
Keçmiş S.Ağamalı oğlu adına sovxozun vahid bazası əsasında aparılmış dövlət orqanları tərəfindən möhürlənmiş islahat xəritəsi və hər iki kəndin ayrı-ayrılıqda bələdiyyə xəritələri vardır. Həmin xəritələrdə də Ağdam sakinlərinin iddia etdiyi ərazi birmənalı olaraq Vahidli kəndinin inzibati ərazisi kimi qeyd edilib.
Hal-hazırda iddia olunan ərazidə 22(iyirmi iki) Vahidli kənd sakini öz ailəsi ilə yaşayır, həmin ərazidə Vahidli kənd sakinlərinin pay torpaqları yerləşir və bu torpaq sahələri sakinlərə məxsusdur. Bu ailələrin əksəriyyəti Sovet dövründə-hər iki kənd bir Sovetlikdə fəaliyyət göstərən zaman rəsmi torpaq ayrılması, sənədi əsasında həyətyanı torpaq sahələri əldə edərək evlərini tikib, artıq 50-60 ildən çoxdur ki, orada yaşayırlar.Təəcüblüsü və dəhşətlisi odur ki,ortada bu qədər dövlət tərəfindən tanınan hüquqi sənədlər,subut və fakları olan Vahidli kəndinin bir hissəsinin ərazisinin,Ağdam kəndinin inzibati əazisi kimi göstərilməsidir.Belə qanunsuz əməl vətəndaşların dövlətə olan inam sütunlarını kökündən laxladır,vətəndaşlarla dövlət arasında dərin uçurumlar yaradır və vətəndaşları dövlətdən narazı salır.İndi bir qrup Ağdam kənd sakinləri həmin ailələri öz evlərindən qovmağa, didərgun salmağa çalışırlar. Bundan əlavə, Vahidli kənd sakinlərini onilliklər boyu əkib-becərdikləri torpaqlara buraxmaq istəmir, əraziyə gedən şəxslərə hücum edərək,bizləri təhqir və təqiblərə məruz qoyurlar.
Biz, çoxsaylı Vahidli kənd sakinləri olaraq 4(dörd) dəfə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun qəbulunda olub, Axınca çayının sol sahilinin, Vahidli kəndinin böyük bir ərazisinin (təxminən 500 hektardan çox bir ərazinin) qeyri-qanuni olaraq elektron kadastr baza məlumatlarında plan ölçülərinin naturada nə üçün dəyişdirildiyini müzakirə etdik. Eyni zamanda qəbul zamanı adı çəkilən problemlə bağlı 217(iki yüz on yeddi) nəfər sakinin rəsmi imzası ilə cənab Prezidentə, digər ali dövlət orqanlarına və eləcə də Tovuz rayon İcra Hakimiyyətinin başçısına 45(qırx beş) gündən çox bir müddətdə müraciət ünvanladığımızı və bu günə qədər heç bir əsaslandırılmış cavab almadığımızı bildirdik və bizə rəsmi cavab verilməsini tələb etdik. Lakin biz bu günə kimi Tovuz rayon İcra Hakimiyyətindən hələ də rəsmi cavab ala bilməmişik. Bu qanun pozuntusunun məsuliyyətini yəqin ki, başçı və onun heyəti dərk etmir.Eyni zamanda bir qrup Ağdam kənd sakininin və onların himayədarlarının bu çirkin işğalçılıq əməllərini nifrətlə qarşıladığımızı, bu qanunsuz əməl bütün Vahidli kənd sakinlərinin dövlət tərəfindən tanınan sosial hüquqlarının kobud şəkildə pozulması, qürur və ləyaqətinə toxunulması kimi qəbul etdiyimizi başçının nəzərinə çatdırdıq.
Lakin Tovuz rayon İcra Hakimiyyətinin başçısı sakinlərin qaldırdığı ciddi mübahisənin mahiyyətini əsaslı şəkildə araşdırıb cavab vermək əvəzinə, əsas hədəflərdən yayınaraq yanlış və yarıtmaz cavab verdi. Daha sonra biz Vahidli kənd sakinləri olaraq bu qanunsuz əməllə (işğalçılıqla) heç vaxt barışmayacağımızı bildirdik və etiraz əlaməti olaraq iclas zalını tərk etdik.
Tovuz rayon İcra Hakimiyyətinin başçısı və onun məmur korpusu Azərbaycan Respublikası “Vətəndaşlarının Müraciətlərinə baxılması haqqında” qanunun 7.5-ci maddəsinin (müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa, kollektiv müraciət edən şəxslərdən birinə əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur) tələbini kobud şəkildə pozaraq bu günə qədər müraciətimizə cavab verməyib.Azərbaycan Respublikasının “Vətəndaşlarının ərizə və şikayətlərinə baxılması haqqında” qanunun 16-cı maddəsinə görə, bu qanunun tələbini pozan şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar, Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.
Bu isə məmurların cənab Prezidenti və xalqı aldadaraq cəmiyyətin və xalqın xidmətçisi rolundan uzaqlaşaraq vətəndaşı və bütövlükdə xalqı aldadaraq, ona sayğısızlıq göstərməsinin və öz şəxsi kommersiya maraqlarına xidmət etməsinin bariz nümunəsidir.
Çox möhtərəm cənab Prezident!
Çox hörmətli Mehriban xanım!
Çox hörmətli rəhbərlər!
Bildiririk ki, bu işlərin arxasında Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Tovuz rayon İcra Hakimiyyətinin ərazi idarə etmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Fuad Rzayev (xatırladırıq ki, Fuad Rzayev, Arif Süleymanovla yaxın qohumdur), Ağdam kənd sakini, hazırda Tovuz rayon Mərkəzi Bazarının sahibi Süleymanov Arif Cavad oğlunun şəxsi biznes maraqları dayanır. Tovuz rayon mərkəzi bazarını zəbt etmiş ailə, Ağdam kənd sakinlərinin maraqlarına deyil, öz şəxsi maraqları naminə Vahidli və Ağdam kənd sakinlərini qarşıdurmaya sürükləyir. Çünki yüz illər boyu Vahidli kəndinə məxsus olmuş torpaqlarımızın zəbt edilməsi ilə heç bir halda barışmayacağıq.Biz Vahidl kənd sakinləri olaraq bəyan edirik ki, adı çəkilən qurumların və şəxslərin əsassız və qanunsuz tələbləri bizim mülkiyyət hüquqlarımızın kobud şəkildə pozulması ilə nəticələnə bilər, bu isə kəndlə-kənd arasında qardaş qırğınına və qanlı toqquşmaların əsasını qoya bilər.
Bütün qeyd etdiklərimizi nəzərə alaraq, Sizdən iki kənd arasında mümkün qarşıdurmaların qarşısının vaxtında alınmasını, Vahidli kəndinin qanunsuz zəbt olunmuş torpaqlarına mülkiyyət hüququnun bərpa olunması üçün, bu işdə əli olan şəxslərin və onların himadarlarının ciddi cəzalandırılması haqqında zəruri tədbirlərin görülməsini xahiş edirik.
Xahişimizə diqqətlə yanaşılacağına əminliklə əvvəlcədən Sizə öz dərin təşəkkürlərimizi bildiririk.
https://hurriyyet.az/az/post/icra-bascisi-memmed-memmedov-tovuzun-iki-kendini-bir-birine-dusmen-edir---muraciet-443879
Tarix: 20-02-2025, 11:08