İcra başçımız atasına, Hesablama Palatasına güvənib kef edir - Naftalan sakinləri



"Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzovun fəaliyyəti ciddi araşdırılmalıdır. Bu beş ildə icra başçısı sadə sakinlərin sosial vəziyyətlərinin yaxşılaşması istiqamətində heç bir addım atmayıb".
 
AzFakt.com xəbər verir ki, bunu bir qrup Naftalan sakini sayta ünvanladıqları şikayət məktubunda qeyd edir.
 
Sakinlər icra başçısının səyyar qəbul və görüşlərinin formal olduğunu, bu görüşlərin əsl məqsədinin fotolar çəkdirib icra hakimiyyətinin rəsmi saytına yerləşdirmək və bununla da yuxarı instansiyalarda özü barəsində çalışqan başçı təəssüratı yaratmaq olduğunu yazırlar:
 
"Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov 2024-cü ildə ümumilikdə 8 dəfə vətəndaş qabulu, 15 dəfə səyyar qəbul keçirib. Bu qəbul və səyyar görüşlərdə hansısa ciddi problemlərin həll olunduğu göstərilmir. Məsələn, 2024-cü ilin son ayında - dekabrın 19-da Qasımbəyli kəndində keçirdiyi görüşdə əhali əsasən onların həyatı, yaşamları üçün vacib olan iki problemə toxunub: yolların bərbad olması və əkin sahələrini suvarmaq üçün suyun olmaması. Uzun illərdir bu problemi gündəmə gətirən kənd sakinlərinə hər il olduğu kimi bu görüşdə də sadəcə ümid verilib".
 
Naftalanın digər kəndi olan Qaşaltı Qaraqoyunlu kəndində də problemlərin olduğu bildirilir:

"Ötən ilin dekabr ayının 6-da Vüqar Novruzovun Naftalanın ikinci və sonuncu kəndi olan Qaşaltı Qaraqoyunlu kəndində keçirdiyi görüş də sadəcə formal xarakterlidir. Belə ki, bu kənddə keçirilən görüşdə sakinlərin konkret hansı problemləri səsləndirdiyi, ümumiyyətlə görüşün kənd sakinlərinə hansı xeyri dəydiyi bilinmir. Bu isə görüşün digər səyyar qəbullar kimi sadəcə statistika xatirinə keçirildiyi anlamına gəlir".
 
Şikayət məktubunda icra başçısının atasına güvəndiyi deyilir:
 
"Vüqar Novruzovun atası Vahid Novruzov Auditorlar Palatasının sədridir. Böyük əlaqələri var. Yüksək vəzifəli şəxslərlə isti münasibətləri var. Vüqar Novruzovun özü əvvəllər uzun illər Hesablama Palatasında çalışıb. Ona görə də Naftalan şəhər icra Hakimiyyətinin fəaliyyətini heç kim yoxlamır. İki kəndin problemini 5 ildə həll edə bilməyən icra başçısı axı niyə vəzifədə saxlanılmalıdır?".
 
Qeyd edək ki, Vüqar Novruzov 2019-cu ildə Naftalan Şəhər icra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Tarix: Bu gün, 16:21
Xəbəri paylaş





Xəbər lenti