Almaniyanın gələcək kanslerindən ittiham: “Bu, Zelenskiyə qarşı planlı təxribat idi”
Fridrix Merz: “Bu cür ritorika ABŞ-ın yeni Donald Tramp administrasiyasının ümumi davranış xəttinə uyğun gəlir” Almaniyanın gələcək kansleri Fridrix Merz Ukrayna Prezidenti Volodimir Zelenskinin Vaşinqtona səfəri zamanı baş verən qalmaqalın ABŞ rəhbərliyi tərəfindən əvvəlcədən təşkil edildiyini bildirib. “Məncə, Oval kabinetdəki bu görüş Zelenskinin sözlərinə kortəbii reaksiya deyil, açıq-aydın, təxribat xarakterli idi”, - alman siyasətçi bildirib. Merz görüşün videosuna bir neçə dəfə baxdığını və "söhbətin tonundan təəccübləndiyini" deyib. Onun fikrincə, bütün bunlar “heç bir fayda gətirmədi”. Eyni zamanda Merz əlavə edib ki, bu cür ritorika ABŞ-ın yeni Donald Tramp administrasiyasının ümumi davranış xəttinə uyğun gəlir: “Son bir neçə həftə ərzində baş verən silsilə hadisələrdə, o cümlədən Münhen Təhlükəsizlik Konfransında Amerika nümayəndə heyətinin iştirakı ilə Vaşinqtonda gördüklərimizdə müəyyən bir davamlılıq var”. Zelenski ilə Tramp arasında mübahisə fevralın 28-də Ağ Evdə, məşhur Oval kabinetdə jurnalistlərin gözləri qarşısında baş verib. Müharibənin diplomatik yolla həllinə nail olmaq üçün Rusiya Prezidenti Vladimir Putinə qarşı ritorikanı yumşaltmaqda israr etməyə başlayan ABŞ-ın vitse-prezidenti J.D.Vensin bəyanatı ilə başlayıb. Zelenski Rusiya Prezidenti ilə yaxşı münasibətlərin əleyhinə çıxış edərək, onun əvvəllər əldə olunmuş razılaşmaları dəfələrlə pozduğunu və bunun insanların ölümünə səbəb olduğunu xatırladıb. Buna cavab olaraq Tramp və Vens Zelenskini müharibəni davam etdirmək istəməkdə və Amerika tərəfinə hörmətsizlikdə ittiham edərək tənqid ediblər. Nəticədə görüş mübahisəyə çevrilib və Ukrayna Prezidenti Vaşinqtona gəldiyi mədən yanacaqlarına dair müqaviləni imzalamadan Ağ Evi erkən tərk edib. Bundan sonra bir çox Qərb mediası Zelenskiyə qarşı təxribatdan yazıb. “New York Times”ın köşə yazarı və üçqat Pulitzer mükafatı laureatı Tomas Fridman bunun "açıqca planlaşdırılmış pusqu" olduğunu söyləyib. “Financial Times”ın redaktor məqaləsində isə deyilir ki, “Zelenski alçaldılmaq üçün tələyə salınıb”. Amerikanın ən qədim jurnallarından biri olan “The Atlantic”in analitiki və ABŞ Hərbi Dəniz Müharibəsi Kollecinin fəxri professoru Tom Nikols Vensi qalmaqalı təşkil etməkdə günahlandıraraq qeyd edib ki, o, “ulduzunun dəstəyə ehtiyacı olanda və məhv edilməli olan rəqib olduqda oyuna çıxan tok-şou moderatoru rolunu oynayıb”. Nəşr vitse-prezidenti “ciddi məqamlarda öz əhəmiyyətini göstərməyə çalışan etibarsız adam” kimi xarakterizə edib. Trampı Polşanın keçmiş Prezidenti, Nobel Sülh Mükafatı laureatı Lex Valesa da tənqid edib və o, ABŞ Prezidentinə məktub göndərib: “Ukrayna Prezidenti Volodimir Zelenski ilə söhbətinizi dəhşət və ikrah hissi ilə izlədik. Biz Ukraynanın ABŞ-ın Rusiyaya qarşı mübarizədə ona göstərdiyi maddi dəstəyə görə minnətdarlığını bildirməsi ilə bağlı gözləntinizi təhqiramiz hesab edirik. Azad dünyanın dəyərlərini müdafiə etmək üçün qanlarını tökən qəhrəman Ukrayna əsgərlərinə təşəkkür edirəm”. Bununla belə, Ağ Ev Zelenskidən ictimaiyyətin üzr istəməsini gözləyir. ABŞ dövlət katibi Marko Rubio bu çağırışı açıq şəkildə edib və qeyd edib ki, Ukrayna Prezidenti “diplomatiyanın işləmədiyi barədə mühazirə etməməli idi”. Zelenski özü isə deyib ki, Kiyev və Vaşinqton arasında münasibətləri xilas etmək olar, lakin o, “pis bir şey etdiyinə” şübhə ilə yanaşır və “bağışlanası hərəkət” etmədiyini bildirir. Dövlət başçısı həmçinin ABŞ-la resurs sazişi imzalamağa və müharibənin diplomatik yolla həllinə keçməyə hazır olduğunu təsdiqləyib, lakin açıq şəkildə bildirib ki, o, sonuncu məqamı yalnız Amerikanın Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı nəzərdən keçirir. Öz növbəsində Tramp bildirib ki, o, müharibəni başa çatdırmaq istəyini açıq şəkildə bildirməyənə qədər Zelenski ilə dialoqu bərpa etmək niyyətində deyil: “O, “mən barışmaq istəyirəm” deməli, sadəcə “Putin belə, Putin elə” deməməlidir”. “Mən daha döyüşmək istəmirəm, insanlar ölür” deməliyik”.Müəllif: Turan Abdulla