Neft-qaz ucuzlaşacaq, narkotik isə... - Maduronun oğurlanmasının tərpətdiyi “daşlar”

ABŞ Venesuela prezidenti Nikolas Maduro və arvadını dərsliklərə düşəcək xüsusi əməliyyatla oğurladı. Artıq məlumdur ki, Birləşmiş Ştatların qeyri-legitim və narkobaron saydığı Maduroya qarşı irəli sürülən ağır ittihamlardan biri də narkoticarətlə bağlıdır.
Musavat.com xəbər verir ki, Maduro bu ilin sentyabrında "Venezolana de Televisión" telekanalının efirində bildirmişdi ki, Venesuelada koka plantasiyaları və ya narkotik laboratoriyaları yoxdur və yaxın gələcəkdə ölkə ərazisindən narkotik tranziti tamamilə bağlanacaq.
"BMT-nin və bir sıra ölkələrin faktiki vəziyyəti əks etdirən və ekspert yoxlamasından keçən hesabatlarına görə, Venesuela ərazisi koka plantasiyalarından və kokain laboratoriyalarından azaddır və biz tezliklə narkotiklərin tranzitini tamamilə bağlayacağıq", - Maduro demişdi.
Bildirmişdi ki, Cənubi Amerikadan gələn kokainin 87 faizi Kolumbiya, Ekvador və Perudan Sakit Okean vasitəsilə, 8 faizi Kolumbiyanın La Quajira departamentinin Karib dənizi sahilləri ilə, cəmi 5 faizi isə Venesuela ərazisindən daşınmağa cəhd edilib, bunun 70 faizi ələ keçirilib. Maduro son illərdə narkotik ticarəti üçün istifadə edilən 402 təyyarənin zərərsizləşdirildiyini və Venesuelanın tezliklə öz ərazisindən narkotik tranzitini tamamilə əngəlləyəcəyini açıqlamışdı.
Belə olan halda sual yaranır - Venesuela başçısının həbsi dünyadakı narkoticarətə, narkotik vasitələrin dövriyyəsinə necə təsir edəcək, yoxsa Amerikanın hədəfi əslində Venesuela neftidir?
“Venesuela rəhbərliyinin həbsi qlobal narkoticarət sisteminə son qoymayacaq, amma onu sarsıdan ciddi geopolitik siqnaldır”.
Bu sözləri Musavat.com-a deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib. Onun sözlərinə görə Venesuela illərdir narkotik istehsalçısı yox, dövlət səviyyəsində qorunan tranzit ölkə kimi çıxış edirdi. Bu mexanizmin dağılması isə narkotrafikin rahatlığını pozur:
“Qısa müddətdə bazarda xaos və bahalaşma, orta müddətdə isə marşrutların dəyişməsi gözlənilir. Narkotik axını Venesueladan Ekvadora, Braziliyaya, Meksika kartellərinin nəzarət etdiyi xətlərə yönələcək. Yəni dövriyyə azalmaqdan çox, yer dəyişə bilər”.
Arzu Nağıyev bildirib ki, Venesuelada narkomafiyalarla dövlət arasında qurulmuş gizli ittifaq sezilirdi. Bu isə qlobal narkoticarət üçün ən təhlükəli tendensiya hesab olunur: “Maduro Vaşinqton üçün sadəcə avtoritar lider deyil. O, narkotik tranzitinin dövlət səviyyəsində himayə olunduğu sistemin simvolu kimi təqdim edilir. ABŞ-ın rəsmi ittiham aktlarında Venesuela hakim elitasının narkodövlət mexanizminin tərkib hissəsi olduğu açıq şəkildə göstərilir. Yəni məsələ bütöv bir şəbəkənin ifşasıdır. Bununla narkotik bazarının çökəcəyini gözləmək doğru deyil. Narkotik ticarəti fərdi liderlər üzərindən deyil, regional marşrutlar və himayədar strukturlar üzərindən idarə olunur. Maduro bu zəncirin vacib halqalarından biri ola bilərdi, amma yeganə halqası deyildi. Onun sıradan çıxarılması Kolumbiya-Venesuela-Karib marşrutu üzrə müəyyən qısamüddətli xaos yarada bilər. Qiymətlər arta, bəzi kanallar bağlana bilər. Amma bazar boşluğu uzun çəkməyəcək, yerini başqaları tutacaq. ABŞ bu əməliyyatla Latın Amerikasındakı narkosistemin dövlət səviyyəsində toxunulmazlığını aradan qaldırdı. Bu isə kartelləri daha gizli, daha aqressiv və daha riskli davranmağa məcbur edəcək”.
Arzu Nağıyev bildirib ki, əsl strateji məsələ Venesuela neftidir: “Narkotik ittihamı Madiroya qarşı atılan addımları legitimləşdirmək istəyindən yaranır. Əsas hədəf neft məsələsidir. Venesuela sübut olunmuş neft ehtiyatlarına görə dünyada birincilər sırasındadır. Maduro rejimi isə bu resursu illərdir ABŞ-dan kənar oyunçulara - Rusiya, Çin, İran kimi aktorlara açmışdı. Bu, Vaşinqton üçün sadəcə iqtisadi yox, enerji təhlükəsizliyi problemidir. Maduronun oyundan çıxarılması Venesuelada ABŞ-a yaxın hakimiyyətin formalaşmasına, sanksiyaların mərhələli yumşaldılmasına, Venesuela neftinin yenidən qlobal bazara çıxmasına yol açacaq.
Bu baş verərsə neft təklifi artacaq, OPEC+ daxilində balanslar silkələnəcək. Yəni Maduro həbsi enerji bazarını tərpədən hadisədir. Onun həbsi ilə narkotik ticarəti dayanmayacaq, sadəcə şəkil dəyişəcək. Venesuela nefti isə böyük ehtimalla yenidən qlobal oyuna qaytarılacaq. ABŞ bir daşla iki hədəfi vurub - bir tərəfdən narkodövlət narrativi ilə legitim əsas yaradır, digər tərəfdən isə neft üzərində nəzarəti geri almaq üçün geopolitik meydanı təmizləyir”.
E.MƏMMƏDƏLİYEV
Tarix: 5-01-2026, 16:44