"Pis günləri geridə qoyduq, növbə daha pis günlərdə"... - Yoxsulun gəliri azalıb, varlının qazancı artıb

"Pis günləri geridə qoyduq, növbə daha pis günlərdə"...
Ayrı-ayrı istiqamətlər üzrə sosial göstəricilər əhalinin daha pis şərtlərlə yaşam gerçəkliyindən xəbər verir. Vəziyyət insanlar üçün yaxşılaşmır, əksinə, fərqli istiqamətə yön alır. Sanki əhalinin daha çətin çərtlərlə yaşayan qisminin durumu bir az da mürəkkəbləşir. İndiki gəlirlərlə həyatda qalmaq daha mümkünsüz görünür.
Bizimyol.info xəbər verir ki, rəsmi statistika yoxsulların gəlirlərinin azaldığını, varlıların qazanclarının artdığını göstərir. Ev təsərrüfatlarının büdcə müayinəsi ilə bağlı 2024-cü ilin birinci rübü üzrə açıqlanmış hesabata görə, əvvəlki ilin eyni dövrünə nisbətən ən yoxsul 10 faiz əhali qrupunun aylıq adambaşına gəlirləri 10 faizə yaxın azalıb. Amma ən zəngin 10 faiz əhali qrupu üzrə adambaşına aylıq gəlirlər 15 faizə yaxın artıb. Göstərilən dövrdə bu qrupların adambaşına gəlirləri arasındakı fərq 3,7 dəfədən 4,7 dəfəyə yüksəlib.

Rəqəmlər nə qədər çox şeydən xəbər verir. Həqiqətən də, əhalinin daha az təminatlı qisminin durumu pisləşib. Daha zəngin sayılan zümrənin vəziyyəti isə yaxşılaşıb. Beləcə, təbəqələşmə dərinləşib.

İqtisadçı Rövşən Ağayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, gəlirlərin həcmi və aradakı fərqlə bağlı rəqəmlər reallığı tam əks etdirməyə bilər. Amma ümumi mənzərə istənilən halda dəyişmir.

“Xüsusilə pandemiyadan sonra Azərbaycanda yoxsulların daha da yoxsullaşdığını, zənginlərin daha zənginləşdiyini göstərən siyasi və iqtisadi şərtlərin yaranmasını şəxsən özüm bir neçə dəfə yazmışam. Büdcə resurslarının kəskin artımı və bu resurslara biznesin qeyri-bərabər çıxışı, sərhədlərin bağlı olması səbəbindən xüsusilə xırda ticarətin ağır zərbə alması, yüksək inflyasiya və ona uyğun gəlirlərin indeksləşdirmə mexanizminin (xüsusən özəl sektorda) işləməməsi bu vəziyyətin fundamental səbəblərindən sayıla bilər”.

Ekspert sərhədlərin bağlı olmasını yerində qabardır. Sərhədyanı ərazilərdə yaşayan insanları xırda ticarət sözün əsl mənasında aclıqdan qurtarırdı. Həmin insanların başqa sosial dayaqları yoxdur. Lakin indi çox acınacaqlı vəziyyətdə yaşayırlar.

Ümumiyyətlə, son qərarlar daha çox yoxsulların vəziyyətinin pisləşməsinə xidmət edir. Bu şəraitdə təbəqələşmənin dərinləşməsi təbiidir. Sosial proqramların olmaması və ya sosial yardımın yetərsiz görünməsi başqa mənzərə yarada bilməzdi.
Tarix: 17-07-2024, 16:36
Xəbəri paylaş





Xəbər lenti