“Xərcləməyə qərib ölkə, talamağa vətən yaxşı”

“Xərcləməyə qərib ölkə, talamağa vətən yaxşı” Gürcüstanı investorlar üçün cəlbedici edən nədir?

İqtisadiyyat naziri Şahin Mustafayev deyib ki, Azərbaycan Türkiyə və Gürcüstana sərmayə qoyuluşunda liderlik edir. “Hazırda Türkiyə iqtisadiyyatına ölkəmizin sərmayə qoyuluşu 9 milyard dollar təşkil edir. Bu məbləğin 16-17 milyarda çatdırılması hədəflənir. Gürcüstan iqtisadiyyatına yatırım isə 3,4 milyard dollar təşkil edir ki, bunun da 2,7 milyard dolları qeyri-neft sahəsinin payına düşür”, – deyə nazir bildirib.

Maraqlıdır, görəsən, Şahin Mustafayev araşdırıbmı ki, niyə ölkəmizə heç bir sərmayəçi gəlmir, amma əksinə, ölkədə olan sərmayəçilər qonşu ölkələrə üz tutur? Bəlkə bunu da inkişaf kimi qələmə verməyi düşünürlər? Çox uzağa getməyək, elə bu yaxınlarda İlham Əliyev icra başçılarına tapşırdı ki, xaricə gedib, investorları ölkəmizə sərmayə qoymaq üçün inandırsınlar. Keçən ay PA rəhbəri Ramiz Mehdiyev də müşavirədə icra başçılarına müraciət edərək rüşvət almağa son qoymağı tələb etmişdi. Öz vəzifəsini icra edə bilməyənlər ölkəyə hansı investoru dəvət edəcək, çox maraqlıdır. Nəsə, mövzudan çox yayınmayaq. Əgər ölkədə bu qədər sərmayə qoymaq üçün imkanlar varsa, hətta xaricdən investorlar cəlb etmək üçün kifayət qədər boş sektorlar varsa və buna rəğmən ölkədəki iş adamları investisiyanı aparıb xarici ölkələrə yatırırsa, o zaman bununla qürrələnmək yox, bunun səbəbləri haqqında düşünmək lazımdır.

Azərbaycanda yerli biznesmenlərin dövlət strukturları səviyyəsində başına açılan oyunları hələ də davam edən “MTN işi” məhkəmələrində izləyirik. Müstəqil məhkəmələrin, iqtisadi azadlıqların olmadığı, gömrük sistemi normal işləməyən, vergi sistemində özbaşınalıq olan ölkədə heç bir investor qalmaz. Qalanlar da tədricən öz investisiyasını çıxarıb, arxasına baxmadan qaçıb gedəcək.

Hələ nəzərə alsaq ki, Şahin Mustafayevin dediyi ölkələrdəki Azərbaycan mənşəli investisiyanın çoxu elə hökumətin öz məmurlarına məxsusdu, o zaman vəziyyətin daha acınacaqlı olduğunu görəcəksiniz. Tək Gürcüstan və Türkiyə ilə bitmir siyahı. Çexiyada, Monteneqroda, dünyanın müxtəlif yerlərində hökumət nümayəndələrinin saysız-hesabsız biznesi var. Məmurların Çexiyadakı biznesi barədə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Barədə Reportajlar Layihəsi ( OCCRP) 2012-ci ildə faktlardan ibarət araşdırmalar yaymışdı. Keçən il açıqlanan “Panama sənədləri” göstərdi ki, hökumətin ofşor zonalardakı milyardları ilə yenidən bir ölkə qurmaq olar. Şahin Mustafayevin siyahını Türkiyə və Gürcüstanla sərhədləndirməsi görünür ki, təvazökarlığından qaynaqlanır…

Gürcüstana qoyulan investisiyaların artması, həm də sürətlə artması son illərə təsadüf edir. Səbəb sadədir. Gürcüstandakı demokratik dəyişikliklərdən sonra aparılan islahatlar, yaradılan iqtisadi, siyasi azadlıqlar, sifarişsiz işləyən məhkəmə sistemi, illik dövriyyə əsasında tətbiq edilən qanuni vergilər, monopolistlərin post qurmadığı bir gömrük sisteminin formalaşması Gürcüstanı investorlar üçün həm cəlbedici edir, həm də yatırdığı investisiyaların təhlükəsizliyi üçün əminlik yaradır. Necə ki, “ərəb iş adamları” gəlib ölkəmizdə araşdırma apardı, yekunda investisiyanı aparıb Gürcüstana yatırdı. Bugünlərdə açıqlanan beynəlxlaq hesabatdan da gördük ki, iqtisadi azadlıqların səviyyəsinə görə Gürcüstan 13-cü yerdədir, Azərbaycan isə hətta Ermənistanda da 35 pillə geri qalaraq 68 yerdə. Azərbaycandan hətta məmur-oliqarxların da öz pullarını aparıb Gürcüstanda biznesə yatırmasını şərtləndirən bax, aradakı bu qədər fərqdir.

Məsələnin bir maraqlı tərəfi də budur ki, xarici ölkələrə sərmayə daşıyan Azərbaycan məmurları öncəliyi həmin ölkədə qanunların nə qədər işləməsinə verir, amma öz ölkəsində qanunların işləməməsindən zərrə qədər də narahat olmurlar. Yəqin ki, bizim məmurlar “xərcləməyə qərib ölkə, talamağa vətən yaxşı” prinsipi ilə yaşayırlar.

Aqil Məhərrəmov
Tarix: 18-02-2017, 16:19
Xəbəri paylaş





Xəbər lenti