Səudiyyə Ərəbistanı, Qətər və Türkiyə müdaxiləyə qarşı çıxır-TƏHLİL



BƏƏ və İordaniya İrana dərhal hücum üçün hər cür hərbi, iqtisadi və kəşfiyyat dəstəyi verməyə hazır olduqlarını açıqlayıblar. Regiondakı digər ölkələr isə tərəddüd edir. Xüsusilə Səudiyyə Ərəbistanı, Qətər və Türkiyə müdaxiləyə qarşı çıxır.

ABŞ Prezidenti Donald Trampın rəhbərlik etdiyi administrasiyanın daxilində vitse-prezident Ceyms Devid Vens, dövlət katibi Marko Rubio və müdafiə naziri Pit Heqset, həmçinin Böyük Britaniya, İsrail və BƏƏ Vaşinqtonu dərhal hücuma çağırır, dəstəyə hazır olduqlarını bildirirlər. Digər tərəfdən, Trampın kürəkəni Cared Kuşner, ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff belə bir hücuma qarşı çıxır.

Türkiyə ABŞ-a bildirib ki, İrana hücumda iştirak etməyəcək, lakin kürd məsələsində Tehrana kəşfiyyat dəstəyi verməyə davam edəcək.

BƏƏ və İordaniyanın açıq şəkildə “dərhal hücum üçün hər cür dəstəyə hazırıq” mövqeyi nümayiş etdirməsi təsadüfi deyil. Hətta deyərdim, gözlənilən bir addım idi. İordaniya əslində bir müddətdir ki, İrana qarşı cəbhə alıb. “Hizbullah”ın uzun müddət İordaniyaya sızmaq cəhdləri, habelə İran–İsrail qarşıdurmasında Tehranın İordaniya hava məkanını pozaraq İsraili vurması kimi insidentlər gərginliyi artırıb. Hətta rəsmi Amman neytrallıqdan çıxaraq, İsrailin İrana zərbələrinə göz yumub. Digər tərəfdən, İranın İsrailə zərbələri zamanı raketləri havada tutmaqla de-fakto cəbhənin bir hissəsinə çevrilib.

BƏƏ isə uzun müddətdir İranı Körfəz təhlükəsizliyinin əsas struktur təhdidi kimi görür və bu baxımdan ABŞ-la hərbi koordinasiyaya gedir. Yəni hər iki ölkənin İrana müdaxiləyə dəstək vermək üçün kifayət qədər səbəbi var.

Lakin əsas məsələ bu iki ölkənin mövqeyindən çox, ABŞ-ın seçdiyi müdaxilə modelidir. Əvvələr qeyd etdiyim kimi, ABŞ İrana hərbi müdaxilə etmək istəmir. Daha dəqiq desək, Vaşinqton açıq şəkildə İraq və Əfqanıstan ssenarisinin təkrarlanmasından ehtiyat edir, çünki bu, çox xərcli bir prosesdir. Yəni tammiqyaslı işğal, böyük sayda ABŞ quru qoşunu və uzunmüddətli hərbi öhdəliklər planın mərkəzində deyil.

Əksinə, ABŞ hava, dəniz, raket və kəşfiyyat üstünlüyünü təmin edib, quru komponentini regional aktorların üzərinə yükləmək istəyir. Bu, həm daxili siyasi riskləri azaltmaq, həm də münaqişəni “regional təhlükəsizlik problemi” kimi çərçivələmək strategiyasıdır.

Lakin bu nöqtədə bir sıra ciddi problemlər ortaya çıxır. Belə ki, regionun real hərbi ağırlıq mərkəzləri prosesə daxil olmadan belə bir müdaxilənin uğur şansı çox aşağıdır. İordaniya və BƏƏ siyasi jest və məhdud əməliyyatlar üçün uyğundur. Hətta BƏƏ müharibənin sponsoru belə ola bilər. Amma İran kimi ərazi, əhali və hərbi dərinliyə malik bir dövlətə qarşı balans dəyişdirəcək gücə malik deyillər. Bu səbəbdən ABŞ üçün həlledici olan Səudiyyə Ərəbistanı, Türkiyə, Misir və Suriyanın mövqeyidir. Məhz bu ölkələr olmadan qurulacaq koalisiya daha çox simvolik xarakter daşıyır.

Burada Türkiyənin mövqeyi xüsusi əhəmiyyət kəsb edir. Ankara İranda xaos istəmir, eyni zamanda ABŞ–İsrail oxunun tam nəzarətində olan bir İran ssenarisini də öz maraqlarına zidd sayır. Türkiyə üçün optimal vəziyyət İranın nə çökməsi, nə də güclənərək normallaşmasıdır; daha çox idarə olunan, məhdudlaşdırılmış və regional balansı pozmayan İran modeli üstünlük təşkil edir. Bu səbəbdən Türkiyənin hərbi müdaxiləyə qarşı çıxması, amma paralel olaraq kürd məsələsində İranla kəşfiyyat əməkdaşlığını davam etdirməsi anlaşılandır. Ankara İraqa müdaxilə zamanı nələr etmişdisə, İrana mümkün müdaxilə zamanı mövqeyi belə olacaq.

Səudiyyə Ərəbistanı və Qətərin tərəddüdü də eyni məntiqdən qaynaqlanır. Riyad İranla açıq müharibənin Körfəzdə nəzarətsiz eskalasiyaya, enerji infrastrukturuna zərbələrə və daxili sabitliyə risk yaradacağını anlayır. Qətər isə ABŞ-la yaxın müttəfiq olsa da, diplomatik vasitəçi rolunu itirmək istəmir. Bu ölkələrin ehtiyatlı davranışı Vaşinqtonun manevr imkanlarını ciddi şəkildə məhdudlaşdırır.

Suriya məsələsi isə ayrıca diqqətə layiqdir. Hazırda Dəməşqin daxili problemlərlə məşğul olması onun birbaşa iştirakını çətinləşdirir. Lakin ABŞ-ın kürdlərlə bağlı ritorikasının yumşalması və İsrailin Suriyadakı əməliyyatlarını nisbi şəkildə azaltması Vaşinqton və Təl-Əvivin Dəməşqi ən azı dolayı yolla prosesə cəlb etmək istədiklərini göstərir.

Hesab edirəm ki, ABŞ hələlik İrana diplomatiya pəncərəsini bağlanmaq üzrə olduğu mesajını verir. Lakin özü bir yandan regiondakı əsas aktorları prosesə cəlb edərək B planına hazırlaşır. Əgər Səudiyyə Ərəbistanı və Türkiyə xətti dəyişməzsə, ABŞ-ın İrana qarşı genişmiqyaslı hərbi müdaxiləyə getməsi çox riskli və baha başa gələn seçim olaraq qalacaq. Bu da ehtimalı artırır ki, yaxın perspektivdə tam müharibədən çox, məhdud zərbələr görəcəyik.
Müəllif: Turan Rzayev,
Azsiamaz.com
Tarix: Bu gün, 14:37
Xəbəri paylaş





Xəbər lenti