüstan və Ermənistan 2003-cü ildən həmin təşkilata üzvdür. Bu yaxınlarda Rusiya və Qazaxstan da həmin təşkilata üzv oldu. Lakin Azərbaycan üzv olmaq istəmir. Bu da gömrük rüsumlarının öz bildiyi kimi tənzimlənməsinə səbəb olur. Əgər bu təşkilata üzv olsaydıq, ən azından, beynəlxalq qaydalara uyğun olaraq gömrük rüsumlarının tətbiq olunmasına məcbur olardıq. Bu da, istehlakçıya, vətəndaşın cibinə müsbət təsir göstərərdi”.

"Elə rüsumlar var ki, onları kəskin şəkildə azaltmaq lazımdır”.

Bunu deputat Vahid Əhmədov açıqlamasında deyib. Deputatın fikrincə, gömrük sistemində şəffaflıq barədə prezidentin göstərişi olub və bu sistemdə çox ciddi əməliyyatlar həyata keçirilib:
Gömrükdə rüsumlar niyə yüksəkdir? - ŞƏRH
"Gömrük Komitəsi şəffaflığı təmin etmək üçün bir sıra addımlar atdı. Orada müəyyən aparatlar quraşdırıldı və s. Əvvəllər gömrükdən gizlədilən mallar var idisə, indi artıq bu mümkün deyil. Tam nəzarət altındadır. 37 faizədək artım ciddi rəqəmdir. Malların gətirilməsində sahibkarlar üçün problemlər yaranıb. Biz o zaman təklif etdik ki, belə bir sistem tətbiq edilirsə, gömrük rüsumlarına da diqqət yetirmək lazımdır. Rüsumlar həddindən artıq yüksəkdir. 0-15-ə qədər gömrük rüsumları var. Elə rüsumlar var ki, onları kəskin şəkildə azaltmaq lazımdır. Bu zaman əlavə dəyər vergisinə də diqqət yetirmək gərəkdir. Nəqliyyat vasitələrində əlavə dəyər vergisini artırmaq olar, qida məhsullarında və geyim məhsullarında isə əlavə dəyər vergisini azaltmaq lazımdır. Gömrük sistemində problem olmamalıdır”.

Ödəmələrin əsas hissəsi əlavə dəyər vergisinin (393,8 milyon manat, artım – 33,7 faiz) və gömrük rüsumlarının (153,6 milyon manat, artım – 43 faiz) payına düşür. Aksiz və yol vergisinin yığımında da artım var.

Alya A.
Tarix: 11-04-2017, 23:00
Xəbəri paylaş





Xəbər lenti