Gəncə Regional Kollecdə müəllimlərə təzyiq: Dərs yükünə imza atmayanlara maaş verilməyəcək – rəhbərlikdən susdurma cəhdləri
Gəncə Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Regional Kollecdə baş verənlər müəllimlər arasında ciddi narazılığa səbəb olub. Redaksiyamıza daxil olan məlumata görə, müəllimlərə dərs yüklərinə imza atmaq üçün təzyiqlər göstərilir və imtina edənlərə qarşı hədə dolu xəbərdarlıqlar edilir.Fənn birləşmə komissiyasının (FBK) sədri Sevda Qarayevanın “Müşayiət” adlı inzibatçıların daxil olduğu qapalı WhatsApp qrupunda yazdığı mesajda müəllimlərə açıq şəkildə bildirilib ki, imza etməyənlərin maaşı verilməyəcək, onlar haqqında təqdimat yazılacaq və akt tərtib olunacaq. Bu isə birbaşa əmək hüquqlarının pozulması kimi qiymətləndirilir. Müəllimlər bu addımın həm əmək münasibətlərinin zorakı şəkildə tənzimlənməsi, həm də şifahi və yazılı təzyiqlərlə məcburiyyət yaratmaq olduğunu bildirirlər.

Mənbələrdən aldığımız məlumata görə, məsələ ilə bağlı mediada xəbər yayımlandıqdan sonra kollecin rəhbərliyi dərhal hərəkətə keçib. Müəllimlər ayrıca otaqlara çağırılaraq həmin yazıların silinmədiyi təqdirdə onların barəsində məhkəməyə müraciət ediləcəyi, yaxud əmək müqavilələrinin ləğv ediləcəyi ilə hədələniblər. Bəzi müəllimlər isə psixoloji təzyiqə məruz qaldıqlarını, “bu sistemlə mübarizə apara bilməzsən” kimi ifadələrlə susdurulmağa çalışıldıqlarını bildiriblər.
Müəllimlərin adından edilən müraciətdə bildirilir ki, bu cür hədələr təhsil mühitində azad və sağlam əmək münasibətlərini zədələyir, qanuni hüquqları pozur və müəllim nüfuzunu sarsıdır. Onlar bu halların təkrarlanmaması üçün məsul qurumlardan müdaxilə və araşdırma tələb edirlər.
Xatırladaq ki, Sevda Qarayevanın imzası olmayan müəllimlərin dərs bölgüsündən kənarlaşdırılacağına dair mesajı sübut kimi arxivləşdirilib və ehtiyac yaranacağı halda aidiyyəti orqanlara təqdim olunacağı qeyd edilir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

BakuNews.az
Tarix: Bu gün, 12:49