Tərtərlilər Novruz bayramını sevinclə qeyd ediblər - FOTO

Tərtərlilər Novruz bayramını sevinclə qeyd ediblər
Bu gün baharın gəlişini tərənnüm edən, birlik, bərabərlik və qardaşlıq bayramı olan
Novruz Qəhrəman Tərtərdə təntənə ilə qeyd olunub.
Tərtər Rayon İcra Hakimiyyətinin, Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər
nümayəndəliyinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə
hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının və rayon Ağsaqqallar
Şurasının sədrləri, Milli Məclisin deputatı Anar Məmmədovun köməkçisi Elçin
Cahangirov, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, İnzibati
Ərazi Dairəsi üzrə nümayəndələr, bələdiyyə sədrləri, ictimaiyyət nümayəndələri və
rayon sakinləri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Mərkəzi Meydanda Ulu Öndər Heydər Əliyevin abidəsini və
Şəhidlər Abidə Kompleksini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.
Meydana qədimi xalça-palaz sərilib, üstü bəzənib, Novruz süfrəsi qurulub.
Tədbir iştirakçıları Tarix-diyarşünaslıq muzeyinin sərgiyə çıxartdığı qədimi əşyalara,
“Bahar” sərgisinə, rayonun ümumtəhsil məktəblərinin şagirdlərinin, Uşaq Gənclər İnkişaf
Mərkəzinin bahara, Novruza həsr olunmuş rəsm və əl işlərindən ibarət sərgisinə
baxıblar.
Rayonun idmançılarının güləş, boks, kikboxing üzrə nümunəvi çıxışları, kəndirbazların
ifaları maraqla izlənilib. Yumurta döyüşən, xoruz döyüşdürən kim. Bir sözlə, Novruza
xas bütün adət-ənənələr, onun təamları- yuxa, kətə, qovurğa, aş, müxtəlif şirniyyatlar
meydanda açılmış süfrələrə düzülüb.
Müdrik el ağsaqqalı Dədə Qorqud və Bahar qızı iştirakçıları salamlayaraq, onlara xeyir-
dua verib, xoş arzularını bildiriblər. Milli paltar geyinmiş qızlar rəqs ediblər. Novruzun
əvəzolunmaz personajları olan Keçəl və Kosanın maraqlı çıxışları izlənilib, yumurta
döyüşdürülüb.
Meydanın mərkəzində rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Dədə
Qorqudla birlikdə qurulan Novruz tonqalını alovlandırıb.
Sonra tədbirdə çıxış edən rayon rəhbəri tərtərliləri bayram münasibətilə təbrik edərək,
onlara cansağlığı, ruzi-bərəkət və firavanlıq arzulayıb. Bildirib ki, Novruz bayramı
əsrlərin sınağından çıxmış, ta bu günədək gəlib çatmış milli-mənəvi dəyərlərimizi, adət-
ənənələrimizi özündə yaşadan Milli Bayramımızdır. Xalqımız min illərdir ki, Novruzun
gəlişini bayram edir.
Artıq 5 ildir ki, 44 günlük Vətən müharibəsində düşmən üzərində qazanılan möhtəşəm
Qələbə-Zəfər günü Odlar yurdu Azərbaycanımıza əbədi bir bahar gətirib. Bu baharı bizə
gətirən şəhidlərimizə Ulu Tanrıdan rəhmət diləyir, şəhid analarının qarşısında baş əyir,
qazilərimizə can sağlığı arzulayırıq.
Şəhidlərin, qazilərin, müharibə veteranlarının-Azərbaycanımızın döyüşən igid oğul və
qızlarının sayəsində uzun illərdən sonra soydaşlarımız doğulub-böyüdükləri torpaqları
ziyarət edə bildilər. Doğma Qarabağımıza-Şuşaya, Xankəndinə, Xocalıya, Ağdama,
Cəbrayıla, Qubadlıya, Ağdərəyə və digər işğaldan azad olunmuş torpaqlara gedə
bildilər. İşğaldan azad edilmiş torpaqlarımızda qalanan bayram tonqalları neçə illik yurd
həsrətimizə, nisgilimizə son qoydu, qəlblərdəki doğma yurd həsrətinin buzlarını əritdi, bir
daha düşmənə mənəvi zərbə vurdu, şəhidlərimizin ruhu şad oldu.
Azərbaycan Respublikasının Prezidenti, cənab Ali Baş Komandan İlham Əliyev 2021–ci
ildə Şuşadan–Cıdır düzündən, 2022-ci ildə Ağdərə rayonunun işğaldan azad edilmiş
Suqovuşan qəsəbəsindən, 2023-cü ildə yenidən Ağdərə rayonunun Talış kəndindən,
2024-cü ildə Xankəndindən, bu il isə Ağdərə rayonunun Həsənriz kəndindən
Azərbaycan xalqini təbrik edib, bayram tonqalını yandırıb.
Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında doğma Qarabağımız
yenidən dirçəlir, bir gülüstana çevirilir. İşğaldan azad edilmiş torpaqlarımızda, şəhər və
rayonlarımızda nəhəng quruculuq işləri başlanıb. Ağıllı kəndlər salınır, şəhərlər bərpa
edilir, uzun illər dogma ocaqlarından didərgin düşmüş məcburi köçkünlər geriyə
dönürlər.
Qoy bir daha çatılan tonqallarımız sönməsin!
Tədbirdə Bakı şəhərindən dəvət olunmuş tanınmış müğənnilər Jalə Quluyevanın, Leyla
Həmzəliyevanın, Xasay Şıxıyevin ifaları və Qarabağ Regional Mədəniyyət İdarəsinin
Tərtər nümayəndəliyi tərəfindən hazırlanan şən və rəngarəng konsert proqramı tədbir
iştirakçıları tərəfindən maraqla izlənilib.
Bayram tədbirində rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup tərtərliyə
rayon icra hakimiyyətinin və YAP rayon təşkilatının fəxri fərmanları təqdim olunub.



Tərtərlilər Novruz bayramını sevinclə qeyd ediblər
Tərtərlilər Novruz bayramını sevinclə qeyd ediblər
Tərtərlilər Novruz bayramını sevinclə qeyd ediblər
Tərtərlilər Novruz bayramını sevinclə qeyd ediblər

Tarix: 18-03-2025, 22:37
Xəbəri paylaş





Xəbər lenti