Hafiz Babalı: “Vətəndaş cəmiyyəti, istehlakçılar öz haqlarını yetərincə tələb etmirlər”Azərbaycanda xidmət sahələrində vəziyyət ağırdır.Bu ağırlıq daha çox xalqın üzərinə yüklənir.Xidmət sahələri göstərdikləri qarşılıq müqabilində insanlardan ikiqat xeyir götürərək, yükü insanların üzərinə atır.Problem baş verəndə isə nəinki kömək etməyə çalışır, ümumiyyətlə yaxasını geri çəkirlər.Bu günlərdə Milli Məclisin deputatı Yevda Abramov açıqlamasında bildirib ki, xidmət sahələri ağırlığı insanların çiynindən götürməlidir.Millət vəkili ard-arda devalvasiyaları diqqətə çəkərək, bu prosesin özünün problem olduğunu xatırladıb.Belə bir zamanda ağırlığın xalqın üzərində olmasını məqsədəuyğun hesab etmir.
Nəzərə alsaq ki, qış ayları başlayandan qaz, su, və işıq idarələri sərasər insanları incitməkdə davam edib. Bu proses hələ də davam etməkdədir. Uzun zamandır ki, “Azəriqaz”dan şikayətlərin sayı səngimək bilmir.Hətta “Azərişıq” və “Azərsu” da da müəyyən nöqsanlar var ki, əhali bu qurumların əlindən təngə gəlib.Ekspertlərin fikrincə, bütün bu incikliklər, ardı kəsilməyən şikayətlər sonunda dövlətə qarşı yönələcək.
İqtisadçı ekspert Hafiz Babalı “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, xidmət var və ödənişlidir:“Azərişıq” neynir? Bahalı infrastruktur, onun əsasında elektrik enerjisinin haqqını vətəndaşlardan yığır.Bunu mövcud infrastruktur çərçivəsində, sayğac və qəbz sayəsində görmüş olur.Amma bu sahədə də nöqsanlar olur.Müəyyən yerlər var ki, orada qazın təzyiqi aşağı salınır, bəzi günlərdə, ümumiyyətlə, qaz olmur.Ümumiyyətlə, bu sahələrdə ciddi nöqsanlar var, demək üçün gərək ciddi arqumentlər olsun. Əks tərəfin də, o xidmətləri təqdim edən dövlət qurumlarının özlərinə görə arqumentləri var. Onlar da bunu bu cür təqdim edirlər ki, çox uzun müddət fəaliyyət göstərən şəbəkədir, bu daim yenilənir, təmir olunur və yenilənmə-təmir işləri fasilələrə gətirib çıxarır. Qazın təzyiqinin düşməsi ilə bağlı da onların yenə də cavabları var. Bildirirlər ki, havaların kəskin soyuması, tələbatın artması buna səbəbdir.Bunun əksini söyləmək üçün vətəndaş cəmiyyətinin, medianın arqumentləri qaneedici deyil.Çünki bizim bunu monitorinq etmək imkanlarımız yoxdur.Yalnız faktlardan çıxış edirik.Bu məsələ isə bütün istehlakçılara aiddir.Qapını açırıq və hər üç sahədən istifadə edirik”.
Ekspert deyib ki, digər sahələrdə də nöqsanlar var. Amma bu sahədəki nöqsanları hamı görür və danışır:“Əslində bu tənqidin də mahiyyəti o xidmətin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Hesab edirəm ki, bu xidmətləri təqdim edən dövlət qurumları bundan qıcıqlanmamalıdırlar.Yəni, problem deyilir, nöqsanlar sadalanır.Və bunlar daim öz üzərlərində çalışırlar. İkinci məsələ ondan ibarətdir ki, buna nə dərəcədə nail ola bilirlər. Bu nöqsanların aradan qaldırılması arzuolunan səviyyədə deyil.Prezidentin fərmanı ilə su təchizatı dəqiq olan yerlərdə artezian quyularının qazılması ilə bağlı vəsait ayrılır.Xüsusilə, dağ rayonlarında bulaqlar azdır, çay suyu ilə çayın mənbəyi kənddən bir qədər kənardır və su təchizatında problem var. O səbəbdən bu ərazilərdə su təminatı vahid mənbədən hələ də həll olunmayıb.Bu kəndlərdən kifayət qədər çoxdur.Yəni, bu yenidənqurma işləri getdiyindən fasilələr yaranır.Elektrik enerjisində də vəziyyət belədir.Elektrik dirəklərinin bir çoxunun yeniləri ilə əvəzlənməsi işləri gedir. Amma bir qədər külək əsən kimi kəndlərimizdə elektrik enerjisinin verilməsində fasilələr yaranır. Qaz da həmçinin...
Baxmayaraq ki, Dövlət Neft Şirkəti (SOCAR) Gürcüstanın ən ucqar kəndlərini qazla təmin edib.Bunun bir səbəbini onunla izah edərdim ki, vətəndaş cəmiyyəti, istehlakçılar öz haqlarını yetərincə tələb etmirlər. Yəni, necə ola bilər ki, Bakının kəndlərində, ucqar olmayan rayonlarda belə vətəndaşlar evlərini odunla isidirlər. Nəticə odur ki, vətəndaşlar meşələrə hücum çəkməli olurlar və təbiət zərər çəkir.Yəni, vətəndaş cəmiyyətini hakimiyyətdən tələb etmir və nəticədə xidmət aşağı olur.Bu situasiya ilə barışırıq.Özümüz deyib, özümüz eşidirik.Bu mətbuat səhifəsindən o tərəfə getmir.Problem bundan ibarətdir.Xidmət heç də arzuolunan səviyyədə deyil.Amma bunun daha yaxşı olması üçün vətəndaş cəmiyyətinin gücündən də verməyə impulslar olmalıdır.Əvvəlki illərlə müqayisədə hazırda vətəndaş cəmiyyəti küncə cıxıldığı üçün bu problemləri gündəmə gətirə bilmir”.
Alçina Amilqızı
Tarix: 11-04-2017, 23:07