Azərbaycanın “kefkom” Baş Qərargah rəisləri... - I yazı




Azərbaycanın “kefkom”  Baş Qərargah rəisləri... - I yazı
“Yeltsin Heydər Əliyevə dedi ki, o, bizim mühüm dövlət sirlərimizin daşıyıcısıdır. Bağışlayın, bu səbəbdən onu sizə ekstradisiya edə bilmərik...”
 
“Rusiya kəşfiyyatı onu necə “yoxa çıxarıbsa”, neçə illərdir onun hətta  foto-şəklini də tapmaq olmur...”
 
1991-ci ilin  payızından, yəni müstəqilliyimizin bərpasından bəri Azərbaycan Silahlı Qüvvələrinin, səhv etmiriksə, cəmi 5 Baş Qərargah rəisi  olub. Fəqət, təəssüf ki, onların arasında ordumuz, dövlətimiz, xalqımız üçün əllərindən gələni yapanlar  yox, “kefkom”luq edənlər daha çox yadda qalıb və cəzalandırılmaq əvəzinə, mükafatlandırılıblar...  
 
Azərbaycan Respublikasının 1990-cı illərdəki müstəqillik dövründə ilk müdafiə naziri rəhmətlik general-leytenant  Valeh Bərşadlı sonradan 1992-ci ildə Baş Qərargah rəisi olduğu müddətdə Goranboy və Ağdərə əməliyyatlarının uğurla nəticələnməsində böyük rol oynayıb. Sovet ordusunun 1992-ci ildə Azərbaycandan çıxarkən döyüş sursatlarının məhv edilməsinin qarşısının alınmasında onun da  xidmətlərinin olduğu deyilir...
 
1992-1993-cü illərdə Baş Qərargahın rəisi vəzifəsini tutan general-mayor Nurəddin Sadıqovun  rəhbərliyi ilə Azərbaycan ordusu cəbhə xəttində bir sıra uğurlu əməliyyatlar keçirib. O cümlədən, 1992-ci ilin sentyabr-oktyabr aylarında Kəlbəcər, Qubadlı və Laçın istiqamətində müvəffəqiyyətli hücum əməliyyatları aparılıb...
 
Gələk “kefkom” Baş Qərargah rəislərinə... Niyə Azərbaycan türkcəsinə xas kefcil yox, məhz “kefkom”... Əslində Çar Rusiyası və sovet dövrünün rusdilli mühitinin təsiri ilə yaranmış yarım-alınma “kefkom” məhfumu doğma dilimizə daha çox uyğun gələn “kefcil”, “kefçi”  sözləri ilə eyni anlamda işlənir.  Azərbaycan dilinin izahlı lüğətində  “kefçi” sözünün iki mənası göstərilir:  
1. Vaxtını kefdə keçirən, kef çəkməyi sevən adam; kefcil.
 
2.  məc. Öz danışığı, hərəkəti ilə başqalarının kefini açan, başqalarını əyləndirən adam haqqında.
 
Amma “kefkom”un “kefcil”dən fərqi odur ki,  bəzən   “narkom”(narodnıy komissar- xalq komissarı), “raykom”,  “partkom”, “profkom”, “neftkom” və s. kimi o da hansısa komitəyə, quruma söykənib kef etmək anlamına gəlir... Bu,  hansısa partiya komitəsi də,  keçmiş SSRİ Dövlət Təhlükəsizlik Komitəsi(“KQB”) də ola bilər, “QRU” da, yəni Sovet, sonradan Rusiya Ordusunda Baş Kəşfiyyat İdarəsi də...
 
“O, Moskvadan “şəxsi işi”nin özünü deyil, ondan çıxarışı gətirib və nazirdən xahiş edib ki,  həmin sənədi Prezidentə göstərməsin...”
 
Azərbaycanın ilk “kefkom” Baş Qərargah rəisi kimi  general-mayor Şahin Musayev yaddaşlara həkk olunub... Düzdü, onun neçə rayonda, xaricdə villaları, obyektləri, Dubayda istirahət etməsi  və s. haqda informasiyalar, video-kadrlar yayılmayıb. Amma məhz Şahin Musayevin bu strateji vəzifəni tutduğu dövrdə ermənilərin Xocalıda, Qaradağlıda, Ağdabanda və s. minlərlə soydaşımıza qarşı misilsiz soyqırım törətməsinə,  Daşaltıda ordumuzu məğlub etməsinə, Şuşa və Laçın kimi cənnət guşələrimizi ələ keçirib viran qoymasına  və s. şərait yaradılıb...  
 
Onun rəsmən 1992-ci il yanvarın 22-dən sözügedən vəzifəyə təyin olunması məlum olsa da, bəzi Rusiya mənbələri Şahin Musayevin faktiki olaraq 1991-ci ilin sentyabrından Azərbaycanın yenicə bünövrəsi qoyulan ordusunun baş qərargah rəisi vəzifəsini icra etdiyini bildirir. Polkovnik Şahin Musayev Tacəddin Mehdiyevin Müdafiə naziri olduğu mürəkkəb bir dövrdə - Daşaltı əməliyyatından bir neçə gün öncə - 1992-ci il yanvarın 22-də o vaxtkı Prezident Ayaz Mütəllibovun 147 nömrəli əmri ilə bu vəzifəyə təyin olunub. Yanvarın 30-da isə ona general-mayor rütbəsi verilib. Sabiq Müdafiə naziri Tacəddin Mehdiyev hələ 2018-ci ildə bizimlə söhbətində bildirib ki, Şahin Musayevi onun təqdimatı olmadan Baş Qərargah rəisi təyin etməsinə görə Ayaz Mütəllibova etirazını bildirib. Çünki o,  Şahin Musayevə tam etibar etməyib. Keçmiş sovet ordusunun bu  polkovniki  Moskvadan “şəxsi işi”nin özünü deyil, ondan çıxarışı gətirib və nazir T.Mehdiyevdən xahiş edib ki, mənim “şəxsi işi”mi Prezidentə göstərmə... 
 
Bu minvalla Daşaltıdan, Qaradağlıdan, Xocalıdan tutmuş Şuşa və Laçının işğalınadək bütün hərbi əməliyyatlar, daha doğrusu, hərbi-siyasi oyunlar general-mayor Şahin Musayevin nəzarəti altında aparılıb... Odur ki, bu “kefkom” rəisin Azərbaycandakı macəraları sonsuzdur. Onlardan cəmi bir neçəsi haqda danışacağıq...
 
Zabratda 7 hərbi helikopter ola-ola Xocalı sakinlərinin oradan çıxarılmasına yardım etməyib...
 
...Xocalı soyqırımından bir neçə gün öncə əlində imkan ola-ola, o günlər Zabrat aeroportunda 7 helikopter  ola-ola bu azərbaycanlı(?) general Xocalıdakı soydaşlarımızı oradan çıxarmaq üçün heç nə etməyib.  Daxili İşlər  nazirinin keçmiş müavini general-mayor  Kamil Məmmədov  bunu ürəkağrısı ilə belə xatırlayır: “1992-ci ildə o vaxtkı Prezident Ayaz Mütəllibov Musa Məmmədovu Qarabağda özünün nümayəndəsi təyin etdi. Mən M.Məmmədova raportla müraciət edib yenidən Qarabağa getdim. O vaxt Xocalı faciəsi yaxınlaşırdı. Əməliyyat məlumatları toplayaraq Bakıya qayıtdım və müəyyən etdim ki, Zabrat aeroportunda 7 helikopter dayanıb. Aeroportdan birbaşa Azərbaycan Müdafiə Nazirliyinə, nazir vəzifəsini icra edən Şahin Musayevin yanına getdim. Özümü təqdim edib dedim ki, Zabrat aeroportunda 7 döyüş helikopteri var, onların köməyilə Xocalı sakinlərini şəhərdən çıxarmaq olar. Şahin Musayev cavab verdi ki, döyüş helikopterlərinə ən çoxu 5-6 adam minə bilər. Mən dedim: “Siz məni başa düşmədiniz, mən insanları mülki helikopterlərlə çıxarmağı təklif edirəm, hərbi helikopterlər isə onları müşayiət edə bilər”. Şahin Musayev dedi ki, bu təklifi nəzərdən keçirərik. Onun cavabı məni qane etmədi, mən helikopterlə Ağdama qayıtdım, bu barədə orada olan Tamerlan Qarayevə məruzə etdim. O vaxt Ali Sovetin sədrinin müavini olan Tamerlan Qarayev mənim yanımda Şahin Musayevə zəng vurdu. Şahin Musayev bu məsələni həll edəcəyinə söz versə də, heç bir tədbir görmədi. Nəticədə 1992-ci il fevralın 26-da, Xocalının dinc əhalisinə qarşı soyqırımı törədiləndə 600-dən çox insan öldürüldü... O vaxt Şahin Musayevi Ağdam aeroportunda gördüm... O, başını aşağı saldı və heç nə deyə bilmədi. Mən bu hadisə barədə Şahin Musayevin Ağdamdakı nümayəndəsi Fəhmin Hacıyevin məhkəməsində danışmışam” (“Yeni Azərbaycan”  qəzeti, 2018.- 1 may.- s.6)
 
Mütəllibov: “Sonradan bizə bəlli oldu ki, o, bilavasitə Moskvaya işləyirmiş. O, çox pis adam imiş...”
 
Azərbaycanın ilk Prezidenti Ayaz Mütəllibov 2019-cu ildə Moderator.az-a açıqlamasında bildirib ki, ona Xocalıda cəmi 1 nəfərin həlak olması haqda məlumatı o vaxt müdafiə nazirinin 1-ci müavini və Baş Qərargah rəisi olan, amma faktiki ölkədəki hərbi proseslərə daha çox təsir göstərən general Şahin Musayev çatdırıb.  Keçmiş respublika Prezidentinin sözlərinə görə, fevralın 26-da Şahin Musayev öz təşəbbüsü ilə onun qəbuluna gəlib və Xocalıda ermənilər tərəfindən cəmi 1 nəfərin qətlə yetirildiyini bildirib...
 
“Mən o dövrdə hesab edirdim ki, o, Azərbaycanı sevən bir hərbçidir.  Təəssüf ki, o günlər Şahin Musayev haqqında dəqiq informasiyamız olmayıb... Lakin sonradan bəlli oldu ki, o, bilavasitə Moskvaya işləyirmiş. O, çox pis adam imiş... Və  cəmi bir neçə il öncə Şahin Musayev söhbətlərinin birində etiraf edib ki, guya o, “prezidentin kefi pozulmasın deyə” Xocalı haqqında belə yanlış məlumat verib...”- bunları eks-prezident A.Mütəllibov söyləyib.
 
Maraqlıdır ki,  Şahin Musayevlə qohumluğu olduğu söylənilən keçmiş Daxili Qoşunlar komandanı Fəhmin Hacıyev isə 2005-ci ildə “Monitor” jurnalına müsahibəsində bildirib ki, 1992-ci il fevralın 26-da Şahin Musayev Ağdamda mənim yanımda Prezident Mütəllibova zəng edib və Xocalıda kütləvi qırğın barədə məlumat verib...
 
Xocalı soyqırımı haqda yazan jurnalisti güllələmək istəyib....
 
Xocalı soyqırımından az sonra “Xocalının səsi” qəzetinin baş redaktoru Sərdar Mehdiyev  faciə zamanı yüzlərlə soydaşımızın qətli haqda məqalə yazdığı qəzeti  həmin vaxt Ağdamda olan Müdafiə Naziri vəzifəsini müvəqqəti icra edən Baş Qərargah rəisi Şahin Musayevə təqdim edib. Qəzetin o zamankı məsul katibi Vəli İlyasov mediaya açıqlamasında deyir ki, Şahin Musayev qəzeti oxuduqdan sonra baş redaktoru güllələmək istəyirmiş...
 
“Cavab verdi ki, heç kim məni vəzifədən kənarlaşdıra bilməz... Tüpürüm sizin komissiyanıza da!..”
 
Bu “kefkom” Baş Qərargah rəisi o dərəcədə həddini aşıb ki, Xocalı hadisələrinin təhqiqi ilə bağlı istintaq komissiyasının çağırışını da qəbul etməyərək ona telefon açan komissiya sədri deputat və kinorejissor Ramiz Fətəliyevə qarşı  “tüpürüm sizin komissiyanıza da...” ifadəsini işlədib... 
 
1992-ci il mayın 5-də parlamentdə - o vaxtkı Milli Şuranın iclasındakı çıxışında Xocalı hadisələrinin təhqiqi ilə bağlı istintaq komissiyasının üzvü, sonradan Baş prokuror olmuş Əli Ömərov belə deyib: 
 
“Biz bu gün Şahin Musayevi komissiyaya dəvət elədik. O, telefonda bildirdi ki,  mən Ali Sovetə də, sizin istintaq komissiyasına  da tüpürüm. Bu sözlər maqnitofona yazılırdı. Bunu onun nəzərinə də çatdırdıq. O isə bir daha dedi ki, mən  yenə də təkrar edirəm:”İstintaq komissiyasına da, sizin yazdığınız maqnitofon lentinə də tüpürdüm!.. Mən gələn deyiləm!..” Belə olan təqdirdə biz dedik ki, əgər gəlməsəniz, biz sizin vəzifədən  kənarlaşdırılmanız barədə vəsatət qaldırarıq. Şahin Musayev cavab verdi ki, heç kim məni vəzifədən kənarlaşdıra bilməz...” 
 
Həmin iclasda  o vaxtkı Müdafiə naziri Rəhim Qazıyev isə Şahin Musayev haqqında belə deyib: 
 
“Şahin Musayev mənə qədər Baş Qərargahın rəisi təyin olunub. MN-ə gələndə ona general  rütbəsi verilib, savadlı hərbçidir. Xasiyyəti çox kəskindir,  yəni xoşagəlməzdir. Təşkilatçı kimi çox yaxşıdır. Onun müsbət işləri var...” 
 
İsa Qəmbər onun “QRU”  agenti olduğunu bildirib - Rəhim Qazıyev dərhal işdən azad olunması haqda təqdimat verib... 
 
Sonrakı illərdə mediaya açıqlamasında qeyd etdiyimiz kimi, eks-prezident Ayaz Mütəllibov da, sabiq Müdafiə naziri Rəhim  Qazıyev də bildiriblər ki, əvvəla, o dövrdə dövlət, Müdafiə Nazirliyi yenicə yarandığından təhlükəsizlik, əks-kəşfiyyat qurumları formalaşmadığından Şahin Musayevin haqqında dəqiq məlumat əldə edilməyib. Və bu səbəbdən ilk vaxtlar onun vəzifədən kənarlaşdırılması üçün əsas olmayıb...  Lakin Moderator.az- son açıqlamasında Rəhim Qazıyev bildirdi ki, Şuşa və Laçının işğalından sonra təxminən mayın 21-də Ali Baş Komandan və Prezident səlahiyyətlərini icra edən Ali Sovetin sədri İsa Qəmbər məni dəvət edərək Şahin Musayevin “QRU”-nun agenti olması haqda əllərində dəqiq informasiya olduğunu söyləyib. R.Qazıyev də Müdafiə naziri kimi dərhal  Ş.Musayevin vəzifədən azad olunması haqda təqdimat verib. Beləliklə o, işdən azad olunub yerinə isə rəhmətlik general Valeh Bərşadlı təyin olunub...  
 
Təsəvvür edin ki, Şuşanın işğalı günündə şəhərin özündən və Laçın alayından zəng edib məruzə edirlər ki, cənab general, Şuşa artıq işğal olunur, kömək lazımdı, Baş Qərargah rəisi, general Şahin Musayev cavab verir ki, panika yaratmayın...
 
Laçının işğalından dərhal sonra  briqada komandiri Elbrus Orucovu 20 günlük istirahətə buraxıb...
 
Keçmiş Laçın alayının qərargah rəisi Rafiq Nağıyevin sözlərinə görə, Laçın rayon mərkəzinin işğalı günü  - 1992-ci il mayın 18-də rayonun Güləbird kəndində Şahin Musayevlə  görüşən o vaxt Şuşa və Laçının müdafiəsinə cavabdeh olan briqada komandiri  podpolkovnik(indiki polkovnik-leytenant) Elbrus Orucov  Baş qərargah rəisindən yazıq-yazıq xahiş edib: “Şahin Xeyrəddinoviç, yorulmuşam. Mənə icazə verin,  20 gün dincəlim…” General Musayev də ona cavab verib ki,  yaxşı,  get, dincəl, 20 gündən sonra yanımda olarsan… Təxminən elə 20 gündən sonra, yəni 1992-ci ilin iyununda isə  həmin Elbrus Orucova polkovnik rütbəsi verilib. Lakin o vaxtkı Müdafiə naziri Rəhim Qazıyev  bundan xəbəri olmadığını, E.Orucova heç bir rütbə vermədiyini bildirir...
 
Belə çıxır ki, Baş Qərargah rəisi Şahin Musayev Şuşa və Laçının təhvil verilməsi ilə bağlı tapşırıqlarını mükəmməl icra edərək böyük zəhmət çəkdiyinə görə briqada komandiri Elbrus Orucova istirahət, yəni “kefkom”luq etməsi üçün məzuniyyət verib. Üstəlik, özü də vəzifədən çıxarıldığı halda sanki mükafat olaraq naməlum əllərlə E.Orucovun rütbəsi yüksəldilərək ona polkovnik rütbəsi verilib...
 
Keçmiş Laçın alayının komandiri  Arif Paşa müsahibələrində və bizimlə söhbətlərində dəfələrlə  deyib ki, harada Elbrus Orucov varsa, orada Şahin Musayev var. Yəni Şuşa və Laçının işğalında birbaşa günahkarlar onlardır. Sabiq komandirin sözlərinə görə, onun 1992-ci il aprelin 30-da 801 saylı Laçın alayının komandirliyindən azad olunması və alayın ləğvi haqda əmri tərtib edən və Müdafiə naziri Rəhim Qazıyevin işi çox olduğundan onun mətninə diqqət etmədən həmin əmri imzalamasını da məhz Şahin Musayev təşkil edib... 
 
“O, cəmi 40 gün həbsdə olduqdan sonra haradansa bir telefon zəngi gəldi və quzu kimi onu buraxdılar..." 
 
1992-ci  il  mayın sonunda tutduğu vəzifədən azad edilən Şahin Musayev  bir müddət sonra AXC hakimiyyəti tərəfindən həbs edilir. Lakin sonradan naməlum şəraitdə həbsdən buraxılaraq(guya qaçırılaraq) doğma(!) Moskvasına getməsinə şərait yaradılır... 
Keçmiş Müdafiə naziri Rəhim Qazıyevin sözlərinə görə, Şahin Musayev artıq Əbülfəz Elçibəyin Prezident olduğu vaxtda həbs olunub.  “Cəmi 40 gün həbsdə olduqdan sonra haradansa bir telefon zəngi gəldi və quzu kimi onu buraxdılar. Şuşa və Laçının işğalıyla bağlı 50 cildlik  11 min səhifəlik cinayət işində Şahin Musayevin cəmi 12 səhifəlik ifadəsi var. Özünüz nəticə çıxarın...”- deyə  R.Qazıyev son açıqlamasında bildirib.    
 
“Yeltsin Heydər Əliyevə dedi ki, o, bizim mühüm dövlət sirlərimizin daşıyıcısıdır. Bağışlayın, bu səbəbdən onu sizə ekstradisiya edə bilmərik...”
 
Biz yazarlar hələ 1993-1994-cü illərdə Şahin Musayevin şübhəli əməlləri haqda yazırdıq. Ancaq buna diqqət edən yox idi... 
 
Nəhayət, rəsmi məlumatlara görə, 1995-ci ildə o vaxtkı Prezident Heydər Əliyevə sui-qəsdlə bağlı məşhur “generallar işi”ndə Şahin Musayevin adı başda – təşkilatçı kimi hallanmağa başladı...
Lakin həmin dövləti cinayətdə suçlanan digər general və zabitlər həbs olunsa da, sabiq Baş Qərargah rəisi yenə aradan çıxıb “kefkom”luğuna davam edə bildi...
 
Nəhayət, 13 il sonra 2018-ci ildə o vaxtkı Daxili İşlər naziri, hörmətli general-polkovnik Ramil Usubov “Azərbaycan” qəzetinə müsahibəsində Azərbaycan dövləti tərəfindən general Şahin Musayevin məsuliyyətə cəlb olunmamasının səbəbləri haqda çox diqqətəlayiq faktlar açıqladı. Sən demə, onu Moskvanın əlindən mərhum eks-prezident, Kremldə yetərincə nüfuzu olan keçmiş DTK generalı Heydər Əliyev də ala bilməyib... 
 
(Davamı var)
 
Sultan Laçın

Tarix: 2-04-2021, 08:11




Xəbər lenti